Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (27-01-2015, 16:27)
“İnanmırıq ki, Minsk qrupu Qarabağ münaqişəsini həll edə bilsin“

Möhsün Pakayin: Bir ay ərzində təxminən 300 nəfər Azərbaycandan Məşhəd ziyarətinə gedib-gəlir”

 

 
Mediatv.AZ xəbər verir ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin modern.az saytına  müsahibə verib. Onunla müsahibəni təqdim edirik:
-İstərdik İranın ölkəmizdəki diplomatı olaraq, əvvəlcə Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyətini şərh edəsiniz. Münasibətlərdə problem yoxdur ki?..
-Allaha şükürlər olsun ki, hazırda iki ölkə arasındakı münasibətlər çox yüksək səviyyədədir. 2014-cü il ərzində iki dövlət arasında siyasi, diplomatik, mədəni, iqtisadi sahələrdə, eləcə də parlamentlərarası əlaqələrdə çox yüksək inkişaf oldu. Azərbaycan və İran dövlət başçıları ötən il dörd dəfə görüşüb, bu isə rekord nəticədir. 2014-cü ildə iki ölkənin müxtəlif dövlət nümayəndələrinin qarşılıqlı səfəri baş tutdu. Ötən il iki ölkə arasında 10 sənəd imzalanıb. İran prezidenti, cənab Həsən Ruhaninin Bakıya səfərində birgə bəyannamə imzalandı və sənəddə iki ölkənin bir-birinə nə qədər yaxın olduğu əks olunub. 2015-ci ildə isə biz bu münasibətlərin daha da genişlənməsini gözləyirik. Yanvar ayının 28-də İranın iqtisadiyyat və maliyyə naziri Bakıya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılacaq. Azərbaycan və İranın özəl sektor nümayəndələri, iş adamları arasında da çox yaxşı əlaqələr yaranıb.
Hər iki ölkə mədəniyyət sahəsində müştərək konfranslar təşkil edib. Xüsusilə Şəhriyara, Məhəmməd Füzuliyə həsr olunmuş konfranslar keçirilib. 2014-cü ildə Azərbaycan Milli Məclisinin sədri, cənab Oqtay Əsədovun da İrana səfəri baş tutub. Ümumilikdə, hər iki ölkə arasındakı münasibətlər çox yaxşı səviyyədədir.
-Azərbaycan-İran mədəni əlaqələrindən söz düşmüşkən, bir məqama toxunmanızı istərdik. Azərbaycan və İran İslam coğrafiyasında yerləşir və bəlkə də buna görədir ki, mədəniyyət, ədəbiyyat sahəsində hər iki ölkənin kəsişən maraqları mövcuddur. Eyni zamanda, hər iki ölkənin elm, mədəniyyət, ədəbiyyat, rəsmi adamları arasında müxtəlif şəxslərlə bağlı fikir ayrılıqları yaranır. Əsasən də Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarla bağlı məsələdə mübahisələr çox olur. Bu ixtilaflar nədən xəbər verir?
-Düşünürəm ki, hər iki məsələdə ciddi fikir ayrılıqları yoxdur. Bizim bəzi tanınmış şəxsiyyətlərimiz var ki, onlar region xalqlarına məxsusdur. Məsələn, Nizami Gəncəvi kimi. Nizami Gəncəvi İranın Qum şəhərinin yaxınlığında yerləşən Qəhistan kəndində anadan olub, amma Azərbaycanda dəfn olunub. Onun farsca şeirləri var. Bu, iki ölkənin mədəni irsidir. İki ölkə rəsmiləri, eləcə də alimləri arasında bu məsələlərlə bağlı ciddi fikir ayrılıqları yoxdur. Azərbaycan və İran müştərək şəkildə Nizami Gəncəvini dünyaya tanıtdırmaq istəyir. Bu sahədə də çox yaxşı əməkdaşlıq var.
Ola bilər ki, hər hansı qeyri-peşəkar şəxslər mübahisə doğuracaq müəyyən fikirlər söyləyir. Bu isə hər iki ölkənin rəsmi mövqeyi deyil. Biz uzun illər birgə coğrafiyada yaşamışıq və müştərək mədəniyyətə, musiqiyə ədəbiyyata malikik. İranda təqribən 30 milyon azərbaycanlı yaşayır, onların öz dillərində şeirləri, əsərləri var. 
Siz Şəhriyarın adını çəkdiniz. Şəhriyar İran şairidir və onu İranda çox sevirlər. Bütün bu görkəmli şəxsiyyətlər iki ölkənin müştərək mirasıdır.
