Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (30-03-2015, 10:44)
Sənətşünas alim: “Qərbdə itib-batarıq”

Mediatv.az  Kulis dərgisinə istinadən AMEA Memarlıq və İncəsənət İnstitutunun “Kino, teatr, televiziya” şöbəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarovla müsahibəni təqdim edir

 

- Azərbaycan peşəkar teatrı yaranışda daha çox maarifçilik faktoru üzərində qərar tutdu. Elə yaradıcıları da maarifçilər idi. Bu məlum. Bu gün də müşahidə etmisinizsə mətbuatımızda maarifçi intonasiya illərdir ki eşidilir. Bəs indinin teatr prosesi haqqında nə düşünürsünüz, Teatrın hələ də mi maarifçi öhdəliyi var?
 
- Bu sualda maarifçiliyə qarşı bir qədər kinayə hiss olunsa da, əslində çox maraqlı və dərin sualdı. Çünki teatrın mahiyyətindən bəhs edir. Amma aydınlıq üçün əvvəlcədən qeyd edim ki, mən maarifçiliyə didaktika kimi baxmıram. Məncə, teatrın da didaktika dövrü başa çatıb. Mənimçün teatr ruhun qidalandığı məkandır. Xatırladım ki, Qərb teatrının ilk nəzəri təməli olan Aristotelin “Poetika” əsərinin mayasında da katarsis ideyası – təmizlənmə, paklaşma funksiyası durur. Yəni bu, teatrın əvvəldən üzərinə götürdüyü funksiyalardan biridir. Amma o mənada yox ki, teatr məktəbdi, yaxud məbəddi. Teatr mənə görə, həm məktəbdir, həm məbəddir, həm də sənətdir. Çünki teatr, ümumiyyətlə, həyatın özüdür.  
Cəmiyyətin bugünkü sosial-mənəvi-əxlaqi durumunda isə düşünürəm ki, teatrın maarifçilik funksiyasına xüsusi ehtiyac var. Fikir verin, Azərbaycanda 2010-cu il ərzində 9 min boşanma qeydiyyata alındığı halda, 2013-cü ildə bu rəqəm 11 min 730-a yüksəlib, yəni bir il ərzində 12 minə yaxın ailə dağılıb. Yaxud, daha acınacaqlı rəqəm - 2013-cü ildə 25 mindən çox uşaq nikahdan kənar dünyaya gəlib. Görürsünüzmü, çox böyük təəssüf  doğursa da, vəziyyət belədir, bu gün yaşadığımız cəmiyyətdə mənəvi deqradasiya-aşınma prosesi gedir. Və bunun qarşısını almaq lazımdı. Sizcə, belə halda teatr maarifçilik funksiyasını necə bitmiş hesab edə bilər? Sözsüz, mən başa düşürəm ki, bu, yalnız teatrın üzərinə düşən iş deyil, bunun üçün cəmiyyətin bütün infrastrukturları işə düşməlidir. Amma burada teatr ruhi qida – mənəvi təmizlənmə mənbəyi kimi böyük rol oynaya bilər.
 
 
- AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinə rəhbərlik edirsiniz. Uzun illərdir orada çalışırsınız. Aparılan tədqiqatlar  arasında teatr prosesi üçün nəzəri, tənqidi və ideoloji baxımdan əhəmiyyətli olan, yəni, nələrisə görməyi, göstərməyi bacaran işlər olubmu? Yoxsa daha çox  tarixi faktoloji xronikaya meyl edilib?
 
- Bizim vəzifəmiz, Akademiyanın bir şöbəsi olaraq, ilk növbədə, fundamental problemləri araşdırmaqdır. Bununla yanaşı, milli teatrşünaslığımızın elmi əsaslarını yaratmış Cəfər Cəfərovdan bu yana demək olar ki, bütün teatrşünaslar həm teatr tarixi, həm də teatr tənqidi ilə məşğul olublar. Teatrın nəzəri problemləri ayrılıqda nisbətən az işlənsə də teatr tariximizə həsr olunan əsərlərdə nəzəri məsələlər də yer alıb. Məsələn, götürək Cəfər Cəfərovun “Azərbaycan teatrı” monoqrafiyasını. Bu kitab milli peşəkar teatrımızın 100 illik tarixini əhatə etsə də biz burada teatrımızın keçdiyi tarixi yolla yanaşı, onun repertuar mənzərəsi, dramaturgiya, rejissor, aktyor sənəti, teatrın inkişaf meylləri və sair haqqında dərin nəzəri ümumiləşdirmələrin şahidi oluruq.
 
