Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (10-08-2015, 22:08)
İnsan həyatı üçün təhlükəli olan 660 kiloqram məhsul satışdan çıxarılıb - MÜSAHİBƏ

Camal Quliyev: “1 milyon 243 min 86 hektar sahədə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənməsi və yoluxması aşkar edilib”

Son zamanlar Şəmkir-Tovuz bölgəsində müxtəlif ziyanvericilərin kənd təsərrüfatı məhsullarını və meyvələri məhv etməsi, alaq otlarının məhsuldarlığı aşağı salması və sair məsələlərlə bağlı elektron KİV-lərdə məlumatlar yayılmaqdadır. Həm deyilənlərə münasibət öyrənmək, həm də bizi maraqlandıran digər suallara cavab almaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyevlə əlaqə saxladıq.

- Camal müəllim, bəzi rayonlarda ziyanvericilərin məhsulları və meyvələri məhv etməsi barədə məlumatlar yayılır. Bununla bağlı nə deyə bilərsiniz?


- Bu barədə məlumatımız var. Bəzi KİV-lərin yazdığına görə, Tovuz rayonunda kələmlərə ziyanvericilər daraşıb və onları məhv edib. Həmin rayonda meyvə bağlarının da ciddi ziyan çəkdiyi qeyd olunub. Amma biz bununla bağlı araşdırma apardıq və məlum oldu ki, Tovuzda kələm çox az miqdarda əkilir. Ümumiyyətlə, adıçəkilən rayonda məhsullara və meyvələrə ziyanvericilər tərəfindən ciddi zərər vurulması barədə deyilənlər təsdiqini tapmadı. Dəfələrlə bəzi KİV-lərdə bu cür məlumatlar yayılıb. Ancaq araşdırma apardıqdan sonra yazılanların və deyilənlərin dezinformasiya olduğunu müəyyənləşdirmişik.

- Bəzi fermerlər maddi durumlarının yaxşı olmadığını əsas gətirərək kənd təsərrüfatı sahələrində və meyvə bağlarında ziyanvericilərə qarşı mübarizə tədbirlərinin dövlət hesabına aparılmasını istəyirlər…


- Bu, məsələ müəyyən prosedur qaydalara əsasən həyata keçirilir. Yəni yalnız karantin və xüsusi təhlükəli ziyanvericilərə qarşı mübarizə tədbirləri dövlət vəsaiti hesabına aparıla bilər. Yerdə qalan ziyanvericilərə qarşı mübarizə isə təsərrüfat sahiblərinin hesabına aparılmalıdır. Məsələn, DFNX tərəfindən bu ilin 7 ayı ərzində ölkə üzrə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 2 milyon 817 min 583 hektar sahədə müşahidə işləri aparılıb. 1 milyon 243 min 86 hektar sahədə sirayətlənmə və yoluxma aşkar edilib. 586 min 349,2 hektar sahədə mübarizə işləri aparılıb. Mübarizə tədbirlərinin 495 min 258,6 hektarı təsərrüfat subyektləri hesabına, 91 min 90,6 hektarı dövlət büdcəsindən ayrılan vəsait hesabına reallaşdırılıb. Bu il ölkə ərazisində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı aparılan səmərəli mübarizə tədbirləri nəticəsində məhsul itkisinin qarşısı alınıb, zərərvericilərin say miqdarı minimuma endirilərək fitosanitar sabitlik təmin edilib.

- Qeyd etdiniz ki, görülən işlər nəticəsində məhsul itkisinin qarşısı alınıb. Ancaq bəzi fermerlər iddia edirlər ki, yovşanyarpaqlı ambroziya hər il olduğu kimi, bu il də məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?


- Yovşanyarpaqlı ambroziya birillik yazlıq alaq bitkisi olmaqla ölkə ərazisində 11 min hektardan artıq ərazidə yayılıb, bütün mədəni və başqa tarla bitkilərinin əkinlərini, bağları, üzümlükləri, çəmənlikləri, otlaq sahələrini və qoruyucu meşə zolaqlarını zibilləyir. Eyni zamanda, ambroziya geniş yayıldığı ərazilərdə kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını azaltmaqla yanaşı, məhsulun keyfiyyətini aşağı salır və insanların sağlamlığına mənfi təsir edir. Balakən və Zaqatala rayonlarında Yovşanyarpaqlı ambroziyanın populyasiyasının minimum səviyyəyə endirilməsi, respublika ərazisində növbəti yayılmalarının qarşısının alınması, Qax və Şəki rayonlarında yayılma ocaqlarının tamamilə ləğv edilməsi, kənd təsərrüfatı bitkilərinə və insan sağlamlığına zərərli təsirinin minumuma endirilməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, davamlı aqrobiosenozların yaradılması və bölgədə fitosanitar sabitliyin təmin edilməsi qarşıya əsas məqsəd qoyulub. Həmin bölgədə yovşanyarpaqlı ambroziyaya qarşı kimyəvi mübarizə tədbirlərinə başlanılıb. Hazırkı dövrədək bitkiçilik məhsullarının zərərlı orqanizmlərdən mühafizəsində kimyəvi mübarizə üsulundan geniş istifadə edilir. Lakin müxtəlif çeşidli pestisidlərdən istifadə edilməsi ekoloji tarazlığın pozulmasına, ətraf mühitin çirklənməsinə, faydalı canlıların məhv olmasına, kənd təsərrüfatı məhsullarında pestisidlərin qalıq miqdarının normadan artıq toplanmasına və qida məhsullarının keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur. Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafizəsi sahəsində iqtisadi və sosial səmərənin təmin edilməsi üçün Xidmətin Abşeron rayonlararası Bioloji laboratoriyasında trixoqrammanın istehsalı bərpa edilib və İmişli rayonu ərazisində “MKT İK” MMC-yə məxsus 100 hektar pambıq əkin sahəsində bioloji mübarizənin tətbiqinə başlanılıb.

