Region (19-01-2017, 11:46)
Elmir Əkbər: “Xarici kəşfiyyatlar Azərbaycanda psixoloji proqramlar hazırlayır”
Tanınmış psixoterapevt: “Alın yazısı, tale qəbulolunmaz şeylərdir”
““Seks” sözü gələndə gözlər bərəlir, qulaqlar şəklənir”
Mediatv.az: Tanınmış psixoterapevt Elmir Əkbər Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
-Elmir bəy, öncəliklə, başlayaq intensiv səfərlərinizdən. Deyəsən, bilikləriniz daha da təkmilləşdirmək üçün Avstriyaya, Çexiyaya, Rusiyaya tez-tez gedirsiniz. Sizdən nəsə kəşf gözləyəkmi?
-Bütün elm sahələri inkişaf edir. Ancaq bizim sahə daha intensiv inkişaf edir. Çünki bizim sahə insanın bütün həyatını, varlığını, digər fəaliyyət növlərini əhatə edir. Ona görə də, inkişaf etmiş ölkələrdə psixoterapiyaya, psixoloji araşdırmalara daha çox investisiya yatırırlar. Bu sahəni qaydasına qoymaqla digər sahələri də inkişaf etdirmək mümkündür. Bu tempdən geri qalmamaq üçün təcrübə mübadiləsi, təhsil çox vacibdir. Hal-hazırda Sankt-Peterburqda Bexterev Universitetinin proqramı üzrə təhsilimi davam etdirərəm. Professional hazırlıq deyilən bir təhsil metodu var. Bu, diplomdan sonrakı təhsildir. Deyilənə görə, Azərbaycandan birinci adamam ki, bu təhsilə gedən insanam. Düzdür, başqa proqramlar üzrə təhsil alanlar olub. Amma 900 saatlıq bu təhsili almaq üçün Azərbaycandan ilk olaraq mən getmişəm. Bu, çox vacibdir.
Eyni zamanda Avstriyada, Vyanada Psixoterapiya Universitetinin proqramı üzrə təhsil alıram. Bəxtim onda gətirib ki, ünsiyyət qurmaq bacarığım, dil bilgilərim sayəsində müəyyən layihələrə qatıla bilmişəm. Mənim üçün ilk yaşıl işıq yandıran ABŞ Dövlət Departamentinin təcrübə layihəsi idi. Onların sayəsində ilkin olaraq bu yola qədəm qoydum, təhsilimi davam etdirdim. Bundan başqa ABŞ-ın, Norveçin, Avstriyanın, Çexiyanın başqa proqramları da oldu. Sonradan bunlara da qoşuldum. Bu təhsilləri alan zaman mən özüm də xərc çəkirəm. Amma əsasən, onların təqaüd proqramları sayəsində təhsil alıram.
Sizin dediyiniz kəşf məsələsinə gəlincə. Əslində mən nəyisə kəşf etmək uğrunda çalışmıram. Sadəcə olaraq həqiqi mütəxəssis kimi düzgün yetişmək, keyfiyyətli xidmət göstərməyi qarşıma məqsəd qoymuşam. Psixologiyada, psixoterapiyada kəşf xətrinə “kəşflər” etmək, adını tarixə yazmaq istəyənlər çox olub. Bu isə elə bu günün özündə də gülünc görünür. Baxırsınız ki, kimlərsə hansısa nəzəriyyədə olanları götürüb, sadəcə sözləri dəyişib həmin nəzəriyyəni az qala öz adına çıxmaq istəyir. Belə şeylər gülüş doğurur. Hələ indiyə qədər olan kəşfləri Azərbaycana gətirib çatdırmaq ən böyük kəşfdir. Çünki bizdə bir çox sahələr, əsasən də psixoterapiya sahəsi o qədər geri qalıb ki! Buna görə də, olan kəşf və nəzəriyyələrin hamısını Azərbaycana gətirsək bu, dünya kəşfi olar.
-Yəni, Azərbaycandakı psixiatrlar, psixoloqlardan narazısınız?
