Region (27-03-2015, 18:21)
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
İqbal Ağazadə: "Xalqın əli icraya çatmadığına görə Milli Məclisi günahlandırır"
Müsahibimiz millət vəkili, “Ümid” partiyasının sədri İqbal Ağazadədir. Əslində onunla söhbətimiz siyasətdən kənar, qeyri-rəsmi olmalı idi.
Lakin bu gün bütün söhbətlər əvvəl-axır gəlib siyasətə toxunur. Bu dəfə də istisna olmadı.
- Söhbətimizin qeyri-rəsmi, siyasətsiz olmağını istəyirdik. Amma telefonla danışanda nədənsə bu təklifimizə bir az sərt reaksiya verdiz.
- Yox, yox. Sizə elə gəlib. Heç bir problem yoxdu. Mən, ümumiyyətlə, sərt insan deyiləm.
- Onda niyə evinizdə çəkiliş aparmaq, uşaqlıq şəkillərinizi görmək istədiyimizi deyəndə çadırda yaşadığınızı söylədiz?
- Mənim heç uşaqlıq şəkillərim yoxdu ki. Qaçqınlıq vaxtı hamısı itib.
- Bahalaşma necə təsir elədi sizə?
- Çox pis. Əgər kimsə hesab eləyirsə ki, ona təsir eləməyib, yalan deyir. Bazarda kartofun bir kiloqramının ən aşağı qiyməti 75 qəpikdi, ən yuxarı isə bir manat otuz qəpik. Təbii ki, təsir eləyir. Necə təsir eləməsin?!
- Kreditiniz vardı?
- Var idi. Özü də dollarla.
- Bəs işçilərinizin maaşını artırdınızmı?
- Bizim işçilərimiz yoxdu. Partiyada çalışanlar daha çox ictimai əsaslarla fəaliyyət göstərirlər. Texniki işçilər var ki, onlar narazılıq etsələr də, budu, etməsələr də. Neyləyə bilərik?! Bizdən asılı deyil. Hər kəs bilir ki, biz müxalif partiyayıq. Çalışırıq hakimiyyəti dəyişək və Azərbaycanı biz idarə eləyək. Ona görə də çalışsınlar, bir az çox çalışsınlar, biz də tez dəyişək.
- Milli Məclisdə oturursuz, təkliflərlə çıxış eləyirsiz. Amma bizim efirdən gördüyümüz qədərilə təkcə sizin yox, bütün müxalif millət vəkillərinin təklifləri nəzərə alınmır. Bəs heç əksi olubmu?
- Olub. O demək deyil ki, heç bir şey nəzərə alınmasın. Hətta bizim dediyimiz üçün nəzərə alınmayandan sonra öz təklifləri kimi qələmə verib onu müzakirə ediblər. Amma oturmaq sözündən xoşum gəldi. Həbsxanada olanlar heç vaxt “həbsxanada yatmışam” demirlər, “oturmuşam” deyirlər. Bu, yaxşı sözdü. Əslində bilirsiz, necədi? Xalqın əli icraya çatmadığına görə Milli Məclisi günahlandırır. Milli Məclis qanunları işləyən tərəfdi. O, nə maaşı azaltmır, nə artırmır. Bunların hamısını İcra həyata keçirir. Xalqın da icraya - nazirlərə, məmurlara, prezidentə və digərlərinə əli çatmadığına görə əli çatdığı yeri daha çox vurur.
- Deyirsiz, xalqın Məclisə əli çatır?
- Məclisə əli çatır. Ən azından, bu qapıya hər kəs gələ bilir. Məclisin bir nümayəndəsinin qapısına. Nə fərqi var ki?! Elə fərz eləyin ki, mən. Məclisdə ən zəif millət vəkiliyəm. Amma bu qapıya gələ bilirlər. Gələ bildikləri üçün də vura bilirlər. Təbii ki, məclisdəkilərin hamısı süddən çıxmış ağ qaşıq deyillər, bununla razıyam. Hətta son dövrlərdəki bəyanatları eşidəndə bir az təəccüblənirəm ki, bu həmin Milli Məclisdimi?
- Növbəti sualım elə bu barədə idi: axır iki-üç bəyanatdan sonra əminəm ki, hamını bir şey düşündürür: orda oturanlar nə yeyib, nə içirlər?
- Bu mənim üçün də maraqlıdı. Mən də öyrənmək istəyirəm, görəsən, onlar Milli Məclisdəmi yeyib-içirlər.
- Ünsiyyətdə olmursuz bəyəm?
- Çox az ünsiyyətimiz olur. Mən, adətən, Milli Məclisin plenar sessiyalarına qatılıram, ordan da bura- iş yerimə gəlirəm.
- Debatlarda olduğu kimi- gəlirsiz və gedirsiz?
- Gəlirəm və gedirəm. Təbii ki, hamıya hörmət eləyirəm, hamı ilə xoş münasibətim var. İnsanları iqnor etmək xarakterimə ziddir. Bununla belə mən, adətən, qarışmıram.
