Region (13-03-2015, 20:34)
“Azərbaycan” nəşriyyatı çap xərclərini 20 faiz bahalaşdırıb - MÜSAHİBƏ
Bəsti İsmayılova: “Qəzet və jurnalların redaksiyaları çap xərcinə görə borclarını bir ay ərzində ödəməlidirlər”
“Azərbaycan” nəşriyyatı martın 1-dən qəzet, jurnal və digər çap materialları üçün xərcləri 20 faiz artırıb. Bu isə sözügedən nəşriyyatın inzibati binasında yerləşən redaksiyaların və nəşriyyatın mətbəəsində çap olunan yazılı KİV-lərin ciddi narahatlığına və narazılığına səbəb olub.
Nəşriyyatın baş direktorunun müavini Bəsti İsmayılova «Həftə içi»nə müsahibəsində qiymət artımının səbəbləri, yazılı KİV-lər üçün nəzərdə tutulan güzəştlər barədə ətraflı danışıb:
- “Azərbaycan” nəşriyyatına poliqrafiya materiallarının 95 faizi xarici ölkələrdən gətirilir. Bu il həmin materiallarda 35 faiz qiymət artımı müşahidə olunub. Ancaq biz redaksiyaların maddi vəziyyətini nəzərə alaraq onlara 15 faiz güzəşt etdik və çap xərclərini yalnız 20 faizədək artırdıq. Ümumi çap xərcləri isə qəzet və jurnalların, eləcə də digər çap materiallarının tirajlarından, rəngli və ya ağ-qara olmasından və digər məsələlərdən asılı olaraq dəyişir.
- Nəşriyyat poliqrafiya materialları hansı ölkələrdən gətirir?
- Sözügedən materialların əhatə dairəsi çoxdur. Yəni bir çox ölkələrdə belə materiallar istehsal edilsə də, biz ən müasir standartlara uyğun gələn materiallara üstünlük veririk. Biz poliqrafiya materiallarını Almaniya, Rusiya, Finlandiya, Çexoslavakiya, Türkiyə kimi ölkələrdən alırıq.
- Qiymətlər bahalaşdığı üçün nağd pulla deyil, nisyə çap etdirmək üçün müraciət edən redaksiyalarla necə işləyəcəksiniz?
- Biz həmişə redaksiyalara güzəştlər edirik. Ola bilər ki, hər hansı bir redaksiyanın qəzetini və ya jurnalını nağd şəkildə çap etdirməyə imkanı olmasın. Biz həmin qəzet və ya jurnalın mətbəəmizdə nəşrinə icazə veririk. Bununla bağlı qəbz veririk. Ancaq həmin qəzet və jurnalların redaksiyaları çap xərcinə görə borclarını bir ay ərzində ödənməlidirlər. Çünki bizim də yeni poliqrafiya materialları almaq üçün maliyyə vəsaitinə ehtiyacımız var. Bizə həmin materialları nisyə deyil, nağd pulla verirlər. Nisyə verilsə, biz də redaksiyalara daha çox müddətə güzəştə gedərik. Amma bu, qeyri-mümkün olduğu üçün qəzet və jurnal redaksiyaları ay tamam olan kimi haqq-hesab etməlidirlər.
- Çap xərclərinin bahalığına görə borclu olan redaksiyalar “Azərbaycan” nəşriyyatınızdan çıxarıla bilərmi?
- Xeyr. Hazırda “Azərbaycan” nəşriyyatında elə bir qəzet və ya jurnal yoxdur ki, onun redaksiyanın ofisdən çıxarılması məsələsi gündəmdə olsun. Dediyim kimi, biz redaksiyalara hər zaman mümkün olan qədər güzəşt edirik və çalışırıq ki, bu proses davamlı olsun.
- “Azərbaycan” nəşriyyatında icarə və xidmət haqlarının da artırılacağı barədə söz-söhbət yayılıb. Bu məlumatlar doğrudurmu?
- Bəziləri elə düşünürlər ki, poliqrafiya xərclərinin artırılmasından sonra icarə və xidmət haqları da bahalaşacaq. Ancaq bunlar doğru deyil. Çünki hazırda belə bir məsələ gündəmdə deyil. Ümumiyyətlə, xidmət haqlarının artırılması bizdən asılı olan məsələ deyil. Başqa sözlə, kommunal xidmətlərə görə qiymətlərin artırılması ilə biz məşğul olmuruq. İndiki vəziyyətdə kommunal xidmətlərin bahalaşması gözlənilmədiyi üçün biz icarə haqlarını artırmaq fikrində deyilik.