-Götürək, Azərbaycandakı psixiatrları. Azərbaycandakı psixiatrlar hələ də, bir çox xəstəlikləri – sayrışan halları, fobiyaları, psixogen depressiyaları, isteriyanı və digər nevroloji pozuntuları – dərman vasitəsi ilə müalicə etmək istəyirlər. Belə psixiatrlarımız çoxdur. Bu da çox acınacaqlı vəziyyətdir. Biz başqa ölkələrlə müqayisədə çox-çox geridəyik. Təbii ki, Qərb elminə öyrəşdikcə, yeni nələrsə öyrəndikcə onları Azərbaycandakı bilgilərlə müqayisə edirəm. Ehtiyac olur ki, bəzi öyrəndiklərimizi Azərbaycanda tətbiq edək. Ancaq Azərbaycan cəmiyyəti isə heç o məlumatları, fikirləri eşitməyə belə hazır deyil. Elə bizim mütəxəssislər də hazır deyil. Psixoloq nəzəri bir addır. Ancaq insanları konsultasiya etmək sırf psixoterapiyadır. Yəni dərmansız, sırf psixoterapiya vasitəsi ilə onların problemi həll olunur. Azərbaycanda psixologiya sahəsində vəziyyət pisdir.
-Düzgün psixoterapiya təhsili özündə nələri ehtiva etməlidir?
-Maraqlı sualdır. Burada etapları keçmək mütləqdir. Birinci növbədə hər şey ümumi psixiatrik bazadan başlayır. Yəni, Tibb Universitetində müalicə işi, ümumi psixiatriya təhsili və ümumi psixoterapiya üzrə təhsil olmalıdır. Bu təhsil mərhələləri müəyyən saatları əhatə etməlidir. Sonra isə beynəlxalq səviyyəli hər hansı psixoterapiya üzrə təhsil alınmalıdır. Burada da müəyyən saatların çərçivəsi gözlənilməlidir, qorunmalıdır. Təəssüf ki, Azərbaycanda belə bir təhsil sistemi yoxdur. Heç kim, bu etapları keçməyib. Mən lazım olan saatları tamamlamaq üçün bu təhsilləri götürmüşəm. Təəssüf ki, Azərbaycanda bu sadaladığım etapları keçən mütəxəssis yox səviyyəsindədir. Düzdür, kimlərsə, özlərinə müxtəlif titullar, adlar qoyur. Ancaq beynəlxalq təşkilatların heç birində heç bir kəs iştirak etmir. Mən özüm beynəlxalq təşkilatların tədbirlərində oluram və belə şeylərlə maraqlanıram.
-Azərbaycan cəmiyyəti ilə bağlı bir məqamı qeyd etdiniz. Mən isə cəmiyyətimizdəki hökm sürən inamsızlıq məsələsinə diqqətinizi yönəltmək istəyirəm. İnsan şüurunun dərin qatlarını bilən biri kimi nə düşünürsünüz? Azərbaycanlıların bir-birinə inamının olmamasına ya da az olmasına görə kimi və nəyisə qınamaq lazımdırmı?
-Bizdə insanların inam problemlərinin olmasında bir çox faktorlar rol oynayır. Bunları danmaq lazım deyil. Xüsusilə elm sahəsi ilə məşğul olan adamlar inamsızlığı yaradan səbəblərdən danışmalıdırlar. Mənim amerikalılarda çox dəyər verdiyim bir xüsusiyyət var. Onlar həmişə özlərinə tənqidlə yanaşırlar. Özünütənqid sağlam düşüncənin ən əsas göstəricisidir. Yalandan oturub özümüz-özümüzü tərifləməklə heç zaman qabağa gedə bilmərik. Bəli, insanlarımızın böyük bir qismində inamsızlıq var. Bunun bir çox səbəbi var.
Elementar bir misal çəkim. Azərbaycanın coğrafi yerləşməsində bəxti gətirməyib. Biz 3 böyük imperiya ənənəsi, tarixi olan ölkə ilə sərhədik. Türkiyə, İran, Rusiya. Təbii ki, bu ölkələrin hər birinin böyük mədəniyyəti olub. Bunları heç zaman danmaram. Haqqı danmaq olmaz. Hər birinin bizə müsbət təsirləri də olub. Lakin siyasətdə dost, qardaş olmur. Siyasətdə dövlət, imperiya maraqları öndədir. Ona görə də, əsrlərlə gizli ya da açıq şəkildə şüura, şüuraltına təsir göstərən müxtəlif proqramlarla Azərbaycan əhalisinə təsirlər göstərilib. Bununla da Azərbaycan əhalisində özünə qarşı kompleks yaranıb. İnanın ki, bu gün də belə təsirlər göstərilir. Digər başqa ölkələrin kəşfiyyatları bunun üzərində işləyirlər. Başqa ölkələrə işləyən casuslar var. Bəziləri də var ki, az qala açıq şəkildə başqa ölkələrə işlədiyini, o ölkələrin maraqlarını Azərbaycanın milli maraqlarından üstün tutduğunu gizlətmirlər də. Azərbaycanda Səudiyyə Ərəbistanına, İrana qulluq edən insanlar var. Ümumiyyətlə, Azərbaycanda hər yerə qulluq edən insanlar var. O zamanlar Azərbaycanda özünə inanmayan, natamamlıq kompleksindən əziyyət çəkən insanlar lazım idi. Bununla da onlar hərəsi öz təsirini daha da böyütmək istəyirdi. Bu məsələ indi də var.