- Bəzi KİV-lərdə ölkəmizdə saxta və keyfiyyətsiz pestisidlərin və aqrokimyəvi maddələrin satılması barədə deyilənlər doğrudurmu?


- Biz bu cürs neqativ hallara qarşı mübarizə aparmaq üçün Ədliyyə Nazirliyinin çıxarışı əsasında pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşgul olan hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə yoxlama aparırıq. Bu ilin 7 ayı ərzində 75 obyektdə apardığımız yoxlamalar zamanı İmişli rayonunda “MikroAzFeed” MMC-yə məxsus anbarda 3850 ton superfosfat gübrəsinin idxal icazəsi olmadığı və keyfiyyət göstəriciləri mövcud standartlara uyğun olmadığı üçün satışı dayandırılıb. Ancaq tətbiq normasına müvafiq düzəlişlər edildikdən sonra istifadəsinə icazə verilib. Yoxlamalar zamanı həmçinin respublikanın müxtəlif regionlarında bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr satılan mağazalarda qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, istifadə müddəti keçmiş 114 adda 788 kq/l preparat aşkar edilərək dövriyyədən çıxarılıb və satışı qadağan edilib. “Maksimal Kapital” MMC tərəfindən ölkəyə gətirilən və Türkiyənin “Cansa Kimya” şirkətinin istehsalı olan 39 adda və 17 min 95 kiloqram çəkisi olan preparatın, eləcə də fiziki şəxs Bağırov Cəlal Telman oğlu tərəfindən gətirilən Çinin“Shehzhen Andamao İmport and Export Co Ltd” şirkətinin istehsalı olan 9520 kiloqramlıq 2 adda preparatın dövlət qeydiyyatından keçmədiyini müəyyənləşdirdik. Üstəlik, sözügedən şirkətlərin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərdiyini nəzərə alaraq qeyd olunan preparatlar geri qaytarıldı. Qeyd edim ki, bu ilin 7 ayı ərzində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin satışı və saxlanılması üçün nəzərədə tutulan sahənin, yəni anbarın və satış mərkəzinin fitosanitar vəziyyəti barədə DFNX-yə daxil olmuş müraciətlərə aidiyyəti üzrə baxılıb və bu günə kimi 10 hüquqi və 34 fiziki şəxsə müvafiq fitosanitar rəylər təqdim edilib. 40 hüquqi və fiziki şəxsə, o cümlədən bitki mühafizə vasitələrinin idxalına, satışına və saxlanılmasına 5, bitki mühafizə vasitələrinin idxalına və saxlanılmasına 2, aqrokimyəvi maddələrin idxalına, satışına və saxlanılmasına 4, aqrokimyəvi maddələrin idxalına və saxlanılmasına 3, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışına və saxlanılmasına isə 26 ədəd xüsusi razılıq (lisenziya) verilib.

- Bəzi KİV-lərin yazdığına görə, bazarlarda tərkibində kimyəvi maddələr olan və insan həyatı üçün təhlükə törədən məhsullar və mallar satılır. DFNX bu istiqamətdə yoxlamalar keçirirmi?


- Əvvəlcə bildirim ki, təkcə bu ilin 7 ayı ərzində Respublika Karantin Ekspertiza Mərkəzində bitki və bitkiçilik məhsullarının 16 min 641 nümunəsi əsasında 42 min 459 ekspertiza aparılıb və 8345 ekspertiza protokolu tərtib edilib. Ekspertiza zamanı karantin və xüsusi təhlükəli orqanizmlər aşkar edildiyinə görə mərkəzin fumiqasiya dəstəsi tərəfindən 67 min 723,6 ton texniki yük, 1279,6 kubmetr taxta materialı, 1 milyon 175 min 795 kubmetr obyekt və boş anbar sahəsi zərərsizləşdirilib. Bundan əlavə, DFNX-nin laboratoriyaları tərəfindən mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında, bazarlarda, topdansatış bazalarında bitki və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinə nəzarət olunur. Kənd təsərrüfatı məhsullarından nümunələr götürülərək analiz olunmuş, tərkibində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarı yol verilən normadan artıq olan, insan həyatına və sağlamlığına təhlükə törədən keyfiyyətsiz 660 kiloqram məhsul dövriyyədən çıxarılıb. Fitosanitar sabitliyə nəzarəti gücləndirmək məqsədilə rayon və rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən 2015-ci ildə idxal olunan 1 milyon 92 min 454,7 ton, ixrac olunan 242 min 249,6 ton bitkiçilik məhsullarına fitosanitar karantin baxışı keçirilib və karantin zərərli orqanizmlərlə sirayətlənmiş yüklərin ölkə ərazisinə daxil olmasının qarşısı alınıb. Bu istiqamətdə tədbirlərimiz davam edir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024