Region (31-03-2018, 12:20)
Füzulidə 31 Mart soyqırımı qurbanları anıldı
Horadiz şəhərində 31 mart Azərbaycanlıların Soyqırımı Qurbanlarının anım mərasimi keçirilmişdir.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım və qətliamlar barədə məlumat vermişdir. Alı Alıyev vurğulayıb ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Alı Alıyev deyib: “31 mart təqvimi son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, soyqrıma və repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar.”
Alı Alıyev bildirib ki, təkcə ötən əsrdə erməni vandalları tərəfindən Azərbaycanlılara qarşı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) etnik təmizlənmə və deportasiya, soyqırımı həyata keçirilib.
- “Lakin uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış və erməni vəhşiliyinə siyasi qiymət verilməmişdir. Yalnız Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirildi. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Hazırda Heydər Əliyev Fondu tərəfindən 31 mart azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm işlər görülür”.
Digər çıxış edənlər ermənilərin yüzillər boyu xalqımıza qarşı törətdikləri cinayətlər, soyqırımlar barədə geniş məlumat veriblər.