Bu baxımdan həmvətənlərimiz hələ çox güclüdürlər. Çünki nəhəng imperiyaların təsirlərinin müqabilində hələ də dirəniblər, müqavimət göstəriblər. İnam məsələsinin olmamasında yaşadığımız tarixi dövrlərin də böyük önəmi var. İnsanlar SSRİ-dən qabaq bir cür, SSRİ zamanında başqa cür, müstəqillik dövründə isə başqa cür düşüncələrə hakim oldular. Üstəgəl, Azərbaycan müharibə görüb, hələ bu azmış kimi daxili düşmənlərimiz da mövcuddur. 1990-cı illərdə Azərbaycanda çox eybəcər şəkildə milliyyətçilik ideyaları qaldırıldı. İnsanların arasında nifaq da salındı. Bununla da insanlar arasında inamsızlıq yaratdı, ayrı-seçkiliyə gətirib çıxardı. Bütün bunların nəticəsi olaraq özünə inamsızlıq, natamamlıq kompleksi yaratdı. Başqa bir məqamı da qeyd edim. Psixologiyada belə bir şey var. İnsan özünə çox az hallarda nifrət edir. İnsanların özündə qəbul etmədiyi, nifrət etdiyi bir şeyi psixoterapiyada özü kimi bir adamın üzərinə proyeksiya edirlər. Bütün insanları nəzərdə tutmuram: bəzilərində başqasına inamsızlığın kökündə birinci növbədə özünə inamsızlıq dayanır.
-Deyək ki, Bakıda istehsal olunan bir ayaqqabıdır və keyfiyyətlidir. Lakin insanlarda yerli məhsula inam yoxdur. Bəlkə də ondan keyfiyyətsizini və bahalısını gedib alacaq ki, o, xarici markadır. Halbuki, dərindən araşdırsan o məhsulu üzərində yalnız xarici şirkətin markası var, özü isə yerlidir.
-Bəli, düzdür. Mən isə bu fikrimizi inkişaf etdirərək, məsələni başqa bir sahədən misal gətirməklə izah edim. Bu gün müəllimlərimiz də, həkimlərimiz də o qədər bağışlanılmaz səhv edirlər ki, insan dəhşətə gəlir. Ancaq inanın ki, xaricdən gələn mütəxəssislər onlardan da böyük səhv buraxır. Lakin onlara irad bildirilmir, heç narazı da olmurlar. Bizdə həmvətənlərini bəyənməmək var. Özünü bəyənməmək daxili natamamlıq kompleksinə bağlıdır. Əslində insan həmvətənini yox, özünü bəyənmir. Tam əminliklə deyə bilərəm ki, hansısa bir qrupu, populyasiyanı, kütləni ümumiləşdirib onlara pis demək düzgün deyil. Bunlar insanların məlumatsızlığından ya da yanlış məlumatdan, bəzən də cahillikdən irəli gəlir. Bir də görürsən ki, hansısa həmvətənimiz xaricə həkimə gedir. Halbuki xaricdə də savadsız həkimlər var. Amma bizimkilər nədənsə onlardan narazı qalmırlar. Mən buna təəccüblənirəm.
-Elmir bəy, yaltaqlığı, yarınmağı psixoterapevt üsullarla müalicə etmək mümkündür?
-Yaltaqlığın psixoloji müalicəsi, psixoterapiyası ola bilər ki, olsun. Buna izn verilir. Bu, daha çox ekzistensial psixoterapiya üsullarına aid olunur. Xüsusilə də, loqoterapiyaya. Burada nəinki insan fiziologiyası nəzərdə alınır, həmçinin insanın mənəvi aləmini işlənilir. Yəni, insanı hərtərəfli əhatə edir. Burada mənəvi qüsur insandakı problem, xəstəlik kimi qəbul olunur. Bunun aradan qaldırılması hədəflərdən biri kimi qəbul olunur.
