Region (25-11-2014, 22:03)
“Cibinə salıb atamı tutdurdular”- Sevda Ələkbərzadə ilə müsahibə
“Mediatv.az” kulis.az-a istinadən “Atamın xatirəsi” layihəsində yazıçı Çingiz Ələkbərzadə barədə onun qızı, müğənni Sevda Ələkbərzadə ilə müsahibəni təqdim edir:
- Sevda xanım, yazıçı Çingiz Ələkbərzadənin ailəsində necə bir mühit var idi? Hələ babanız Əbülhəsən də yazıçı idi…
- “Baksovet”də evimiz var idi. Babamgillə eyni meydançada. Sonra atamın işi ilə əlaqədar İsmayıllıya köçdük. Babam da bizimlə idi. Sonra babam rəhmətə getdi. Nənəm əlbəttə, bizimlə qaldı…
Atam azadlığı sevən bir insan idi. Evdə oturduğunu heç görməmişdim. Hər zaman iş başında idi. Özümdən bilirəm ki, yaradıcı adamlar gecə işləməyi sevir. O da gecələr oyanıb səhərə kimi yazı makinası ilə işləyirdi. Səhərlər isə atamın ifasına oyanırdım; adətən adamı yuxudan kal oyadanda kefi pozulur, əsəbiləşir, amma mən gülümsəyirdim - atamın gözəl səsi var idi, həm də musiqini ədəbiyyatdan az sevmirdi.
Atamın dostları çox idi, deyib-gülən adam idi, amma ailədə çox ciddi idi. Onu sevirdik, həm də ondan çəkinirdik.
- Atanızı yazıçı kimi ilk dəfə hansı əsərindən tanıdınız?
- Səhv etmirəmsə, “Vulkan” əsərindən... Hətta uşaq vaxtı bacımla o əsərdən kiçik səhnəciklər oynayırdıq. Mən rus məktəbində oxumuşam, o isə Azərbaycan dilində yazırdı. Həmişə narazı idi ki, niyə mən rus məktəbində oxuyuram…
- Çingiz Ələkbərzadə ədəbiyyatda ilk növbədə mövzu fərqliliyi ilə seçilib. Bəzən onun həbsini bu mövzulara bağlayırlar. Bu həbs necə oldu, nələr baş verdi?
- Atam realist yazıçıdır. Həmişə gördüklərini yazıb. O, həm də yeddi rayonun müxbiri idi və sırf jurnalist fəaliyyətinə görə həbsə düşdü. O zaman bircə televiziya – Az TV var idi və mənim atam kimlərinsə xoşuna gəlməyən bir süjet hazırladı. Ona görə də tutdular. Sifariş yuxarıdan gəlmişdi, yalançı şahidlər də var idi. Düzdür, sonra bəraət qazandı, ondan üzr istədilər hətta, amma 2 il yarım həyatı getdi. Atam kimi bir adam üçün bu, böyük faciə idi. Həm də bu həbs elə bir vaxtda oldu ki… Babam Əbülhəsən rəhmətə getmişdi, heç qırxı da çıxmamışdı… Bilirsiniz, mənim babam nüfuzlu yazıçı idi, deyirdilər ki, nə qədər Əbülhəsən sağdı, Çingizə toxuna bilmərik. Elə babam ölən kimi, heç 40-ı da gözləmədən atamı tutdurdular. Guya atam rüşvət alıbmış – 400 rubl. Cibinə salıb çıxardılar. Ad çəkmək istəmirəm, amma elə onda məlumatımız var idi . Bilirsiniz, sizdən bir şey soruşum, hamının üzünə gülən, hamıya yaltaqlanan, hamını sevən, hamı ilə gözəl münasibətdə olan adamın başına belə şey gələr? Mənim atam elə adamlardan deyildi…
Amma bütün hallarda ailəmiz üçün ağır oldu. 3 uşaqla anam qaldı tək…
- Atanız tutulanda neçə yaşınız var idi?
- İkinci sinifdə oxuyurdum. 1986-cı ildə tutmuşdular. 1988-də çıxdı. Hər şey dəqiqliyi ilə yadımdadır. Nənəm depressiya keçirirdi.
Atamla işləyən bir operator var idi, yaxın idilər, sonra onu da qorxutdular, o da üzünə durdu. Atam həbsdən çıxanda gəlib üzr istədi, diz üstə düşüb dedi ki, bağışla, məni qorxutdular, heç nə edə bilmədim… Nə bilim, insanıq dəə…
- Həbsdə olanda getmişdiniz yanına?
- Gedirdim. Anam atama həmişə dəstək olub. Heç olmadı ki, atamı tək buraxsın.
- Həbsdən sonra atanız dəyişmişdi?