- Yəni, məsələn, fasilədə bir yerə toplaşanda, ya da yanlarından keçəndə nədən danışdıqları da qulağınıza dəymir?
Olur, amma hərənin öz düşüncəsi, öz çevrəsi, öz problemləri var. Hər kəs öz problemlərindən danışır. Amma mütləq soruşacam. Soruşacam ki, sizə nə olub?
- Bəs siz Hadı Rəcəblinin bəyənatına münasibət bildirdinizmi?
- Bir müsahibəmdə demişdim, amma parlamentdə də mütləq bildirəcəm. Bu, Əmək qanunvericiliyində zidd bir açıqlamadı. İnsanlar keçən əsrdə səkkiz saatlıq iş günü, beş günlük iş həftəsi uğrunda illərlə mübarizə aparıblar, üsyanlar ediblər, barrikadalar qurublar, inqilablar olub. Siz indi XXI əsrdə müəllimə təklif eləyirsiz ki, on altı- on yeddi saat işlə. Azərbaycan Konstitusiyasına və Əmək qanunvericiliyinə görə iş saatı 42 saatdan artıq olmamalıdı. Siz deyirsiz, ki, müəllim, səkkiz saatını məktəbdə işlə, ondan sonra da get, fəhləlik elə. Bu gün bir jurnalist çox gözəl sual verdi, xoşuma gəldi. Dedi ki, Hadı müəllim kişilərə ev tikməyi məsləhət görür, bəs qadınlar nə işlə məşğul olsunlar? Lütfən, onların da nə iş görəcəyini desin, bütün müəllimlər işini bilsin. Bəs həkimlər nə iş görsünlər? Bəs maaşı aşağı olan digər insanlar neyləsinlər? Bu, əslində normal məntiqin yanaşması deyil. Sənin də, dövlətin də, hökumətin də vəzifəsi hər bir insana işlədiyi sahədə ailəsini dolandıra biləcək, özünü təmin edə biləcək qədər maaş verməkdi. Yoxsa “get ikinci, üçüncü, dördüncü, beşinci yerdə işlə” nə deməkdi? Hansı fəlsəfəyə söykənir? Bu, çox kökündən yanlış bir açıqlamadı.
- İqbal müəllim, maaş demişkən, deputatların maaşı nəyə çatır?
- Azdı. Min səkkiz yüz. Bir insanın dolana bilməyi üçün nə qədər vəsait lazımdı? Məsələn, sizin üçün normal olan nədi?
- Ən azı, beş yüz manat, altı yüz lazımdı.
- Ay sağ ol. Mənim eyni kateqoriyadan olan sürücüm var. Ona sizin dediyiniz qədər maaş verirəm- beş yüz manat. Çıxın min səkkiz yüzdən. Mənim maşınım nə hava ilə işləmir, nə də günəş enerjisi ilə. Benzinlə işləyir. Bakıda da kifayət qədər işlədirəm, rayonlara da gedirəm. Bu benzinin pulunu da çıxın. Görün, ordan mənə bir şey qalırmı?
- Bəs nə ilə dolanırsız?
- Çətindi, çox çətindi. Allaha şükür, dolanışığımdan gileylənmirəm. Amma hamı elə bilir ki, 1800-ü aldıq, qoyduq cibimizə, vəssalam. Bizim gəzməyimiz, toya getməyimiz, yanımıza gələn olanda yardım etməyimiz filan- heç belə şeylər olmur. Elə cibimizdədi. Bəs sonra? Bəs sonra hardan alırıq? Bunu düşünən olubmu? Baxın, Gürcüstanda millət vəkilləri nə qədər alırlar? Hətta Ermənistanın millət vəkilinə baxın. Türkiyədə, Rusiyada, hətta Qazaxıstanda baxın. Azərbaycandan çox alırlar. Bu gün vətəndaş deputatdan narazı ola bilər. Ümumi sistemdən narazıdı, Milli Məclisdən narazıdı və sair və sair. Nə qədər desəniz, saya bilərəm. Amma bir millət vəkili millətdən fərqli yaşamalıdı. Millət özü ona şərait yaratmalıdı. Mən millət üçün nədə pis olmuşam ki?
- Bir dəqiqə. Mən fikrinizi başa düşmədim. “Millətin vəkili millətdən fərqli yaşamalıdı” nə deməkdi?
- Fərqli yaşamalıdı yox, millət onu yaşatmalıdı. Ən azı normal. Çünki o, seçilmiş insandı. Sizcə, prezident niyə prezident seçiləndən sonra maaşı artır?
- Məncə, artmamalıdı.
- Necə artmamalıdı? Niyə?
- Niyə artmalıdı ki?
- Onda o, niyə uzun illər mübarizə aparıb ora seçilməlidi?
- Prezident olmaq istəyir, xalqa bir şeylər təklif edir..
- Onda başqa cür deyək. Siz niyə müdafiə edirsiz, diplom alırsız?