-Mahmud Əhmədinejadın prezidentliyi dövründə İran mediasında, hətta rəsmi dairələrdə  intensiv şəkildə Azərbaycan əleyhinə kampaniya aparılırdı. Etiraf edək ki, Azərbaycan mətbuatında da İran haqqında tənqidi yazılar verilirdi. Amma Həsən Ruhani prezident seçildikdən sonra İran-Azərbaycan münasibətlərində sanki bir yumşalma müşahidə olundu. Bunun səbəbləri nədir?
-Allaha şükürlər olsun ki, hər iki ölkə arasında media sferasında əlaqələr yaxşıdır. İki ölkə rəsmiləri münasibətlər haqqında xoş sözlər danışsalar, təbii ki, media da onları işıqlandırar. Sizinlə tam razıyam ki, əvvəlki illərlə müqayisədə, bu gün iki ölkənin media fazası çox yaxşılaşıb. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri də budur ki, İranda Azərbaycanın bir neçə media orqanının ofisləri fəaliyyət göstərir. İran mediasının da Azərbaycanda nümayəndəlikləri var və xəbərləri birbaşa alırıq. Eyni zamanda, Azərbaycan və İran media təmsilçilərinin qarşılıqlı səfərləri də olur.
 
-İran zaman-zaman Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu bəyan edir. Maraqlıdır, İran Ermənistanla münasibətlərini gündən-günə inkişaf etdirməsi fonunda Qarabağ probleminin tənzimlənməsi ilə bağlı nələr edə bilər?
-Bizim Qarabağ məsələsində prinsipial mövqeyimiz var. Düşünürük ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. Hərbi həll yolu regionda təhlükənin daha da alovlanmasına səbəb ola bilər. İstərdik ki, bu münaqişə danışıqlar və sülh yolu ilə həll edilsin. Bu yöndə bizim nə köməyimiz lazımdırsa, onu əsirgəmərik. Doğrudur, Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı  ATƏT-in Minsk qrupunun mexanizmini qəbul edib. Amma hər iki tərəf Minsk qrupundan razı deyil. İran da düşünür ki, Minsk qrupu çox iş görə bilmir. Halbuki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü Minsk qrupunun həmsədridir. Bu səbəbdən heç gümanımız da yoxdur ki, Minsk qrupu bu münaqişəni həll edə bilsin. Bir gün İrandan vasitəçilik istənilsə, biz də öz növbəmizdə məsələ ilə bağlı formatımızı təqdim etməyə hazırıq.
-Bu format nədən ibarətdir?
-Düşünürük ki, əgər region ölkələri münaqişənin həllinə cəlb olunsalar, problem daha tez həll edilə bilər.
-Azərbaycanla İranın Xudafərin su elektrik stansiyasından birgə istifadəsi məsələsi nə yerdə qaldı?
-Xudafərin su elektrik stansiyasının tikilməsi üçün iki ölkə arasında sənəd imzalanmalıdır. Bu sənədin hazırlanması istiqamətində müzakirələr gedir.
-Xəzər dənizinin statusunun müəyyənləşməsi ilə bağlı məsələdə fikir ayrılıqları mövcuddur. Xəzərin bölgüsü məsələsində fikir ayrılığı yaradan ölkələr  isə İran və Türkmənistandır. Nə düşünürsünüz, Xəzər dənizinin statusu məsələsi öz həllini tapa biləcəkmi?
-Beş Xəzəryanı ölkənin hərəsi öz mənafeyini təmin etmək istəyir. Xəzər dənizinin ədalətli, hüquqi statusunun müəyyən edilməsi üçün bir komissiya yaradılıb. Bu komissiya hüquqi statusun müəyyən edilməsi üçün işlər görməkdədir. Bu, yaxşı bir mexanizmdir. Xoşbəxtlikdən Xəzər dənizinin statusu ilə bağlı müzakirələr davam etdikcə, biz bir addım irəliyə gedə bilirik. Həştərxanda Xəzəryanı dövlət başçıları səviyyəsində keçirilən görüş də onu göstərdi ki, hər beş ölkə hüquqi statusun tezliklə müəyyən edilməsini istəyir. Zənnimizcə, müzakirələrin nəticəsi olacaq.