- Əslində çox dəyişmişdi. Şərə düşmək insanı çox qırır. Nahaq pis şeydir. Təbii ki, oradan çıxanda tam başqa bir adam idi. Bir az aqressivləşmişdi, bir az həyatdan küskün idi. İnsan başa düşür ki, bu dünyada ədalət yoxdur. Noolsun ki, bəraət verdilər, 2 il yarım həyatını geri qaytardılar? Yox.
- Deyirlər, “Dünyanın qopduğu yer”də ona şər atanların obrazını yaradıb?
- O roman babam Əbülhəsənin “Dünya qopur” əsərinin davamı kimi yazılıb. Atam həmişə gördüklərini yazıb. “Qumarbaz”da, “Vulkan”da, “Dünaynın qopduğu yer”də, “Zindan”da – hamısında. Siz bayaq düz dediniz, onun mövzuları fərqli idi. Mən ədəbiyyatçı deyiləm, bu prizmadan danışa bilmərəm. Amma deyə bilərəm ki, atamın kitabı 30 min tirajla çıxırdı və bir neçə günə satılıb qurtarırdı…
…Belə baxanda hansı yazıçıların, hansı rəssamların gözəl həyatı olub ki? Hamısının əziyyət çəkdiyi anlar olub. Bu əziyyətlər sənətlə bağlıdır. Atam həbsə düşəndən sonra nə qədər kitab yazdı. Onsuz da hamımız bir vaxt dünyadan gedəcəyik, amma kitablar qalacaq. Atam 40-50 yaşına kimi çox gözəl həyat sürüb. Babam SSRİ Yazıçılar Birliyinin üzvü idi, yadımdadır, Moskvaya gedəndə bizi musiqi ilə qarşılayırdılar. Heyf ki, axırda belə oldu. Adamda illər getdikcə, yanğı olur ki, niyə onunla belə oldu? Niyə yaradıcı bir adam kiminsə vəzifəsinə görə həbsdə yatmalıdır? O vəzifə ki, onu tutan adam unudulur, amma sənətkar unudulmur...
Bacım da mən də, eyni sahə olmasa da yaradıcılıqla məşğuluq və onun sənətini davam etdiririk. Nə qədər ki mən yaşayıram, atam mənimlə yaşayır. Hər səhnəyə çıxdığımda atam mənimlədir. Mən belə fikirləşirəm.
...Atam şair deyil, yazıçıdır, amma “Türmə mənim ahımdır” kitabında çox gözəl şerləri var. Onu da deyim ki, “İntro” adlanan yeni albomum atamın sözlərinə bəstələdiyim musiqini salmışam. Mahnı “Salam, Allahım!” adlanır. İlk dəfədir ki, atamın şeirinə mahnı oxuyuram - Buna heç mahnı da demək olmaz, əsər deyim. Mahnıya adətən yüngül şeirlər gəlir, amma onlar fəlsəfi, ağır şerlərdir, musiqiyə çətin oturur…
- Həbsdən çıxandan sonra atanız nə işlə məşğul oldu?
- “Azərnəşr”də işləyirdi. Əvvəl Az TV-də işləmişdi, düzdü, ora qayıtdı. Amma orada əvvəlki kimi deyildi. Bizdə belə qayda var: adam bir az dara düşsə, heç kimi yanında tapmaq olmur. Bizim insan əlindən yer olmayan evimizə atam həbsə düşəndən sonra heç kim gəlmədi. Həbsdən çıxanda da ortada yox idilər. İllər keçdi, mən efirə çıxdım, yenə toplaşdılar evimizə. Amma mənim yadımda idi axı hamısı...
- Yazıçı dostları kim idi?
- Dostları o qədər çox idi, heç indi sadalayıb çatdıra bilmərəm, amma o həbsə düşəndən hamısı yox oldu. Bəlkə də kimsə gəlib, amma mən görməmişəm. Atam əl tutan adam idi, yaxşılıq edən idi, amma sonra insanlara inamı itdi. Məncə yaxşılıq itmir. Məsələn, atamın kiməsə etdiyi yaxşılığı başqa insanlar başqa yerlərdə bizə qaytarırlar yəni...
- Dustaq yoldaşları dostları var idi?
- “Limanda” mahnısını yazan bəstəkar Rəşid Nəsiboğlu ilə dostluq edib. Atam danışırdı ki, türmədə özünə taxtadan piano düzəldib çalırmış...
- Çingiz Ələkbərzadənin xəstəliyi nə idi, nədən vəfat etdi?
- Stressdən, əsəbdən səhhətində problem yarandı. Skleroz deyirdilər, amma mən son vaxtlar oxudum ki, bu Parkinson xəstəliyi imiş. Hər şeyi unudurdu. Amma kim olduğunu heç vaxt unutmadı.
Həbsdən çıxanda o xəstəlik onda başlamışdı. Əvvəlcə, biz başa düşmürdük, elə bilirdik stressdəndir. Amma illər sonra xəstəlik şiddətləndi, skleroza çevrildi. Onda biz anladıq ki, atam elə həbsxanadan o xəstəliklə çıxmışdı. Həkimə də aparmaq mümkün deyildi, imtina edirdi. 1999-cu ildə vəfat etdi.