- Özümə görə.
- Özünüzə görə? Niyə? Yaxşı maaş alacaqsız. Yaxşı yaşayacaqsız. Təminatınız yaxşı olacaq.
- Yox, bu axırda gəlir.
- Yəni aşağı-yuxarı bundan ötrü ki, başqalarından fərqlənəsiz.
- Fərqlənmək məqsəddi, amma maaşla yox.
- Fərqi yoxdu, sonra gəlsin, əvvəl gəlsin, amma gəlir də. Elə deyil?
- Buna görə xalqın mənə borcu yoxdu axı...
- Sizcə, millət vəkilinin özünün qazandığı bir şey yoxdumu? O, seçicinin etimadını özü qazanır. Fəaliyyəti, yanaşması, mövqeyi ilə..
- Bəlkə bayaq adını çəkdiyiniz Gürcüstanda elədi. Bizdə etimad qazanmaq məsələsi əksəriyyətə aid olan bir şey deyil.
- Mən əksəriyyətin adından danışmıram, şablonu deyirəm hələ. Sui-istifadəçilər həmişə var və olacaq da. Siyasi partiya kimi bizim də mübarizəmiz onun üçündür ki, sui-istifadəçilər az olsun. Ancaq bir millət vəkili uzun illər ona görə siyasi fəaliyyət göstərir, seçici ilə təmasa girir, etimad qazanır ki, həm seçiciyə vicdanla xidmət eləsin, həm də özü qazansın. Heç kim - siyasətə gəlmək istəyən, olan, yaxud da gələcək adam- heç kimi aldatmağa çalışmasın, müdrik görkəm alaraq deməsin ki, biz təkcə xalqa xidmət üçün gəlmişik. Xalqa xidmət var- vicdanla, dürüstlüklə. Məsələn, mən bu gün hesab eləyirəm ki, xalqıma mövcud hakimiyyətdən daha vicdanla, dah səmərəli, daha çox xeyir verə bilərəm. Bu mənim düşüncəmdi və hakimiyyətə gələndə də çalışıb bunu edəcəm. Mənim düşündüyüm mənafe budur: Bir siyasətçi olaraq Azərbaycan tarixində adım yaxşı yerə yazılsın. Mənim götürə biləcəyim qazanc budu. Həm də qanunun imkan verdiyi və hakimiyyətin də tanıdığı imkanlar çərçivəsində maddi vəziyyətim də yaxşılaşsın. Bunlar həyatın gerçəkləridi. Kim kimi aldatmaq istəyir ki, sən demə, XXI əsrdə biz, təkcə insanlara xidmət eləmək haqqında düşünürük? Onda gedin, əlinizə bir kitab alın, maaşsız maarifləndirməklə məşğul olun, siyasəti neynirsiz?!
- Əgər adi insanın minimum əmək haqqı 150-200 manatdırsa və bununla yaşaya bilmirsə, deputatını necə yaşatsın?
- Sualınız doğru deyil. Xalq maaş vermir. Maaşı hökumət verir. “Xalq yaşatmalıdı” deyəndə, yəni xalq razı olmalıdı, “niyə deputatın maaşı bu qədərdi” deyə ona qarşı çıxmamalıdı. Bəs necə olsun? Onlar sənin seçdiyin 125 nəfərdi ki, bu ölkənin qanunlarını tənzimləyir, qanunlarını yaradır, qüvvəyə mindirir və nəticədə bütün ölkənin təhlükəsizliyi, rifahı, sosial vəziyyəti bu qanunlar vasitəsilə idarə olunur. Yolda hüquqlarınız pozulsa, kimə müraciət edəcəksiz? Məhkəməyə. Sizə biri bir şey etsə, polisə müraciət eləyəcəksiz. Azərbaycan məhkəmələrinin ədalətsiz qərarlar verdiyini də bilirəm, insanların siyasi sifarişlə həbs edildiyini, siyasi məhbusların olduğunu da. Amma həm də vətəndaş var. Hüququnuz pozulanda heçmi polis sizin hüququnuzu müdafiə eləmir? Məhkəmə heçmi sıravi vətəndaş kimi sizin hüquqlarınızı bərpa etmir? Məhkəmələrin çıxartdığı qərarların başdan-ayağa hamısı ədalətsizdi? Axı, o qərarları biz vermişik- millət vəkilləri səs verib onlara. Ölkə o qərarlarla idarə olunur. Hə, qərarların tətbiqinə hakimiyyətin yanaşmasında qüsurlar var. Biz bu qüsurları aradan götürməyə çalışırıq. Amma “millət vəkillərinin nə xeyri dəyir” demək nədi? 91-ci ildən – müstəqillik qazanandan bu yana qəbul olunan bütün qərarlar- cinayət prosessual məcəlləsindən, mənzil hüququndan, mülki məcəllədən tutmuş hətta adi davranış normasına qədər hər şeyi o Məclis qəbul etməyibmi? O məclisin qüsurlu tərəfləri var, pis adamları var. Bəzən seçilməyən adamlar var, bəzən seçilib, sonra haqqı yeyilib, ora gəlib çıxmayan adamlar var. Bunlar neqativlərdi, ancaq bolşevizm təfəkküründən əl çəkmək lazımdı. “Xeyirləri dəymir, hamısını