Region (5-12-2016, 17:44)
"Eldar Mahmudov və dəstəsi özlərini dövlətin sahibi hesab edirdi" - İlginc açıqlamalar
Mediatv.az İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altayın Qafqazinfo-ya müsahibəsini təqdim edir:
- Enerji və ərzaq qiymətlərin artdığı, yerli şirkətlərin bağlandığı və beynəlxalq şirkətlərin Azərbaycandan getdiyini nəzərə alsaq, ölkədə ərzaq qıtlığı yaranması ehtimalı, ərzaq təhlükəsizliyi ilə bağlı hansı proqnoz vermək olar?
- İqtisadi təhlükəsizlik dövlət təhlükəsizliyinin əsas seqmentidir. Əvvəllər buna o qədər də diqqət ayrılmırdı. İqtisadiyyatda azacıq büdrəmə olanda bütün sahələr çalxalanır. Bu gün iqtisadi vəziyyətimiz böhran içindədir. Bu qlobal böhrandır, amma hazırlıqlı olan qüdrətli Avropa ölkələrində böhran bu dərəcədə olmadı. Biz əvvəl rahat oturmuşduq, manatımız avroya bərabər idi, bir gün bu bəla bizi də haqladı. Bizim elə gücümüz olmamışdı ki, özümüz ölkəni ərzaqla təmin edək. Bununla bağlı təcili tədbirlər görülməzsə, ağır nəticələrə gətirib çıxaracaq. Şirkətlərin bağlanması hazırda təhlükəli səviyyədə olmasa da, iqtisadiyyatımıza pis təsir edir. Azərbaycana xarici valyutanın daxil olmaması, biznes sahəsində iqtisadi əlaqələrin pozula bilməsi ölkə üçün çətin nəticələr verə bilər. Manatın devalvasiyası, qeyi-neft sektorunun qurulmaması beynəlxalq şirkətlərin Azərbaycana investisiya qoymasını risk altına alır.
- Pambıqçılıq, baramaçılıq bizi xilas edə biləcəkmi?
- Azərbaycanın çar və sovet dövründə nefti olsa da, onun dadını bilməyib. Biz müstəqillikdən əvvəl neftsiz yaşamışıq, bu gün də neftsiz yaşaya bilərik. Biz nəyisə yenidən icad etməyəcəyik, yaddaşımızı bəpra edəcəyik. Dövlətin ipəkçilik, pampıqçılıq barədə olan proqramlarını işə salmaq üçün insanları fəallaşdırmaq lazımdır.
- OPEK-in son qərarından sonra neftin qiyməti ilə bağlı ciddi dəyişiklik olacağını düşünürsünüzmü?
- Əvvəla onu deyim ki, neftin qəfildən 150 dollardan 25 dollara düşməsi təbii iqtisadi proseslə mümkün deyil, bu süni təkanların hesabına olub. Siyasi beynəlxalq fövqəlgüclər arasındakı münasibətlər daha da gərginləşsə, neft bundan da aşağı düşə bilər. Dünya iqtisadiyyatı bir neçə dövlətin əlindədir. Biz bu hadisələrdən sonra dövlət və cəmiyyət olaraq nefti düşünməməliyik, onu kənara qoymalıyıq.
- İstintaqdan görünür ki, “MTN hadisələri” 7-8 il davam etdikdən sonra qarşısı alınıb. Verilən sərəncamlar və keçirilən əməliyyatlar dövlət təhlükəsizliyinə olan təhlükənin qarşısını aldımı?
- Bizim ilk səhvimiz bu quruma “Milli Təhlükəsizlik” adını vermək olub. Çünki bu ifadə çox böyük məfhumdur, milli təhlükəsizlik dövlət rəhbərinin işidir. O nazirlik də bu addan və həmin adın verdiyi səlahiyyətlərdən istifadə edərək ölkənin bütün sahələrinə qarışdılar. Eldar Mahmudov və onun rəhbəri olduğu nazirlik dövlət iyerarxiyasında heç ilk 10-luqda da yox idi. Mahmudov nəinki digər nazirliklərə, hətta baş nazirə, Nazirlər Kabinetinə də qarışırdı. O elə hesab edirdi ki, ölkənin taleyi ona tapşırılıb. Əslində, isə adi bir nazirlik idi. Bu qurum dövlətin ona verdiyi səlahiyyət qədər də dövlətin özünə ziyan vurdu, yəni çox böyük miqyasda. Bu prosesin qarşısı alınmasaydı, MTN ləğv edilməsəydi, Azərbaycan dövləti çökə bilərdi. Artıq bıçaq sümüyə dirənəndə bunun qarşısı alındı. Yeni yaradılan struktur özünün konkret işləri ilə məşğuldur.
- Eldar Mahmudov vəzifədən çıxarılandan sonra onun generalları cəmiyyətə “monstr” kimi təqdim olundu, lakin ittiham aktında gördük ki, hansısa taxta alverçisini həbslə qorxudub 50 min pul alıblar. Sizcə, istintaqdan kənar qalan hadisələr oldumu?