 -Müalicə almaq üçün Azərbaycandan İrana kifayət qədər çox insan gedir. Amma məlum olub ki, İran xəstəxanaları müalicə almağa gedən azərbaycanlıların çox olduğunu nəzərə alıb, tələbatı görüb, qiymətləri qaldırıb. İran tibbi xidmət qiymətlərinin aşağı salınması üçün hansısa addımlar atıla bilərmi?
-Müəyyən bir zamanda bizim istəmədiyimiz halda, İranda həm nəqliyyat, həm otel, həm də tibbi xidmət qiymətlərində artım olub. Lakin  müvafiq valiliklərə bu barədə  bildirmişik və öz tövsiyələrimizi vermişik. Bundan sonra qiymətlər yenidən aşağı salındı. Hazırda da xarici turistlərin, azərbaycanlıların İrana gəlməsi və özlərini orada rahat hiss etmələri, yüksək xidmət  üçün müəyyən şuralar və komissiyalar yaradılıb. Komissiyaların sayəsində bundan sonra vəziyyət daha da yaxşılaşacaq.
 
-Azərbaycan-İran sərhəd məntəqələrində daim sıxlıq yaşanır. Məlumatlara görə, əsas problemi İran gömrükçüləri yaradır. İran tərəfi çətinliyin, sıxlığın aradan qaldırılması istiqamətində hansı işlər görür?
-Adətən səhər saat 9-dan başlayaraq, müəyyən saatlarda sıxlıq yaranmağa başlayır. Bunun da səbəbi odur ki, insanlar daha çox səhər vaxtı  İrana gedib öz işlərini görmək istəyirlər. Lakin, bu çətinlik bir neçə saat davam edir və günün ikinci yarısında sıxlıq müşahidə edilmir. Sərhədi keçmək istəyənlər günün müxtəlif saatlarında gömrüyə gəlsələr, belə bir izdiham yaşanmaz. İran və Azərbaycan müəyyən işlər görür ki, pik vaxtlarda da sərhəd məntəqələrində izdiham olmasın.
-İranın Bakıdakı səfirliyində Azərbaycandan Məşhədə ziyarətə gedənlərin statistikası varmı?
-Bu barədə dəqiq statistika yoxdur. Bir ay ərzində təxminən 300 nəfər avtobusla Məşhədə gedib-gəlir. Məşhəd ziyarətinə ən çox yayda gedirlər.
 
- “İmam Xomeyni adına İmdad Komitəsi”nin Azərbaycan nümayəndəliyi bağlandı. İran isə bəyan edirdi ki, bu təşkilat xeyriyyə fəaliyyəti ilə məşğul olur. İran bundan sonra Azərbaycanda xeyriyyə cəmiyyətlərinin yenidən yaradılması prosesinə start vermək niyyətində deyil ki?
-Bu komitə müəyyən zamanda Azərbaycan dövlətinin istəyi və xahişi ilə fəaliyyət göstərdi. Şükürlər olsun ki, bu komitənin çox müsbət fəaliyyəti olub və insanlar da bundan razı qalıblar. Hal-hazırda isə bu komitənin missiyası bitib. Əgər gələcəkdə Azərbaycan dövləti tərəfindən belə bir xahiş və istək olsa, biz İranın digər xeyriyyə cəmiyyətlərini burda fəaliyyətini təmin edə bilərik.
 
-İranın Azərbaycanda bəzi siyasi çevrələri himayə etməsi barədə də kifayət qədər ciddi iddialar var. Məsələn, Azərbaycanda İslam Partiyası başda olmaqla, İranmeylli qüvvələr var. İran həqiqətənmi həmin qüvvələri himayə etməkdə maraqlıdır, yoxsa onlar özləri müstəqil olaraq Tehranın siyasətini dəstəkləyir?
-Mediada bu xəbərləri daha çox İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən qüvvələr tirajlayır. Hər iki ölkə belə bir prinsipə sadiqdirlər ki, bir-birinin daxili işlərinə qarışmasınlar. Biz Azərbaycanın daxili işlərinə qarışmağa müxalifik. İran Azərbaycanın daxili işlərinə qarışmır. Bütün Azərbaycan xalqı İranı sevir və İran da Azərbaycan xalqını sevir. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirməməlidir.
-İran regionun aparıcı dövlətlərindən biridir və Rusiya ilə əlaqələrinin inkişaf tendensiyası artan xətlə davam edir. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi perspektiv üçün 10 milyard dollar nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki dövlət bir çox məsələdə Qərb dairələrinə qarşı eyni mövqedən çıxış edirlər. Hər ikin ölkənin anti-Qərb mövqeyi gələcəkdə İran-Rusiya ittifaqının yaranmasına gətirib çıxara bilərmi?
