Mədəniyyyət (25-07-2017, 11:39)
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı
Xəbər verdiyimiz kimi, əslən Cənubi Azərbaycandan olan müğənni Ququşun Ermənistanda konsert proqramı ilə çıxış etməsi xəbəri sosial şəbəkələrdə ciddi müzakirə mövzularından biri olub.
Oxu.Az xəbər verir ki, məsələ ilə əlaqədar olaraq əslən Təbrizdən olan müğənni Yaqub Zurufçu Publika.az-a açıqlama verib. Sənətçi hesab edir ki, biz yadlardan və biganələrdən özümüzə qardaş-bacı yaratmamalıyıq: “İranda ən azı 45 milyon azərbaycanlı var, ifaçıların da, demək olar ki, 70 faizi azərbaycanlıdır. 1989-cu ildə Gülağa Məmmədovun dəvətilə Bakıya konsertə gəlmişəm. Bakıya gələndə siyasi cəbhələrlə maraqlandım, eyni zamanda, Əbülfəz Elçibəylə görüşüb tanış oldum. Onların görüşlərində də həmişə iştirak edirdim. Heydər Əliyev adına sarayda bir neçə konsertim var idi, amma mən onları ləğv edib azadlıq meydanına gəlirdim. Çünki məndə azərbycançılıq hissləri, vətənpərvərlik duyğuları güclüdür. Mitinqlərdə iştirak etməyi özümə vətandaşlıq borcu bilirdim. Öz istəyimlə mitinqə gələnlər üçün pulsuz oxumuşam”.
Yaqub Zurufçu onu da etiraf edib ki, müğənni olsa da, Vətəninə qarşı olan sevgisi onu heç bir halda Ermənistanda konsert proqramı ilə çıxış etməyə imkan verməz: “Çünki mən Azadlıq meydanında xalqla birlikdə
“Nə qədər zülm evi bərbad olmayıb,
Azərbaycanlılar azad olmayıb,
Azərbaycanlılar yatmayacaqlar!
Bu fikri başdan atmayacaqlar!” şüarlarını səsləndirmişəm. Bu sözləri deyəndən sonra necə ola bilər ki, mən Ermənistanda konsert verim. Olmaz axı! Məsələn, mən alver üçün Ermənistana üz tutsam, onda bu mövzu ətrafında müzakirə qaldıra bilərsiniz. Əgər Ermənistana getsəydim, bu hərəkətimi büyük səhv kimi qiymətləndirmək olardı. Amma bunu azərbaycanlı olduğunu heç vaxt etiraf etməyən adam edirsə, o halda burada ciddi qəbahət görmürəm.
Cavanlıq dövrümdə İranda əslən azərbaycanlı olan müğənnilərin öz milliyətini heç vaxt etiraf etməməsinə çox şahidlik etmişəm. Buna səbəb də onların qorxması idi, həmin illərdə İranda azərbaycanlılara yaxşı gözlə baxmırdılar. Bizi qəbul etmirdilər, ikinci millət kimi baxırdılar. Hörmətsiz qarşılandıqları üçün çoxları utandığından əslən haralı olduğunu gizlədirdi. Hamısı da fars dilində oxuyurdu, Azərbaycan dilində mahnı oxuyan bir mən idim”.
Əməkdar artistin sözlərinə görə, Ququş heç vaxt heç bir yerdə azərbaycanlı olduğunu etiraf etməyib. O, hər zaman özünü fars adlandırıb: “Dünyada iki cür: biri siyasətlə maraqlanan, digəri isə siyasətlə maraqlanmayan normal müğənnilər var. Dünyada tanınan hər hansı müğənninin azərbaycançılıq iddiası yoxdursa, deməli, hər yerə gedə bilər. Bizim onu tənqid etməyə haqqımız yoxdur. Özünü azərbaycanlı hesab etməyən müğənninin Ermənistanda çıxış etməsinə qadağa qoya bilmərik. Çünki xanəndənin işi oxumaqdır. Ququşun da səfəri siyasi məqsəd daşımır, sadəcə, oxumaq üçün gedir".
Yaqub Zurufçu Ququşun anasının erməsi olması ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib: “Ququşu mən yaxşı tanıyıram. Etiraf etməsə də, bilirəm ki, atası Cənubi azərbaycanlıdır, anası isə erməni deyil, farsdır. Atasını yaxşı tanıyırdım, bizdən bir az yaşlı idi. Yeri gəlmişkən, onu da xatırladım ki, Ququş rəqqasə kimi fəaliyyətə başlayıb. Atası ilə birlikdə kaberelərdə çıxış edərdi, çox istedadlı qız idi. Oxumağa daha sonradan başladı”.
Müğənninin sözlərinə görə, Ququş azərbaycanlı pərəstişkarlarının sözlərini yerə salmamaq üçün repertuarına bizim iki mahnımızı daxil edib: “Onun repertuarında bizim mahnılar yoxdur. Azərbaycan dilində cəmi iki mahnı oxuyub. Onlar biri “Ay işığında”, digəri isə “Ayrılıq”dır”. Bu mahnıları da konsertə gələn tamaşıçılarının xahişi ilə səsləndirib. Axı İranda 80 milyon əhalinin yarısını azərbaycanlılar təşkil edir, konsertinə gələnlərin də yarısı azərbaycanlılar olduğundan onların istəyini yerə salmayıb”.
Sənətçi Ququşun Ermənistana getməsini bizneslə əlaqələndirib: “Ququş uzun illər İrandan çıxa bilməyib. 10 il əvvəl ABŞ-a köçüb. ABŞ-da yaşamağa başladıqdan sonra müğənnilik karyerasını davam etdirdi. İndi də ona gələn təklifləri dəyərləndirir”.
Yaqub Zurufçu sonda onu da qeyd edib ki, Ququşu tanımasaydı, haqqında açıqlama verməzdi: “Əgər tanımadığım müğənni haqqında soruşsaydınız, bu barədə danışmazdım. Sənəti və səsi haqqında fikirlərimi bildirməklə kifayətlənərdim. Sadəcə, Ququşla İranda eyni dövrdə fəaliyyət göstərdiyimiz üçün bu barədə danışmağa özümə icazə verdim. Onu yaxşı tanıyıram, təbii ki, Ququşla indiyədək də əlaqələrimiz davam edir. Lakin yuxarıda dediyim ki, o, heç vaxt demir ki, azərbaycanlıyam. Onun pasportunda da iranlı olduğu yazılıb. Bizdə onu insanlar zorla azərbaycanlı edir. Odur ki, Ququş Ermənistana getdiyi üçün onu itiham etmirəm. Onu biz özümüz Bakıya gətirməliydik. Təəssüf ki, bununla bağlı iş görmədik.
Xomeyni gələndən sonra 20 il heç bir ölkəyə gedə bilmədi. Bütün gün evdə oturub ağlayırdı. Camaat onu görmək istəyirsə, təbii ki, təklifləri də dəyərləndirəcək. Müğənnilik onun biznesidir. İndi quru təəssübkeşlik heç bir işə yaramayacaq”.