Mən oxumuşam ki, bir çox yazıçılarda belə xəstəlik olub. Mənim babam da, babamın qardaşı da skleroz idi. Hətta qorxurdum ki, mən də elə olaram, amma deyəsən bu xəstəlik yalnız kişilərə keçir. İndi baş verən hər şeyi unudurdu amma illər əvvəlin hadisələri yadında idi.
- Son günlərini, vəfat etdiyi günləri necə xatırlayırsınız?
- Ona dərmanlar verirdilər ki, sinir sistemi sakit olsun. Üzündə qəribə nur əmələ gəlmişdi. Bir həftənin içində vəziyyəti pisləşdi. Mən çıxışdan gəlmişdim, gördüm təcili yardım çağırıblar... Bilirsiniz, atam dünyadan kişi kimi getdi. Biz onun ətrafında oturub qorxudan əsirdik. O isə bizə deyirdi ki, qorxmayın. Bir də dedi ki, gedirəm e... Gözləri aydınlandı, hiss elədim ki, yaddaşı qayıdıb. Üzündə bir damcı da qorxu yox idi...
- Həbsxanadakı günlərindən nə danışırdı? İncitmək filan...
- Yox, onun orada çox böyük hörməti var imiş, “Şair” çağırırmışlar. Onun xətrini o qədər istəyirlərmiş ki... Deyəsən, Ağdamın prokuroru restorana aparıb qonaq etmişdi onu. Məhbusa qarşı belə münasibət harada görünüb? Bilirsiniz, kişi hər yerdə kişidir. Həbsxanada da, azadlıqda da... Hər kəs bu situasiyaya düşə bilər. Əsas odur ki, sən o situasiyadan necə çıxacaqsan? Kişi kimi, yoxsa alçaq kimi? Mənim atam ilk növbədə kişi olub, mərd olub, heç kimi satmayıb, heç kimə pislik etməyib. Atamla fəxr edirəm.
- Çap olunmayan əlyazmaları qaldımı?
- Son illərdə bir kitab yazmaq istəyirdi: “Mən kiməm?” adında. O kitabdan bir iki səhifə yazdı, yarımçıq qaldı. Yəqin ki, avtobioqrafik bir kitab olacaqdı. Atamın yubileyi olanda Yazıçılar Birliyi ilə danışdıq ki, əsərləri latın qrafikası ilə çap olunsun. Danışdıq, amma heç mən də bu işin dalınca getmədim. Vaxt lazımdı, məşğul olmaq lazımdır. Öz-özünə heç nə olmur...
- Sizin oxumağınıza münasibəti necə idi?
- Oxumağımı bəyənirdi, amma səhnəyə çıxmağımı istəmirdi. Evdə bunun üstündə mübahisələrimiz olurdu. Hərəmiz bir tərəfdən yalvarırdıq. Axırda razılaşdı. Dedi ki, allah sənə səs verib, səndən onu ala bilmərəm, get oxu... O, başa düşürdü ki, mən səhnəyə özümü göstərməyə yox, musiqini bildiyim və sevdiyim üçün çıxmaq istəyirəm. Bir dəfə gördüm ki, o, oturub mənim oxuduğum “Dəli ceyran” mahnısına qulaq asa-asa ağlayır... O, görmədi ki, mən onu gördüm...
Vətənini sevən adam idi. Başqa yerə köçməkdən danışmaq belə istəmirdi. Tez-tez deyəsən Musa Yaqubdan bir misranı deyirdi: “Bəlkə də borcundan çıxmadım, Vətən…” Onun əsərinə film çəkmək istəmişdilər, azərbaycanlı yox, rus aktyorları çəkirlər deyə razılaşmamışdı. Halbuki oradan alacağımız qonorara ehtiyacımız var idi.
- Özünüz ədəbiyyatla nə qədər maraqlanırsınız?
- Çox maraqlıdır mənə ədəbiyyat. Uşaqlıqdan düşünürdüm ki, müğənni olmasaydım, ya yazıçı, ya da jurnalist olacaqdım. Hərdən belə xırda hekayələr, şerlər də yazıram. Əvvəllər əsər-filan daha çox oxuyurdum. Son vaxtlar vaxtım yoxdur elə də. Başım musiqiyə qarışıb...
Xorxe Lui Borxesi çox sevirəm, əsərlərində dərindir. Bir də, əlbəttə ki, Heminqueyi. Azərbaycan ədəbiyyatında sevdiyim şair Ramiz Rövşəndir. Ruhən mənə çox yaxındır. Bəlkə də cavan şairlərdən mənim xəbərim yoxdur. Elçin Səfərlini tanıyıram, oxuyuram. Ramiz Rövşəni atam da çox sevirdi.