-İranla Rusiyanın strateji əlaqələri var. Ancaq bu strateji əlaqə hər hansı üçüncü bir ölkənin əleyhinə deyil. Bizim regionda müştərək mənafelərimiz var və buna əsasən də əməkdaşlıq edirik. Əlaqələrimizin gələcəkdə daha da yaxşılaşdırılması, sıx olması ehtimalı var. Ona görə ki, əməkdaşlıq üçün potensiallar çoxdur. İran və Rusiyanın regional, beynəlxalq məsələlərdə birgə anlaşmamız çoxdur. Hər iki ölkə regional və beynəlxalq məsələlərdə təsiredici gücə malikdir.
 
-2015-ci ilin əvvəlindən Avrasiya İqtisadi İttifaqı rəsmən fəaliyyətə başladı. Bu təşkilatın lokomotivi Rusiyadır və sizin də dediyiniz kimi, Tehranın Moskva ilə əməkdaşlığı strateji xarakter daşıyır. İran Rusiya ilə münasibətlər fonunda Avrasiya İqtisadi Birliyinə üzv olmasa belə, həmin təşkilatın fəaliyyətində iştirak edəcəkmi?
-Avrasiya İttifaqı Rusiya və bir neçə MDB ölkəsi arasında yaranan təşkilatdır. İran bu ittifaqa rəsmi şəkildə dəvət olunmayıb. Eyni halda biz, bütün region ölkələri ilə əməkdaşlıq edirik. Avrasiya İttifaqı İranla yaxın əlaqələr qurmaq istəsə, təbii ki, biz də bunun haqqında düşünərik. Hal-hazırda İran hətta üzvü olmadığı müxtəlif beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bu səbəbdən də biz Avrasiya İttifaqı ilə öz mənafelərimiz çərçivəsində əməkdaşlıq edə bilərik.  Əgər bir gün bizdən bu ittifaqın fəaliyyətində iştirak etmək istənilsə, bu barədə düşünə bilərik. Elə həmin anda mövqeyimizin nədən ibarət olduğunu bəyan edə bilərik.
-İranın  bölgənin digər aparıcı dövləti olan Türkiyə ilə da əlaqələrini müsbət qiymətləndirmək olar. Amma bu əlaqələr daha çox iqtisadi xarakterlidir. İranın Suriya məsələsində  Türkiyə ilə mövqeləri bir-birinə ziddir. Türkiyə Suriyadakı müxalif qüvvələri dəstəkləyir, İran isə Bəşər Əsədi.  Suriya münaqişəsi İranla Türkiyə arasında hər hansı  siyasi gərginlik yarada bilərmi?
-İran və Türkiyə arasında münasibətlər bütün sahələrdə çox yaxşıdır və bu irəliləyir. Bizim Türkiyə ilə strateji, siyasi, iqtisadi əməkdaşlığımız var. Əksər regional məsələlər barəsində də fikirlərimiz üst-üstə düşür. Suriya məsələsi ilə bağlı iki ölkə arasında müzakirələr olub. İranın Suriya problemində Türkiyə ilə oxşar fikirləri də çoxdur. Hər iki ölkə Suriyada döyüşən terrorist qrupların silahlandırılmasının əleyhinədir. Hər iki dövlət Suriya münaqişəsinin xarici müdaxilə olmadan həll edilməsini istəyir. Düşünürəm ki, Suriya problemi İranla Türkiyə arasında dərin ixtilafa səbəb olacaq məsələyə çevrilməyəcək. Adətən, qonşu ölkələr arasında bəzi məsələlərdə fikir ayrılıqları olur. Diplomatiyanın incəliyi bundan ibarətdir ki, həmin fikir ayrılıqlarını minimuma endirsin. Allaha şükürlər olsun ki, İranla Türkiyə arasında diplomatik əlaqələri olduqca yaxşı səviyyədədir.
-İranın mübarizə apardığı qüvvələrdən biri də “İslam dövləti” (İŞİD) terrorçu təşkilatıdır. İran “İslam dövləti”nin zərərsizləşdirilməsi istiqamətində perspektivdə hansı addımlar atmağı düşünür?
-İranın xarici siyasət prinsiplərindən biri də terrorizmlə mübarizədir. Bu, İranın terrorizmə qarşı olduğu ilk məsələ deyil. İŞİD-dən əvvəl də müəyyən terrorçu qruplaşmalar Qərb tərəfindən yaradılıb. Həmin terror təşkilatları Qərbin mənafelərini təmin edir. Qərb ölkələri öz maraqlarını təmin etməkdən ötrü terrorçuları himayə edir.