- Vidadi müəllim, siz həm də teatr sosiologiyasını araşdırırsınız. Teatr və tamaşaçının tələbləri nələrdir və nələrdə üst-üstə düşmür?
 
- Onların tələbi nə ola bilər? Onlar ilk növbədə bir-birləri ilə qovuşmaq istəyirlər. Çünki onlar bir-birlərini yaradıblar və bir-birləri üçün yaranıblar. Bu gün isə onlar demək olar ki, ayrı düşüblər.
Məsələn, statistika üzrə 2013-cü ildə 28 peşəkar teatrı olan Azərbaycanda teatr tamaşalarına cəmi 661 min tamaşaçı baxıb. Başqa sözlə, hər min nəfərdən cəmi 71 nəfər tamaşaya gedib. Müqayisə üçün deyim ki, 2012-ci ilin göstəricilərinə görə, hələ digər ölkələri demirəm, iqtisadi-sosial baxımdan bizdən dəfələrlə kasıb yaşayan Moldovada bu rəqəm 113, üzdəniraq qonşularımızda isə 140 olub.
Sosiologiyada “asudə vaxt” və onun planlaşdırılması deyilən bir anlayış var - bugünkü cəmiyyətdə adı olsa da, özü, demək olar ki, yoxdu. Hətta sovet dövrünün statistik göstəricilərində asudə vaxtın əhali tərəfindən necə bölüşdürülməsi, istifadə olunması haqda məlumatlar yer aldığı halda, indiki statistik arayışlarda həmin məlumatlara rast gəlinmir. Bu, o deməkdir ki, asudə vaxt anlayışı dövriyyədən çıxmaqdadır. Halbuki, vaxtilə asudə vaxt bölgüsü cəmiyyət üzvünün rifah halının, mədəni səviyyəsinin göstəricisi idi. Yəni bu göstəriciyə əsasən bilmək olurdu ki, hər bir statistik vətəndaş gün ərzində, ay ərzində, il ərzində teatra, kinoya, idmana, musiqiyə, kitaba, mütaliəyə, televizora baxmağa, radio dinləməyə və sairə nə qədər vaxt və pul sərf edib.
Bəs bu gün? Bu gün Azərbaycan teatrının potensial tamaşaçısının, yəni ölkənin əmək qabiliyyətli, iqtisadi fəal əhalisinin təxminən üçdə biri dövlət sektorunda, büdcə təşkilatlarında, digər üçdə iki hissəsi isə özəl sektorda çalışır. Deməli, əhalinin yalnız üçdə biri müəyyən edilmiş, konkret və sabit aylıq qazanca və iş vaxtına malikdir, əhalinin üçdə ikisində isə bu göstəricilər qeyri-müəyyən və qeyri-sabitdir. Burada bir ziddiyyət də ondadır ki, sabit qazanca malik olanların gəliri az, qeyri-sabit qazancı və iş vaxtı olanların gəliri çoxdur. Və bu halda gəl asudə vaxtını və pulunu böl, görüm necə bölürsən?! Sırf sosioloji baxımdan teatr və tamaşaçı münasibətlərinin üst-üstə düşməyən məqamlarından, həm də ən ciddi məqamlarından biri budur.
Bu yerdə teatr cəmiyyətin aynasıdır kəlamı yada düşür. Amma teatr təkcə səhnədə oynanılan tamaşası ilə, orada göstərilən hadisələrlə deyil, bütövlükdə özünün repertuarı ilə, həmin repertuarın mövzu və janr dairəsi ilə, tamaşaçı sayı ilə, tamaşaçılarının tərkibi, onların sosial vəziyyəti, mədəni səviyyəsi ilə təmsil etdiyi cəmiyyətin aynasıdır.
Teatrın aynası isə onun repertuarıdır. Teatrlarımızın repertuarı isə göstərir ki, mövzu və janr dairəsi nə qədər dardır. Məzmun və forma baxımından müasirlik ruhundan uzaq, ictimai-sosial ideyadan məhrum, cəmiyyətə heç bir mesaj ötürməyən sıravi tamaşalar cari repertuarın əsasında durur. Son dövrlərdə tarixi mövzulara həddən artıq meyl və onların müasirliklə səsləşməyən yozumu da tamaşaçı probleminə ciddi təsir edən amillərdir. Bu yerdə mərhum Rafiq Tağının sözləri yadıma düşür. O, təxminən belə yazırdı ki, Vətən torpaqları qanla süslənən, Qarabağ faciəsini yaşayan Azərbaycan tamaşaçısı üçün teatrda göstərilən faciələr komediya təsiri bağışlayır.
 