-Yaltaqlıq gənclərdə də çoxalıb. Buna görə kimi qınamalıyıq? Valideynlərimi, yoxsa mövcud şəraitin diktəsinimi?
-Çox heyf ki, gənclərimizin bir qismi də yaltaqlıqla məşğuldur. Bu qisim gənclərdə yaltaqlığın normaları yoxdur. Valideynmi günahkardır, yoxsa cəmiyyətmi? Təbii ki, hər ikisinin də rolu var. İnsan niyə ylıan danışır, niyə yaltaqlığa can atır? Çünki hədəfə gedən yolda maneələr həddən artıq çoxdur. Buna görə də, insanlar əyri yola – yalana, yaltaqlığa üz tutur. Bu, cəmiyyətimizin qüsurudur. Gənclərimiz özlərini doğru yolla realizə etməkdə çoxlu problemlə qarşılaşdıqlarına görə, belə üsullara əl atırlar. Valideynlərin də rolunu qeyd etmək lazımdır. Valideynlər övladlarını doğru yönləndirməlidirlər. Hər şey nəzərə alınmalıdır. Valideyn düzgün yanaşmaqla cəmiyyətin qüsurunun qarşısını ala bilər. Valideynin də qüsurunu cəmiyyət korreksiya edə bilər. Bunların hər ikisində qüsur olanda isə gənc müəyyən yaşa çatanda yalana, yaltaqlığa başlayır.
Bizdə isə insanlar alın yazısı, tale deməklə özlərinə təskinlik vermək istəyirlər. Alın yazısı, tale qəbulolunmaz şeylərdir. İnsanlar uydurulan, elmi əsası olmayan şeylərə inanırlar. Halbuki insanın gələcəyinin müəyyənləşməsində çox şeylər rol oynayır. Hansı ailədə dünyaya gəlib, valideynləri kimlərdir və sair. Ancaq insanın taleyi öz əlindədir.
Cəmiyyət nə qədər çirkab olsa da, valideynlər yaxşı olmasa da, övlad müəyyən yaşa çatanda özünə seçim azadlığı tanımalıdır. İnsan iradəsi azad, seçim haqqı olan bir varlıq olmalıdır. Ancaq mən genlərin təsirlərini, instinktləri də danmıram. Bunlar öz yerində. Lakin müəyyən an var ki, insan o məqama çatanda dəyişə bilər. Yaltaqlığı seçən gəncin özü də tənqidə layiqdir. Ona demək lazımdır ki, sən şüurlu insansan, iradə azadlığın var. “Sən bütün bunların fövqündə dayana bilərsən” demək lazımdır. İnsanlar öz mənəvi sferasını işə salıb, düzgün seçib edib, yanlışlıqları qaydasına sala bilər. Əsas odur ki, insan taleyinin məsuliyyətini öz çiyninə alsın, öz həyatına sahib çıxsın.
Yenə deyirəm, bizdə hər şeyi alın yazısına, taleyə, qismətə bağlayırlar. Özü də bunu dinlə əlaqələndirirlər. Bunlar absurddur. İnsanın taleyi onun alnına yazılıbsa, onda dinin özündəki cənnət, cəhənnəm, sorğu-sual nədir?! Bəs onda Tanrı insanları niyə sorğu-sual edəcək?! İnsan deməzmi ki, alnıma yazılmışdısa, belə olmalı idimi?!
Buna görə də, yanlış fikirlərlə yaşayan insanlar ağıllarını, şüurlarını bir az da olsa işlətsinlər. İradə azadlığı var və bu mütləqdir. İnsan iradə azadlığına söykənib çox şeyə qalib gələ bilər, yetər ki, ətalətdən çıxmaq istəsin.
-Xalq olaraq biz şüur səviyyəsində yetkinliyə çatmışıqmı? Düzdür, bütün cəmiyyətlərdə cahil var, amma söhbət nisbətdən gedir. Məsələn, Avropa ya da Türkiyə ilə nisbətdə Azərbaycan cəmiyyətinin şüuru inkişaf edə bilibmi?