Qərb terrorizmi yaxşı və pis kateqoriyalarına bölüb. Qərb öz mənafelərini  təmin edən terroristləri yaxşı, onların əleyhinə olanları isə pis adlandırırlar. Bizim Qərblə fərqimiz ondan ibarətdir ki, İranın nəzərində pis və ya yaxşı terrorçu yoxdur. Biz düşünürük ki, terrorizm çox pis bir şeydir və onunla mübarizə aparmaq lazımdır. Terroristlərdən hər hansı ölkənin mənafeyini təmin etmək üçün istifadə etmək doğru deyil. Qərblilər də yavaş-yavaş bu nəticəyə çatırlar, amma bu artıq çox gecdir. Təqribən üç il bundan qabaq Qərb dairələri Parisdə toplaşdılar və Suriyada fəaliyyət göstərən terroristləri dəstəklədilər. Həmin bu terrorizm İraqa da sirayət edib. Lakin Qərbdə bu gün öz səhvlərini başa düşdülər və Parisdə toplanıb özlərinin yaratdığı terrorizm əleyhinə yürüş keçirdilər.
Əslində demək olar ki, tövbə etdilər. İslam inancımıza görə, tövbə o zaman qəbul olunur ki, daha həmin pis əməl təkrarlanmasın. Ümid edirik ki, Qərb öz səhvlərini başa düşdüyü üçün terrorizmi dəstəkləməyəcək. İran terrorizmə qarşı mübarizədə çox əzmkardır.
-İran özünün nüvə strategiyası ilə bağlı tutduğu mövqeyə görə Qərb tərəfindən sanksiyalara məruz qalıb. İran bu qədər sanksiyalara necə tab gətirə bilib? İranın nüvə məsələsi ilə bağlı aparılan danışıqlardan hər hansı nəticə gözləyirsinizmi?
-Sanksiyalar ölkələri incidir, əziyyətə salır. Lakin sanksiyalar ölkələrin uzunmüddətli məqsədlərinin qarşısını ala bilmir. İrana tətbiq olunan sanksiyalar həm qeyri-qanuni, həm də ədalətsizdir. Düzdür, bu sanksiyalar bizə müəyyən qədər təsir etdi. Ancaq biz bu sanksiyalara rəğmən daha da gücləndik və ayaqlarımız üstündə durmağı bacardıq. Biz bu sanksiyalar dövründə ölkənin sənayesində istifadə olunan təchizatların 80 faizindən çox hissəsini məcburi olaraq özümüz istehsal etdik. İran heç bir xarici ölkənin köməyi olmadan dünyanın nüvə texnologiyasına malik olan 10 ölkəsindən birinə çevrilib. Biz sülh məqsədli nüvə enerjisini əldə etmək istəyirik. Bizim bu cür qüvvətlənməyimizə səbəb odur ki, təhdidlə və zorla hər hansı bir ölkənin sözünü qəbul etmirik. Qərb İrana sanksiya tətbiq etməklə özü də əslində sanksiyaya məruz qalıb. Yəni özlərini İranda malik ola biləcəkləri iqtisadi mənafelərdən məhrum ediblər. Bu gün Asiya ölkələri İranın əsas şəriklərinə çevrilib. Düşünürük ki, Qərb ölkələri məsələyə düzgün yanaşsalar, nüvə danışıqlarında nəticə əldə etmək olar.
-İranı Azərbaycanda təmsil edən şəxs kimi, ölkəmizin hansı bölgələrində olmusunuz və gələcəkdə hansı bölgələrə səfər etməyi düşünürsünüz?
-Mən Qəbələ, Quba, Şamaxı, Qusar, Göyçay,  Naxçıvanda olmuşam.  Qazax, Lənkəran, Astaradan da keçmişəm.  Bundan başqa, Bakı ətrafında, Mərdəkanda olmuşam. Mən bu cür səfərləri gələcək də planlaşdırıram.
-Sonda! Ailəniz burdadırmı? Azərbaycanda darıxdığınız vaxtlar olubmu?
-Ailəm Azərbaycandadır. Burda özümü heç də qərib hiss etmirəm. Çünki öz bacı-qardaşlarımın arasındayam. Bizim çoxlu müştərək adət-ənənələrimiz var. Hiss edirik ki, bizə doğma olan insanların arasındayıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024