- Eldar Mahmudov harda əlinə imkan keçibsə, oranı dağıdıb. Orda çox məsələlər olub, hələ üzə çıxarılmayanlar var. İndi ölkənin iqtisadiyyatı pozulduğu üçün prokurorluq çalışır ki, həmin dəstənin vurduğu iqtisadi ziyanları aşkarlasın. Əsas araşdırma üçün də bu istiqamət seçilib.
- “MTN işi”nin uzantısı olan “Rabitə işi”ndə həbs olunan vəzifəli şəxslər ifadələrdində deyirlər ki, belə lazım idi, belə də etdik, hər şey qaydasında və qanunauyğun idi. Sizcə bu sahədə də həqiqətən təhlükə var idimi?
- Rabitə sistemi bütün dövlətlərdə təhlükəsizlik qurumu ilə ünsiyyətdə olaraq işləyir. O işdə bizim bilmədiyimiz hallar da var. MTN bundan istifadə edərək Rabitə Nazirliyini öz nəzarətinə götürdü. Rabitə ən varlı, ən çox gəlir gətirən nazirliklərdən biri idi. O nazirlikdə kadrlar da MTN-in razılığı ilə təyin olunurdu. Həmin nazirliyi ələ keçirəndən sonra adi insanları, özlərinə rəqib gördükləri başqa dövlət strukturlarındakı yüksək vəzifəli şəxsləri izləməyə başladılar. Dövlətin hansı səviyyəsində olan adamları izlədiklərini hələ demək istəmirəm. Eldar Mahmudov və dəstəsi özlərini dövlətin sahibi hesab edirdi. Bu dərəcə azğınlaşmışdılar. MTN ən çox birgə işləməli olduğu digər güc strukları ilə daha çox intriqada idi. Eldar Mahmudov özünü fövqəlgüc, fövqəlinsan hesab edirdi. Bütün güc struklarına nəzarət etmək istəyirdi. Bunlar ilk olaraq onun şəxsi psixoloji və mənəvi pozuntusundan irəli gəlirdi.
- Dövlət qurumlarımızda hələ də “Çovdarlar” qalırmı?
- Heç kəsin gözləmədiyi halda qüdrətli hesab olunan Eldar Mahmudovun vəzifədən çıxarılması və o nazirliyin ləğv edilməsindən sonra “Çovdarov” təbiətli insanlar varsa da, artıq özlərini yığışdırarlar. Mən Eldar Mahmudov və dəstəsinin kim olduğunu, hansı işlərlə məşğul olduğunu bilirdim. Hesab edirdim ki, ifşa olunsa, dövlət çökə bilər.
- Cəmiyyətdə “qüdrətli hesab olunan” Eldar Mahmudovun bu nüfuzunun səbəbi sizin kimi bilib susanlardır?
- Azərbaycan kiçik ölkədir, çox şey hamıya məlumdur. Mən Eldar Mahmudovu hələ tələbəlik vaxtlarından tanıyıram. O, Xalq Təsərrüfatı Universitetində oxuyurdu. Gənc vaxtlarındakı fəaliyyətini də bilirdik. Tələbəlikdən sakit adam olmayıb, “06”larla avtoşluq edirdi. Daxili İşlər Nazirliyində işləyəndə də onun əməllərini bilirdik. Qəfildən nazir təyin olunanda fikirləşdik ki, yəqin bunun biz bilmədiyimiz hansısa tərəfləri var ki, dövlət rəhbərliyi belə məsləhət bilib. Ona görə susduq.
- Bu qədər hadisələrdən sonra Eldar Mahmudov niyə hər hansı statusla istintaqa cəlb olunmayıb?
- O, çoxdan həbs olunmalı idi, olmayıbsa, bu gün həbs olunmalıdır. Amma onun vəzifəsi həm də siyasi olduğu üçün dövlət rəhbərliyi Eldar Mahmudovun həbs olunmamasını həbs olunmasından daha xeyirli olduğu qənaətindədir. O, onsuz da faktiki həbsdədir, sadəcə rəsmi olaraq həbs olunmayıb. Yəqin ki, istintaqa da cəlb olunub, ifadəsi alınıb, istintaq sirri olduğu üçün açıqlanmır. Onun arxasında kimlərsə olsaydı, “MTN işi” bu qədər açılıb ortaya tökülməzdi. Açıq-aşkar bəllidir ki, Eldar Mahmudova heç bir güzəşt yoxdur.
- Əlində çoxlu informasiyalar və vdeo kasetlər olması iddiası da inandırıcıdır?
- Mən dedim ki, həbs olunmaması məqsədə uyğun görünür. Nəyə görə məqsədə uyğun göründüyü səbəblər arasında, bu dedikləriniz də var, demədikləriniz də. Çox məsələlər var, detalları açıqlamaq istəmirəm.(qafqazinfo)