Sosial (21-03-2015, 22:53)
Nazirlik 10 müəssisənin fəaliyyətini dayandırıb - ÖZƏL
Dövlət başçısının 2014-cü il 11 iyul tarixli 228 nömrəli fərmanına əsasən, qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılması xüsusi razılıq, yəni lisenziya əsasında həyata keçirilən fəaliyyət növlərinin siyahısına daxil edilib. Nazirlər Kabinetinin 1 oktyabr 2014-cü il tarixli 319 nömrəli qərarı isə bitki mühafizə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan şərtlər müəyyənləşdirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) bu fərmanın icrası ilə əlaqədar bölgələrdə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə monitorinqlər keçirilib. Xidmətin rəisi Camal Quliyev«Həftə içi»nə bildirib ki, monitorinqlər Ədliyyə Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamaların aparılması məqsədilə reyestrdən çıxarışlarına əsasən baş tutub. Onun sözlərinə görə, həmin 39 obyektdə keçirilən monitorinqlər nəticəsində 700 kiloqramdan artıq qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlərin və aqrokimyəvi maddələrin satışı qadağan edilib: “Monitorinq zamanı bu aqrokimyəvi maddələrin hamısı dövriyyədən çıxarılıb, 10 müəssisənin fəaliyyəti dayandırılıb».
DNFX rəisi vurğulayıb ki, FAO-nun hesablamalarına görə, dünya üzrə inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bitki mühafizə vasitələrinin təqribən 30 faizi beynəlxalq keyfiyyət standartlarına cavab vermir. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı zamanı adekvat olmayan istehsal texnologiyası və keyfiyyətə nəzarət sistemi, icazəsiz istehsal, məhsulun saxtalaşdırılması, istifadəyə qədər uyğun olmayan yerdə saxlanılması və sair amillər aşağı keyfiyyətli məhsul istehsalına gətirib çıxarır: «Bitki mühafizə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq, yəni lisenziya verilməsi zamanı tələb olunan əlavə şərtlər bu sahədə boşluqların aradan qaldırılmasına, fıziki və hüquqi şəxslər tərəfindən sözügedən sahələrdə fitosanitar, sanitariya-gigiyena və texniki-təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsinə şərait yaradacaq. Bu da ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması baxımından olduqca vacibdir».