kəsin-atın” nə deməkdi? Yaxud millət 150 manat maaş alır, 200 manat maaş alır, vəkil də 200 manat alsın. Axı, biz çalışırıq ki, 200 alan da 1800 alsın. Bunun əvəzində “sən də 200 alacaqsan, canın çıxacaq, çünki xalq iki yüz alır” demək bolşevizm təfəkkürüdü. Bundan əl çəkmək lazımdı. Biz çalışmalıyıq ki, hamı yaxşı, adam kimi yaşaya bilsin. Yadınızda saxlayın: dünyanın hər yerində, hər bir ölkəsində millət vəkili adi vətəndaşdan- təbii ki, iş adamından, xüsusi biznesi olan sahibkarlardan fərqli olaraq- dövlət məmuru kateqoriyasında olan hər kəsdən- müəllimlərdən, həkimlərdən qat-qat artıq maaş alır. Bütün prezidentlər, seçilmiş adamlar digərlərindən üstün məvacib alır. Bu onların haqqıdı, çünki onun adı seçilmiş adamdı. Hə, Azərbaycanda yaxşı seçmirlər. Bu artıq başqa mövzudu. Gəlin, yaxşı seçək. Bu o demək deyil ki, çirkli su ilə birlikdə uşağı da pəncərədən çölə atmalıyıq. Bu, doğru yanaşma deyil və mən bununla razı deyiləm. Mən bütün proseslərə pozitiv baxıram. 91-ci ildə, hətta 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində biz müstəqillik uğrunda mübarizə aparanda kommunistlər deyirdi ki, dəlisiz, bu sovet hökuməti dovşanı araba ilə tutur, hamınızı içəri dolduracaq. Amma müstəqillik əldə olundu. Səhv etmirəmsə, Avropa Şurasına daxil olanda 1064 siyasi məhbusumuz vardı. 2001-ci ilin yanvar ayında. Bu gün 100-ə etiraz eləyirik. Doğrudu, qəbul eləyirəm, ancaq rəqəm on dəfə kiçilib. Çox pisdi, olduqca pisdi. Mən bu vəziyyəti qəbul etmirəm, hər dəfə parlamentdə bu məsələni qaldırıram, hər dəfə o insanların haqlarının verilməsini istəyirəm. Amma bir şeyə də diqqətlə baxıram. Axı, zaman-zaman irəliyə gedirik! Niyə hamımız səy göstərib daha irəliyə getməyək? 2003-cü ildə altı yüz neçə nəfər siyasi məhbus vardı. Təkcə bir məhkəmə epizoduna görə min yüz adam vardı içəridə. Min yüz adam! Zaman dəyişdi. Ancaq demokratiyanı bu gətirməyəcək. Yaxşılığı da bu gətirməyəcək. 2005-ci ildə mən həbsdən azad olundum. Demokratiya gəldimi? Yox. Bəzən insanlarımız demokratiyanın nə olduğunu unudurlar. Demokratiya bir düşüncədi, təfəkkürdü, yaşam tərzidi, vərdişlərdi, adətlərdi. Demokratiya prosedur deyil. 1992-ci ilin 7 iyununda Əbülfəz Elçibəyi demokratik yolla seçdik. Demokratiya gəldimi? Demokratik seçki demokratiya gətirməz. Onu düşüncə gətirir.
- Bu fikrinizlə razıyam, amma dedikləriniz məsələni bir az ağırlaşdırır. Demokratiya düşüncə tərzidi, insanın düşüncəsi azad olmalıdı ilk növbədə. Ancaq bu halda cəmiyyətdə bir dəyişiklik gedə bilər.
- Biz bu barədə sizinlə danışa bilirikmi? Bunun müsbət ola biləcəyi haqqında öz aramızda debat apara bilirikmi? Avropada təhsil alıb gələn yüz nəfərdən ən azı on beşi, iyirmisi artıq yeni, azad düşüncə haqqında danışa bilirsə, çox gözəl olacaq.
- Bizim kimi onlar da öz aralarında danışırlar.
- Gözəldi. Hər şey bundan başlayır. Uçan xalça haqqında əvvəllər insanlar nağıllar uydururdu, sonra təyyarələr kəşf olundu. Əvvəlcə hər şey danışılır. İnsanlar arasında səslənən ən pozitiv fikirlər belə tezliklə kütləvi fikrə çevrilir, sonra da insanların yaşam tərzinə. Əvvəl təzə danışanlara gülürlər, lağ eləyirlər, dışlayırlar cəmiyyətdən, iqnor eləyirlər. Sonra yavaş-yavaş alışırlar. Bilirlər ki, filankəs bunu vaxtilə deyib. İlk qaranquşların hamısına dəli deyiblər. Bu gün azmı eşitmisiniz, demokratiya, azadlıq, azad fikirlilik, azad düşüncə haqqında mübarizə aparanlara “bala, dəlisən, nə işinə qalıb, get, başını aşağı sal, çörəyini ye” desinlər? Bax, cəmiyyətdə hələ bu cür yanaşmalar da var. Hələ dedi-qodu səviyyəsindədi. Ancaq bir azdan prosesə daha çox adam qoşulacaq.
