Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudova hökm oxunub.
"Report"un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
A.Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Həmçinin, məhkəmə zərərçəkən tərəfin qaldırdığı mülki iddianı baxılmamış saxlayıb.
Prosesdə dövlət ittihamçısı da çıxış edib. O, Azər Maqsudovun 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
























