Region (30-05-2016, 23:14)
Ziyafət Əsgərov: ''Əgər Dağlıq Qarabağ Yerevana verilsə...''
"NATO PA sədrindən, baş katibdən xahiş etdik ki, "Metsamor" AES-lə bağlı məsələ Beynəlxalq Atom Agentliyində müzakirə olunsun"
Mediatv.az Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun APA-ya müsahibəsini təqdim edir.
- Mayın 29-da Albaniyanın paytaxtı Tiranada NATO PA-nın yaz sessiyası başlayıb. Sessiyada hansı məsələlər müzakirə olunur?
- Dünən biz Dağlıq Qarabağın tarixi məsələsini qaldırdıq. Bütün auditoriyaya sübut etməyə və onları inandırmağa çalışdıq ki, Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisi olub və bu gün də Azərbaycan ərazisidir. Bunu tarixi faktlar və dəlillərlə sübut etdik. Qafqaz Bolşeviklər Bürosunun 1921-ci il 5 iyul qərarı var, ona "Stalin qərarı" deyirlər. Guya Dağlıq Qarabağı Stalin azərbaycanlılara verib. Sübut etdik ki, əvvəla, 1921-ci ildə Stalin hələ ölkə başçısı deyildi. Stalin 1923-cü ildə ölkə başçısı olub.
1921-ci il iyul ayının 5-də Rusiya Kommunist Partiyasının Qafqaz Bürosu qərar qəbul edib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycanla daha sıx iqtisadi və siyasi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağın Azərbaycanda saxlanılması bir daha məsləhət görülsün. Bu, o deməkdir ki, Dağlıq Qarabağ əvvəldən də Azərbaycanın tərkibində olub, yenə də məsləhət görülüb ki, Azərbaycanın ərazisində qalsın. Çünki Mikoyan hələ o vaxt Leninə yazırdı ki, əgər Dağlıq Qarabağ Yerevana verilsə, ermənilər acından öləcəklər. Bu tarixi faktların hamısını səsləndirdik. Hesab edirəm, çox yaxşı oldu.
İkinci qaldırdığımız məsələ işğal məsələsi oldu. Biz 1992-ci ildən bu yana nə beynəlxalq sənədlər varsa, beynəlxalq hüququn norma və prinsiplərini əsas gətirərək onlarıə NATO Parlament Assambleyasında iştirak edən həmkarlarımızın nəzərinə çatdırdıq. Bildirdik ki, ermənilər nə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini, nə də BMT-nin Baş Assambleyasının qərarını icra edirlər. Eyni zamanda Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının qərarını da icra etmirlər.
Çıraqovların Avropa Məhkəməsində ermənilərlə bağlı iddiası olmuşdu, onu da misal gətirdik, Sərsəng su anbarı ilə əlaqədar bütün sənədləri 50 ayrı-ayrı cilddə nümayəndə heyətinin üzvlərinə təqdim etdik. Digər bir məsələ - "Metsamor" Atom Elektrik Stansiyasının bölgə üçün təhlükəsi ilə əlaqədar çıxış etdik. Bildirdik ki, bu köhnə atom elektrik stansiyasıdır və stansiya Çernobıl Atom Elektrik Stansiyasının texnologiyası əsasında tikilib, istismar müddətini tamamilə itirib. Bu stansiya istənilən vaxt böyük faciəyə səbəb ola bilər. Eyni zamanda seysmik zonada yerləşir və istənilən vaxt bu stansiya nəinki Ermənistan, eyni zamanda onun ətrafında da çox böyük bir faciə əmələ gətirə bilər.
Ona görə də nümayəndə heyətlərindən, NATO Parlament Assambleyasının sədrindən, baş katibindən xahiş etdik ki, bu məsələ Beynəlxalq Atom Agentliyində müzakirə olunsun, gəlib vəziyyətlə tanış olsunlar. Əminəm ki, gəlib baxsalar, görəcəklər, bu tamamilə köhnəlmiş, istismar müddəti başa çatmış stansiyadır və bağlanmalıdır.
- Sessiyanın ikinci günü hansı məsələlər ətrafında müzakirələr aparılıb?
- Bu gün NATO baş katibinin müavini çıxış etdi, mən ona sual verdim ki, siz Azərbaycanın ərazi bütövlüyünə, işğal faktına necə baxırsınız? Baş katibin müavini suala konkret cavab verdi. Dedi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq, tanıyırıq və heç bir halda Azərbaycanın sərhədləri dəyişdirilə bilməz. Eyni zamanda qeyd etmək istərdim ki, biz sessiyada komanda şəklində iştirak etdik və bizim nümayəndə heyətinin üzvləri çox fəal iştirak etdilər.
- Ermənistan nümayəndə heyəti ilə bağlı hər hansı ziddiyyətli hal, mübahisəli məqam qeydə alındı?
- Mübahisəli məqamlar, təbii ki, oldu. Biz həqiqətləri arqumentlərlə sübut edirdik, ermənilər isə yerlərindən qışqırıq, haray-həşir saldılar. Bu, ermənilərin milli xüsusiyyətləridir. Arqument olmayanda qışqırırlar. Bizim nümayəndə heyətinin üzvləri də şahid oldular ki, ermənilər həqiqətən gülünc vəziyyətə düşdülər. Çünki əlində əsas olmayanda erməni nümayəndə heyəti məəttəl qaldı ki, nə desin? İşğala məruz qalan, torpaqları işğal olunan bizik, axı siz nə deyəcəksiniz?
- Cəbhə xəttində ötən ay baş verənlərlə bağlı danışıqlar aparıldımı?
- Ermənistan qoşunlarının bizə qarşı 2-5 aprel təxribatı ilə bağlı əsl həqiqətlərii çalışdıq ki, NATO Parlament Assambleyasında olan həmkarlarımıza izah edək. Bildirdik ki, ermənilər Azərbaycan ərazisinə soxulub, bizim ərazimizdə müharibə aparırlar, biz başqasının ərazisinə soxulmamışıq, öz ərazimizi müdafiə edirik və ermənilər yenə də təmas xəttində təxribat törədiblər, yüzlərlə vətəndaşımızın evini dağıdıblar, mülki vətəndaşlarımızı öldürüblər. Eyni zamanda 50 ev tamamilə dağıdılıb, qocalar, cavanlar, uşaqlar öldürülüb. Belə olan vəziyyətdə biz buna dözə bilməzdik, düşmənin qarşısını almaq üçün əməliyyatlar aparmağa məcbur olduq.
- Sizin Albaniya parlamentinin spikeri İlir Meta və xarici işlər naziri Ditmir Buşati ilə görüşləriniz nəzərdə tutulmuşdu. Görüş baş tutdu?
- Bəli, bizim Albaniya parlamentinin spikeri İlir Meta ilə çox məhsuldar görüşümüz oldu. Görüşümüzdən dərhal sonra İlir Meta bəyanat verdi ki, Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Dağlıq Qarabağ, ona bitişik işğal olunmuş digər əraziləri Azərbaycanın tərkib hissəsi hesab edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024