- Bu çox uzun bir proses olmayacaqmı? Doqquz demirəm, yeddi milyon da demirəm, heç olmasa, dörd milyona çatması üçün xeyli vaxt lazımdı.
- Heç vaxt zamanı qabaqlamaq olmaz. Bu bizim düşüncə xəstəliyimizin dərin və ağır olduğunun göstəricisidi. Müalicə etməliyik, başqa yolumuz yoxdu. Döyə-döyə heç nə etdirmək mümkün deyil. Zorla bizi heç kim qabağına qatıb, aparıb deməyəcək ki, bax, bu sərhəddən o tərəfdə demokratik düşüncə başlayır, burdan keçən hər kəs demokratik olacaq. Belə olmur. Bu, tədrici bir prosesdi, zaman-zaman gedəcək. Bu, insan tərbiyəsidi, evdən, ailədən başlayır. Evimizdə, ailəmizdə valideynimiz çox nadir hallarda bizim şəxsiyyət kimi yetişməyimizə kömək eləyir. Uşaq məktəbə gedir: “Bala, müəllim nə deyir, onu elə”. Əsgərliyə gedir: “Komandir nə deyir, onu elə”. İşə girir: “müdirin nə deyir, onu elə”. Bir adam da demir ki, bala, qanuna riayət elə. Bu yetişdirir hər kəsi. Bizim tərbiyəmiz mental dəyərlərdən gəlir. İndi- indi formalaşır. Siz deyirsiz ki, bunların hamısını birdən-birə dağıdaq. Belə proses mümkündü. Gərək qəfləti bir proses olsun. Məsələn, SSRİ-nin dağılması kimi. O, bir təlatüm yaratdı, təlatümün içərisində müstəqillik qazandıq. Amma sonra onu irəli apara biləcək düşüncə, təfəkkür olmadı. Olan da bəsit düşüncə, təfəkkür idi. Aristotel deyirdi ki, ən böyük demokratiya məişət demokratiyasıdı. İnsan məişətində nə qədər demokratikdisə, cəmiyyətdə də o qədər demokratikdi. Bizim insanlar məişətdə qətiyyən demokratik deyil. 1988-ci ildə mitinqə qalstuksuz çıxan Vəzirova “bambılı” dedilər. Amma 89-90-cı illərdə həftəsonları qalstuk taxana deyirdilər ki, bu özünü nə hesab eləyir, bir az azad olsun, Avropaya, dünyaya baxsın.
- Belə çıxır ki, Azərbaycanda proseslər təbii axarı ilə getməlidi.
- Bilirsiz, təbii axar nədi? İnsan çayların məcrasını dəyişir, yeni bir yola salır. İnsan meşədən, dağlardan yol salır, işıq çəkir. Demokratiya da belədi. Bilənlər daha geniş sərhədlər açacaqlar, daha çox adamı o prosesə cəlb edəcəklər. Bu gün bizim yerinə yetirdiyimiz missiyanın böyüklüyü və müqəddəsliyi də bundadı. Kim bunu qəbul edirsə, bu yaşamı qəbul edirsə, biz o insanları dəvət etməliyik. Təbii axar deyəndə allahın ümidinə buraxmağı nəzərdə tutmuram. Biz həm də meşədən, dağdan yol çəkənlər kimi o yolu çəkməliyik, o işığı çəkməliyik, hər bir evdə, düşüncədə yandırmalıyıq, izah etməliyik insanlara. Bu isə dava ilə, küçədə qışqırmaqla olmur.
- İqbal müəllim, iki il prezidentliyə namizədliyinizi vermisiz. Nəyə ümid eləyirdiz? Nəticənin başqa cür ola biləcəyinə?