 
- Bu gün milli teatrın inkişafı üçün keçirilən tədbirlər -beynəlxalq konfranslar, dəvətlər, qastrollar, festivallar və s. ”inteqrasiya çabaları” bu prosesi hərəkətləndirmək üçün nə qədər effektivdir?
 
- Bilirsiz, hər şey aşağıdan başlamalıdır, yuxarıdan heç vaxt inqilab olmur. Qanunvericilik baxımından bizdə hər şey var - ölkə başçısının fərman və sərəncamları, teatr haqqında qanun, teatrın inkişafına dair dövlət proqramı və s. Həmin hüquqi-normativ sənədlərə uyğun çoxlu işlər də görülür, müəyyən uğurlar da var. Amma və lakin... teatr prosesi istənilən səviyyədə intensivləşmir, ictimailəşmir...
Mənim yadıma “Ad günü” filmi düşdü. Yadınızdadır da həmin filmdə oğluna ad günü keçirmək istəyən ata nə qədər əlləşir, tər tökür, bütün dost-tanışlarını evinə yığır, bütün naz-nemətləri alıb gətirir ki, hər şey yaxşı, yüksək səviyyədə olsun. Amma nə olur, axırda yorulub o biri otaqda yatır və heç sevimli, hörmətli qonaqlarının yadına da düşmür. Qonaqlar yeyib-içib dağılışırlar. Sonda o, balkondan təsadüfən gördüyü Mustafa müəllimi evə dəvət edir və tanımadığı, ilk dəfə gördüyü bu adamla, çox səmimi, şən, yaddaqalan bir ad günü qeyd edirlər...
Bizim rayon teatrlarımız var ki, sonuncu dəfə nə vaxt Bakıda olduqlarını unudublar. Başa düşürsüz də bu nə deməkdi? Mən düşünürəm ki, biz ilk növbədə ölkədaxili inteqrasiya prosesini keçməliyik. Bunsuz bizim dünya teatrına inteqrasiyamız mümkün deyil. Biz özümüzü tanımadan, özümüzə əmin olmadan Qərbə inteqrasiya edə bilmərik, orada itib-batarıq.
Digər tərəfdən biz teatr konfranslarından daha çox, yerli və beynəlxalq teatr festivalları keçirməyə üstünlük verməliyik. Çünki yaradıcılıq mübadiləsi inkişafın ən vacib şərtlərindəndir. Necə deyərlər, min eşitməkdənsə bir görmək yaxşıdır.
Başqa bir məsələ odur ki, bizdə yalnız repertuar teatrı modeli fəaliyyət göstərir. Halbuki alternativ teatr modellərinin olması prosesi daha dinamik edər və teatrımız bundan yalnız qazanmış olardı. Ən vacibi isə teatrlara daha artıq yaradıcılıq və maliyyə müstəqilliyi vermək lazımdır. Milli teatrımızın inkişafı yalnız bu yollardan keçir.
 
- Bu gün repertuarda olan, adi, sıravi tamaşaçıya ürəklə məsləhət gördüyünüz hansı tamaşadır?
 
- Dediyiniz parametrlərə uyğun Akademik Milli Dram Teatrının “Anamın kitabı” tamaşasının adını çəkə bilərəm. Yeri gəlmişkən, Cəlil Məmmədquluzadənin bu əsəri də maarifçi əsərdir.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024