Sağlamlıq (12-04-2016, 15:14)
Antibiotik verilmiş heyvanların əti təhlükəlidirmi?
Mediatv.az xəbər verir ki, “The Daily Telegraph” qəzeti yazır ki, son vaxtlar dünyanın aparıcı qəlyanaltı provayderləri, kafe və restoranlar xəstəliklərə qarşı antibiotiklər vurulmuş heyvanların ətindən istifadəni azaltmaları üçün təzyiq altındadır.
Qəzet yazır ki, Londonun qüdrətli investorlarından ibarət qrup McDonald’s, Domino’s Pizza, Burger King, JD Wetherspoon və başqa şirkətləri öz məhsullarında antibiotikli heyvanların ətindən istifadəni kəskin azaltmağa çağırıb.
Ekspertlər narahatdırlar ki, antibiotik vurulmuş heyvanların ətinin istehlakı insanlar arasında dərmanlara müqavimətli virus və bakteriyaların yayılmasına səbəb olur. İnvestorları isə narahat edən budur ki, antibiotik verilmiş heyvanların ətindən geniş istifadə onların sərmayə qoyduqları iaşə şirkətlərini böhranlı vəziyyətə sala bilər.
Bir çox ekspertlər inanırlar ki, toyuq-cücəyə, habelə iri və xırda buynuzlu heyvanlara antibiotiklərin verilməsi onların ətini insanlar üçün təhlükəli edir. Beləki, belə ətin davamlı istehlakı insanları müxtəlif yoluxucu xəstəliklərin qarşısındfa tərk-silah edir.
“Antibiotiklərimizi xilas edin”
Bu yaxınlarda Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalaraq bildirmişdi ki, bakteriyaların antibiotiklərə müqavimətinin artması nəticəsində böhranlı vəziyyət yarana bilər.
Təşkilatın fikrincə, belə bakteriyaların artması bir çox xəstəlikləri müalicəsiz edir. Avropa İttifaqının hesablamalarına görə, Avropa qitəsində hər il 25 min insan antibiotiklərə müqavimətli infeksiyalardan vəfat edir.
“The Telegraph” yazır ki, Britaniyada əti yeyilən hevanlara antibiotiklərin verilməsi 1970-ci illərdən qadağan edilsə də, böyük təsərrüfatlarda ətə tələbatın artması ilə bağlı belə preparatlardan hələ də istifadə olunur.
Ən qorxulusu budur ki, fermerlər heyvanlara getdikcə daha çox insanların da qəbul etdiyi antibiotiklərdən verirlər.
Britaniyadakı Antibiotiklərimizi Xilas Edin Alyansı (Alliance To Save Our Antibiotics) bildirir ki, hazırda Birləşmiş Krallıqda heyvanlara bütün mövcud antibiotiklərin 45 faizi verilir. ABŞ-da isə bu rəqəm 80 faizə çatır.
Baytarlar razı deyillər
DST bildirir ki, heyvanlara antibiotiklərin verilməsi salmonella, bağırsaq çöpü, “campylobacter” və metisilin müqavimətli qızılı stafilokok bakteriyalarının antibiotiklərə dözümlü növlərinin yaranmasına səbəb olur.
Ən təhlükəli məqamlardan biri də budur ki, bu xəstəliklərin əksəriyyəti insanlara elə xəstə heyvanların ətinin istehlakı zamanı yoluxur. “The Telegraph” yazır ki, ötən il Britaniya supermarketlərində satılan donuz ətindən antibiotiklərə müqavimətli stafilokok bakteriyaları aşkar edilib.
Ekspertlər bildirirlər ki, belə bakteriayalar insanın bağırsaq sistemində böyük koloniyalar yarada bilsə də, bir müddət özünü büruzə verməyə də bilər. Lakin Britaniya Baytarlar Assosiasiyası bildirir ki, insanlarda antibiotiklərə dözümlü bakteriyaların yaranmasına səbəb heyvanldarlıqda yox, insan səhiyyəsində işlədilən antibiotiklərlə bağlıdır.
“The Telegraph” yazır ki, ekspertlər superbakteriayaların yayılmasının qarşısını almaq üçün fermer təsərrüfatlarında antibiotiklərdən istifadəyə nəzarətin artırılmasını istəyirlər.e“Maşın sürən qadınlar zorlana bilər”
The İndependent” yazır ki, Səudiyyə Ərəbistanın ən yüksək vəzifəli ruhani xadimi qadınlara maşın sürməyin qadağan olunmasını bir daha müdafiə edib. Böyük Müfti Şeyx Əbdül Əziz bin Abdulla əş-Şeyx deyib ki, maşın sürən qadınlar “şərin toruna düşə bilərlər”.
Əlməcd telekanalına müsahibəsində şeyx bildirib ki, “zəif iradəli kişilər” və “qadın düşkünləri” maşın sürən qadınlara təhlükə yarada bilər. Böyük mufti bir də bunu əlavə edib ki, qadınlar maşın sürsələr, onların harada olduqları barədə xəbər tutmaq çətin olar. “The İndependent” yazır ki, Səudiyyədə qadınların maşın sürməsinə qadağan kəskin məsələlərdən biri olaraq qalır.
Ötən il qadın haqları fəalı Luceyn əl-Hatlul qadağana baxmayaraq Birləşmiş Ərəb Əmirliklərindən Səudiyyə Ərəbistanına maşın sürdükdən sonra 10 həftə azadlıqdan məhrum edilmişdi.
Səudiyyə ötən il ilk dəfə olaraq qadınlara seçkilərdə iştirak hüququ versə də, qadınlar bu ölkədə əksər hüquqlardan məhrumdurlar. Ötən ilin fevralında mühafizəkar tarixçi Saleh əs-Səədun qadınlara maşın sürməyin qadağanını belə izah etmişdi ki, onların maşınları yolda xarab olub qalsa, onları zorlaya bilərlər.
Maraqlıdır ki, Səudiyyədə qadınlara maşın sürmək nəzəri cəhətdən qadağan edilməsə də, onların sürücülük vəsiqəsi alması qeyri-mümkündür. Məhz bu vəziyyətə görə qadınların maşın sürməsinə qarşı çıxan mühafizəkarların narahatlığı bir az da təəccüb doğurur.
(bbc azəri)