- Sizin üçün nəticə bir ayrı şeydi, mənim üçün ayrı şey. Bayaq dedim ki, demokratiya həm də vərdişdi. Bilirsiz, insan xarakteri necə formalaşır? Gündəlik hərəkətlər vərdişlərə, vərdişlər adətlərə, adətlər xarakterə çevrilir. Azərbaycan insanında seçki vərdişləri formalaşmalıdı. Bizdə seçki vərdişləri formalaşmayıb. Bizim insanlar deyir ki, biz seçmirik. Buna son qoymalıyıq və insanlara deməliyik ki, sən seçməlisən, seçkiyə gəlməlisən, fərqli fikir eşitməlisən. Mənim üçün bu gün nəticə budu. Qətiyyət məyus olmuram. Mən gördüyüm işi sevə-sevə görən adamlardanam. Yenə deyirəm: bəlkə mən heç vaxt prezident olmayacam. Bəlkə də seçkilərdən əvvəl prezident olacam. Bəlkə növbəti seçkidə. Mən prezident olacağıma çox inanıram və buna doğru gedirəm. Amma mənim yaşam və siyasi mübarizə kredom prezident olmaq deyil, Azərbaycan insanını gerçək demokratik bir cəmiyyətə hazırlamaqdı. Mənim vəzifəm budu. Mən bu gün bu missiyanı daşıyıram. Mən seçkilərdə hər şeyi dedim və hamıdan yaxşı dedim. Gələcəklə bağlı mesajlarım da pozitiv idi. İqtidarınkından da yaxşı. Əhali hələ bizi eşidir, dinləmir. Eşitmək fiziki bir şeydi, allah vergisidi. Hələ ki Azərbaycan seçicisi heç kimi dinləmir. O, problemlərini dinləyir, qarnının qurultusunu dinləyir, mədəsini dinləyir, pozulmuş hüquqlarından ona dəyən acıları dinləyir. Bax, budu problem.
- Dinləyir, amma dəyişmək istəmir.
- Yox, yox, o, dəyişməyə çalışır, bütün çabası ondan ötrüdü. Sadəcə bizi eşitməyə çalışmır. Azərbaycan seçicisi zəkanı çox az eşidir. Dinləmir zəkanı. Hələlik onun problemləri var. Qınamıram onu. Adam sabah necə yaşayacağını düşünür. Mən ilk debatda demişdim ki, birinci dəfə namizəd olanda sizə “beş ildən sonra yenə qarşınıza çıxsam, problemləriniz həll olunmayacaq, çünki bu iqtidar hakimiyyətdədi” söyləmişdim. Bu gün yenə gəlmişəm, həmin problemlər qalıb, iqtidar da yerindədi. Qulaq asmasanız, beş ildən sonra yenə belə olacaq. Biz bunu dəyişməliyik. Azərbaycan insanının missiyası ayrı olmalıdı bu gün. Sizin də, mənim də, o birisinin də. Əslində biz bu gün insanlara düşüncə azadlığının nə olduğunu təbliğ etməliyik. Məsələn, mitinq olur. Məqsəd hakimiyyətə təsir etməkdi. Amma iki min-beş min adamın təsiri yoxdu. Əksinə bundan hakimiyyət udur. Mübarizə formalarını dəyişmək lazımdı. “Bahalaşmaya son, talana son” deyə mitinq keçirdi. İki addım o tərəfdə isə adamlar cibindən pul verib, hakimiyyətin qaldırdığı qiymətlərə deyinə-deyinə, söyə-söyə bazarlıq eləyirdi evinə. Ordan-ora “Məhsul” stadionuna getmir.
- Demək istəyirsiz ki, o mitinqlər mənasızdır?
- Zərrə qədər mənası yoxdur.
- Yaxşı, bəs insanlar etirazlarını necə bildirməlidilər?
- Əvvəlcə araşdıraq görək, hansı formada etiraz etmək istəyirlər? Azərbaycanda avtoritarizm yoxdu. Bizdə neoavtoritarizm var. Azərbaycanda siyasətlə məşğul olmayan vətəndaşın hakimiyyətlə heç bir problemi yoxdu. Onun adi məişət problemi var, yaxşı yaşamır və sair. Avtoritarizm başqa şeydi. Avtoritarizm cəmiyyətin böyük kəsimi üzərində hakimiyyətin basqısının olduğu deməkdi. Əvvəlcə bizi dinləyəcək və səsimizə səs verəcək auditoriyanı, onunla işləməyin düzgün metodlarını tapmayılıq. Hakimiyyət nə istəyir? Deyirsiz, mitinqə gələnlər çoxalıb. Əgər çoxalıb iki min olubsa, onda ölkədə problem qalmayıb. Çünki 2003-cü ildə əlli min- yüz min adam gəlirdi mitinqə. İndi min beş yüz- iki min adam gəlir. Deməli, problemlər azalıb. Bu səhv yanaşmadı. Hakimiyyət o müstəvini ona görə yaradıb ki, insanlar ora çıxmasınlar, qorxu mühitində yaşasınlar. Bayaq dediyim neoavtoritarizm budu. İnsanların heç vecinə də deyil, kim harda neynəyir. Deyir ki, bilirsən nə var, ağrımaz başıma buz bağlamaq istəmirəm. Dünənki mitinq hakimiyyətin uğuru idi. İqbal Ağazadə parlamentdə deyir ki, xalq narazıdı. Cavab verirlər ki, əə, bilirsən nə var, səndən də radikal danışan tərəf var, özü də lap dədəmə də söyür, “Məhsul” stadionuna çıxmışdı, o narazı xalq harda idi? Niyə gəlməmişdi? Budu. Və haqlı görünürlər. Çox haqlı görünürlər. Qərbin də qarşısında haqlı görünürlər, bizim də qarşımızda. Demək, xəstənin hansı müalicəyə cavab verdiyini tapmaq lazımdı. Əgər başınızın ağrısını analgin kəsmirsə, bir başqa dərmanı sınamalısız. Biri spazmalqon təklif edəcək, digəri başqa şey. Həkimin vəzifəsi orqanizmin nəyə cavab verdiyini müəyyənləşdirməkdi. Xəstə, problemli Azərbaycan cəmiyyəti var. Mitinq onun dərdinə əlac deyil, proses getmir.
