Mədəniyyyət (2-02-2017, 10:27)
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün Azərbaycanda Gənclər Günüdür.
Mediatv.az-ın məlumatına görə, 1997-ci ildən fevralın 2-si ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü elan olunub.
Dövlət Statistika Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, keçən il yanvar ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin 2,6 milyon nəfərini və ya 27,1 faizini gənclər təşkil edir. Gənclərin 51,2 faizi şəhər yerlərində, 48,8 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,8 faizini qadınlar təşkil edir.
2005-ci illə müqayisədə gənc analar tərəfindən doğulan uşaqların sayı 18,7 faiz artıb və bütövlükdə doğulan körpələrin 81,8 faizi gənc ailələrdə dünyaya gəlib. Ötən il ölkədə nikaha daxil olanların 78,7 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,5, qadınların isə 23,6-dır. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 22,4 faiz, qadınların isə 39,6 faiz təşkil edir.
Elmi fəaliyyətlə maraqlanan gənclərin bir hissəsi öz təhsilini fəlsəfə doktorlarının hazırlanması proqramında davam edirlər. 2016-cı ilin əvvəlinə 111 fəlsəfə doktorlarının hazırlanması proqramını həyata keçirən müəssisələrdə 2282 nəfər təhsil alıb və onların da 1323 nəfəri və ya 58 faizi 30 yaşa qədər olan gənclərdir.
Ölkənin elmi potensialında da gənclərin müstəsna rolu var. 2016-cı ilin əvvəlinə tədqiqat və işləmələrlə məşğul olan 16 min nəfər tədqiqatçının 3141 nəfəri və ya 14 faizi 30 yaşa qədər olan gənclərdir.