-Təəssüflər olsun ki, xalq olaraq şüur səviyyəmiz lazımi səviyyədə inkişaf etməyib. Təbii ki, intellektual bazası olan insanlarımızla paralel olaraq, birhüceyrəlilər kimi həyat tərzi sürən onurğasız insanlar da var. Yeri gəlmişkən, bilirsinizmi, xarici xüsusi xidmət orqanları tərəfindənAzərbaycanda nə qədər psixoloji proqramlar hazırlanır?! Dini sektalar Azərbaycanda at oynadır. Onların məqsədi Azərbaycan cəmiyyətinin inkişaf etməsinin qarşısını almaqdır. Dini sektalar ən böyük təhlükədir. Onlar Azərbaycanda gün gələcək terror da edəcəklər. Problemlər də yaradacaqlar. Onlar Azərbaycanı mənəvi cəhətdən kifayət qədər geriyə sala biliblər. Kim istəyir gedib Afrikada yaşasın, kim də istəyir gedib Suriyada döyüşsün – təbii ki, bu onların öz seçimidir. Müdaxilə də etmirəm. Amma ailə bilməlidir ki, valideynlər övladlarının kimlərlə oturub-durduğunu bilsinlər. Bizim evimizi biganəlik, laqeydlik yıxır.
Mən həkim olaraq instinktləri, genləri danmıram. Amma başqa amillər də var.
-Bilirsiniz ki, ölkədə bahalaşma gedir. Bu, təbii ki, insanların psixologiyasına təsir edir. Mən istərdim ki, siz şüuraltına təsirlərdən və onun gələcəkdə hansı fəsadlar törədəcəyindən danışasınız.
-Özümüzü aldatmamalıyıq, düzünü deməliyik. Azərbaycanda kəskin bahalaşma gedir. Bu, çox mənfi haldır, insanlara da çox pis təsir edir. Bir tərəfdən psixoloji-intellektual məhdudluq, bir tərəfdən maliyyə problemləri, bir tərəfdən də nadanlıq, cahillik həndəsi silsilə ilə artır.
“Seks” sözü gələndə gözlər bərəlir, qulaqlar şəklənir. İnsanın normal yaşaması üçün iyerarxiya qoyulub. Bu piramidada müəyyən amillər ödənilməlidir. Düzgün qidalanmaq, həyatının qorunması, düzgün intim həyat vacibdir. Bunlar isə hamısı maddiyyata bağlıdır. Pul olmayandan sonra bəs insanlar necə olacaq?! Bunlar nəyə gətirib çıxaracaq? Kimdəsə şüuraltı potensial seksual manyaklıq varsa, bu üzə çıxacaq. Qatillərin, canilərin sayı artacaq. Bahalaşma zəmin yaradır ki, gənclər başqa dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altına düşsün. Görürsünüz ki, adi bir seks sözü gələndə, bütün seksual problemi olan insanlar ağızlarını Allah yoluna qoyub mənfi-mənfi fikirlər səsləndirirlər. Çünki, onların özlərinin problemləri var. Sağlam düşüncəli, ağıllı, dünya görüşü olan insanları seks sözü qıcıqlandırmamalıdır. “Seks” sözünü eşidəndə əsəbiləşən, qıcıqlanan, ağlına gələni danışan, nifrin yağdıran insanlar iqtisadi çətinliklər də yaşayanda şüuraltında olan potensial cinayətkarlıq meylləri aşkara çıxacaq. Bu zaman qurunun oduna yaş da yanacaq.
-Dollar ajiotajı insanlarda manata olan inam məsələsində necə izlər buraxır?
-Dollar-manat məsələsi mənim ağrılı yerimdir. Çünki mən manatla qazanıb, dollarla xərcləyirəm. Xaricdə təhsil böyük sərmayədir. Çox sağ olsun xarici fondlar ki, onların təqaüd proqramından da yararlanıram. İnsanlar eyni qazancda qalıblar, amma ərzaq və digər şeylər bahalaşır. Buna görə də istərdik ki, güzəştlər olsun. Hər şey daxili natamamlıq kompleksinə qayıdır. Bayaq dedik ki, hamı özünə aid olanlara inanmaq istəmirdi. Bu olanlardan sonra isə manata da inam daha da azaldı.
Özümdən misal çəkəcəyəm. Deyək ki, əvvəl bir seans üçün 80 manat alırdım, bu isə devalvasiyadan qabaq 100 dollardan da çox idi. İndi isə həmin manatı dollara çevirəndə çox az məbləğ alınır. Halbuki mən təhsil xərclərimi dollarla ödəyirəm. Artıq insanlar da o pulu tapıb seansa gələ bilmirlər. Fərqi görürsünüzmü?!
Nəticədə inamında qüsuru olan insanların olan-qalan inamı da aradan gedir. İqtisadiyyat insanın özünə də, ətrafında da çox böyük təsir göstərir.