- Siz nə təklif eləyirsiz?
- Təkliflər mənim cibimdə deyil ki, çıxardım qoyum ortalığa. Bunu siyasi institutlar düşünməlidi. Dava etmədən, söyüş söymədən. Azərbaycan müxalifətinin gücünə və enerjisinə baxın. Dünyada bir dənə belə əbləh müxalifət yoxdu. Azərbaycanda nəyin üstündə dava eləyirlər? “Kim müxalifətdi”. “Mən real müxalifətəm, filankəs deyil”. Cəhənnəmə olmasın. Sonra? Bu nəyi dəyişir ki? Sənin müxalifət olmağın nəyi dəyişir? Rəhmətliyin nəvəsi, camaat iqtdar olmaq istəyir, müxalifət olmaq üstündə də savaş açarlar? Get, sən ən böyük müxalifətsən. Sonra? Bu məsələni hakimiyyət gətirib bu yerə çatdırıb. Bunu düşünmək lazımdı. Düşünmək lazımdı ki, mən nədən ötrü mübarizə aparıram? Müxalif olmaqdan ötrü? Durum, yerimi verim. Buyur. Bir dəfə zarafatla demişdim ki, kim müxalifət olmaq istəyirsə, mənə kömək eləsin, iqtidar olum. Mənə lənət, onlara müxalifət olmaq üçün şərait yaratmasam. Müxalifət olmaq da peşədimi? Bu vəziyyəti hakimiyyət yaradıb. Anlamaq lazımdı, nəhayət. Müstəvini hakimiyyət müəyyənləşdirir. Müstəvini dəyişməsək, özümüz də dəyişə bilməyəcəyik. Azərbaycan müxalifətinin bir qələbə modeli var: seçkilər saxtalaşdırılacaq, xalq seçkilərin nəticələrinə etiraz eləyib ayağa qalxacaq, mövcud hakimiyyəti devirəcək, təzədən seçki keçiriləcək, kim qabaqda olsa, onu da seçəcəklər. Belə model olmur, axı?! Bu, ifadəmə görə üzr istəyirəm, ən axmaq və həyata keçirilməsi çox çətin olan modeldi. Düzdü, postsovet ölkələrinin bir neçəsində bu model işə yarayıb. Məsələn, Gürcüstanda Saakaşvili noyabr çevrilişini 2003-cü il 1 noyabr seçkilərinin nəticələrinə görə edib. Yuşenko 2004-cü ildə seçki saxtakarlığına etiraz nəticəsində hakimiyyətə gəlib. Amma Azərbaycanda bundan fərqli model olub.
- Bir neçə il əvvəl demişdiz ki, Azərbaycanda din heç vaxt sosiallaşmayacaq, namaz və ibadət çərçivəsində qalacaq. Amma bu gün əksini görürük.
- Mən qətiyyən görmürəm. Sadəcə hər seçki öncəsi hakimiyyət daxili və xarici auditoriyaya dinin təhlükə olduğunu, özünün güclü olduğunu nümayiş etdirmək üçün dini ritorikanı işə salır. Vəhhabiləri sıxışdırıb balaca bir məscidə salıblar. Ora da beş yüz adam gedəndə çox görünür. Əlli məscidləri olsa, hərəsinə on adam gedəcək. Boş şeylərdi bunlar. Hakimiyyət bu situasiyanı qəsdən yaradır. Hə, Suriyaya, Əfqanıstana gedən olacaq. Pankisi dərəsinə gedən olmamışdımı? Ora da getmişdilər. Nə olsun? Mən dini Azərbaycanda qəti şəkildə təhlükə hesab eləmirəm. Bizdə bunun bazası yoxdu.
- Prezident seçilsəniz, Saakaşviliyə iş təklif edərdinizmi? Korrupsiya ilə mübarizə üçün ona müraciət edərdinizmi?
- Mən Saakaşvilidən daha yaxşı üsullar bilirəm. Qat-qat yaxşı. Elə bilməyin ki, Saakaşvili keçmiş sovet ölkələri üçün örnək ola biləcək modeldi. Daha rahat, ağrısız, səssiz-küysüz modellər var. Özü də çoxdu. Prezident seçkilərində onları proqram kimi çap etdirmişdim. Mən idarəetmədə düşüncə etibarilə diletant adam deyiləm və bu günkü hakmiyyətdən də qat-qat gözəl bilirəm onu. Azərbaycan siyasətində də kimlər varsa, müzakirə açmağa hazıram.
