Mədəniyyyət (29-12-2017, 15:00)
Bu il Xalça Muzeyini 80 mindən artıq şəxs ziyarət edib
“2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib”
Mediatv.az “Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib.
Bu il muzeyin 50 illiyinin qeyd olunduğunu vurğulayan direktor bu münasibətlə ilboyu çoxsaylı beynəlxalq simpozium, konfrans və seminarlar, həmçinin ustad dərsləri, müxtəlif mövzularda mühazirələr, dəyirmi masalar və təlimlərin keçirildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Xalça Muzeyinin 50 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xaricdən hərrac evindən XVIII əsrə aid qədim örtük alınaraq muzeyə hədiyyə edilib.
Azərbaycan Xalça Muzeyinin tarixində ilk dəfə 2017-ci ildə nadir “Şamaxı xalçası” xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyə gətirilib. “Hərracdan öncə Fransada şəxsi kolleksiyada saxlanılan ”Şamaxı" xalçası hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Ümumiyyətlə, Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə edib ki, bunların bir qismi satın alınıb və ya hədiyyə olaraq qəbul edilib. Bu da muzeyin ekspozisiyasının ildən-ilə zənginləşərək eksponatların sayının artmasına, muzeyin ziyarətçiləri və xarici turistlər üçün daha maraqlı və cazibədar olmasına şərait yaradıb” - deyə Şirin Məlikova bildirib.
Ş. Məlikova onu da deyib ki, 2017-ci ildə Azərbaycan Xalça Muzeyi “TripAdvisor” saytının ilin ən yaxşı muzeyi kimi “Mükəmməllik serifikatı”nı alıb.
Həmçinin, bu il Azərbaycan Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə 40 məşhur muzeyin sırasında yer alıb və 2018-ci ildə bu mükafatı qazanmaq üçün böyük şansı var.