Dünya (20-04-2014, 17:19)
İran "Arak" nüvə zavodunu yenidən işə salacaq
İran "Arak" nüvə zavodunda ağır su reaktorunun plutonium istehsal gücünü məhdudlaşdırmaq şərtilə zavodun layihəsini yenidən hazırlayacaq.
Ölkənin vitse-prezidenti, eyni zamanda, Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu barədə məlumat verib.
Salehi qeyd edib ki, İranın son zamanlarda nüvə proqramı sahəsində keçirdiyi islahatlar 5+1 ölkələri ilə rəsmi Tehran arasında olan mübahisənin həlli deməkdir: "Arak reaktoru mübahisəsi demək olar ki, öz həllini tapıb. Bu barədə heç bir problem yoxdur. 5+1 ölkələri İranın yeni layihəsi ilə razılaşıblar və bunu məntiqli hesab edirlər. Ona görə də, "Arak" reaktoru ağır su reaktoru olaraq qalacaq. Lakin qismən yenidən layihələşdiriləcək. Aprelin 12-sində 103 kiloqram uran ləğv olunub. Bu isə, 20 faizə qədər zənginləşdirilmiş uranın 5 faizə qədər aşağı salınması deməkdir".
İranın bu qəbildən olan islahatları Qərb rəsmiləri tərəfindən Cenevrə razılaşmasına kifayət qədər adekvat addım hesab olunur. Razılaşmaya əsasən, İran nüvə proqramının sahəsini məhdudlaşdıracağı təqdirdə ona qarşı tədbiq olunan itqisadi sanksiyaların aradan qaldırılması nəzərdə tutulurdu.
Müvəqqəti razılaşmanın vaxtı iyul ayında bitəcək.