Mədəniyyyət (12-10-2017, 10:51)
Vaqif Mustafayevə Çin telekanalında vəzifə verildi
Azərbaycanın görkəmli kinorejissoru, Xalq Artisti, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.
Mediatv.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Bakıdakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.
Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Soqlasiya” qızıl ordeni Vaqif Mustafayevə təqdim olunub.
Eyni zamanda, Vaqif Mustafayev Azərbaycanla Çin arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin fəxri fərmanı ilə təltif edilib.
Qeyd edək ki, Avrasiya Televiziya və Radio Akademiyasının xətti, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejissoru və ssenari müəllifi olacağı “Kambey” filminin çəkilişi razılaşdırılıb.
Vaqif Mustafayev, eyni zamanda, Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honkonq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.
Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib.
Sonda çinli rejissorun “Moskvanın divarları” adlı filmi nümayiş olunub.