- Yəni hesab eləyirsiz ki, Azərbaycanda korrupsiyanın, adi insanların belə qanına işləmiş rüşvətxorluğun kökünü qısa zamanda kəsmək mümkündü?
- Adi insanlar korrupsiya ilə məşğul deyil. Korrupsiya ilə dövlət məşğuldu. İnsanlar rüşvtxorluqla məşğuldu. Bunlar fərqlidi. Siz rüşvətin neçə kateqoriyası olduğunu bilirsiz? Bir var varlanmaq üçün alınan rüşvət, bir var həyat şəraitini təmin etmək üçün, biri də var acından ölməmək üçün. Sən adama maaş vermə, sonra de ki, rüşvət alma. Ac qılınca çapar. O, istənilən vaxt alacaq. Sən yuxarıdan aşağı başqa bir sistem qurmalısan ki, bu faktlar aradan qalxsın. Hə, varlanmaq üçün rüşvət alanın dərhal basıb gözünü çıxardarlar. Amma həkimə 190 manat maaş verib deyirsən ki, əməliyyatdan rüşvət alma. Necə almasın? Bəs nə ilə yaşasın? Adama deyərlər ki, özünü dolamısan, ya məni? Mən 190 manata necə yaşayım? “Mən almıramsa, heç kim almayacaq” demək diletant yanaşmadı. Sən əvvəlcə kateqoriyasına, təsnifatına bax gör, hansı təsnifatla rüşvət alırlar, necə alırlar? Səbəb nədi? Ondan sonra ciddi ölçü götürə bilərsən. Biz bunların hamısını bilirik: kim, niyə və hansı ölçüdə rüşvət alır. Korrupsiyaya qarşı isə mübarizə aparmaq çox asandı. Hökumət idarəçiliyində şəffaflığı təmin edirsən, tenderlərin bazar qiymətlərini, satın almaları şəffaflaşdırırsan, vəssalam. Orda yad hava olan kimi dərhal hiss eləyəcəksən. Amma rüşvət asan deyil. Yaxud inhisarı aradan qaldırmaq. Heç kim düşünməsin ki, kimsə gələn kimi inhisarı aradan qaldıra bilər. Yox. Buna zaman lazımdı. Azad rəqabət mühiti üçün yaratmaq üçün vaxt lazımdı. Çünki ölkədə bu gün əlli bir faizlə seçilib, on gündən sonra üç faiz seçicini itirmək mümkündü. Problemlər o qədər çoxdu. Sosial problemlər, münasibət problemləri, idarəetmə problemləri, hakimiyyət problemləri, rüşvət-korrupsiya problemləri, şəffaf cəmiyyət problemi... Ona görə də asan deyil.
- Çox sağ olun. Bayramınız mübarək. İnşallah, arzularınıza çatarıq.
- Mütləq çatacağıq. Elə şeylər görüb gəlmişik ki?! 90–cı illərdə rayona gedirdik, qarşımıza bir dənə də maşın çıxmırdı. İndi maşın əlindən yeriyə bilmirik. Düzdü, problemlərimiz çoxdu, amma dünənlə müqayisədə irəliləyiş də var. Bu daha çox işləmək, daha çox irəli getmək üçün nikbinlik verir. Biz neyləyirik? Yalnız neqativ enerji yayırıq, “yox, mümkün deyil” deyirik. Bir də görürsən, ən yaxşı düşünən birinin də səsi xaricdən gəlir. A bala, hara getdin? Burda yaşaya bilmirəm. Sən də yaşama burda, bəs kim gəlib yaşayacaq? Kim düzəldəcək buranı? Kiminlə düzəldəcəyik?
- Onları da qınamaq olmaz. İnsan indi yaxşı yaşamaq istəyir, on ildən sonra yox..
- Vallah, mən müharibə də görmüşəm. Müharibədə patronu əlimdə çevirib fikirləşmişəm ki, vəəsalam, iyirmi üç- iyirmi dörd illik ömrümün sonu gəlib çatdı, ancaq Allah saxlayıb. Mən üç yüz yetmiş bir gün Bayılda təkadamlıq kamerada insan üzü görmədən qalmışam. Üç yüz yetmiş bir gün! Bir il beş gün! Yenə də ümidimi üzməmişəm. Və inanın ki, içimdə qətiyyən heç kimə qarşı nifrət, kin olmayıb. Bilirsiz niyə? Bircə şey düşünmüşəm. Mənim nifrətim, kinim düşüncəmə ziyan vuracaq. İnsanın içində bir qab var. Ora nəyi yığsan, ətrafına da onu verəcəksən. Sevgi yığsan, sevgi verəcəksən. Ayağım sınanda görmüşdüz, nə qədər optimist idim. İndi də eləyəm. Həbsxanadan yazdığım məktublar var. İndi uşaqlar oxuyub deyirlər ki, adam həbsdə bu qədər optimist olarmı?!
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024