Mədəniyyyət (5-02-2016, 21:18)
Bakı Olimpiya Stadionu toy sifarişi yığır FOTO
“Bakı 2015” İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda bundan sonra toy şənlikləri də keçiriləcək.
Mediatv.az xəbər verir ki, bu barədə stadionun rəsmi saytı bos.az-da elan verilib:
“Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək. Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”.
Bəs görəsən 68 min oturacaq yeri olan bu stadionda toy şənliyi necə və hansı qiymətə başa gəlir?
Gün.az saytının bu sualına stadiondan cavab verilib ki, toy səhnəsi meydançanın tam ortasında qurulur. Yemək masaları isə Avropa dəbi ilə yerləşdirilir. Əgər toy dəvətliləri 150 nəfərə qədərdirsə, onda stadionda qapalı məkanda oturacaqlar olan yerdə şənlik etmək mümkündür. 150 nəfərdən çoxdursa, o zaman meydançada yerləşdirilən masaların ətrafına oturacaq qoyulmur. Toy dəvətliləri Avropa dəbinə uyğun caz musiqisi sədaları altında ayaqüstü masalar ətrafında dayanacaqlar.
Stadiondan bildiriblər ki, bir nəfər üçün ödəniş haqqı dekorasiya, yeməklər, caz musiqiçiləri və digər xidmətlərlə birlikdə 100-150 manat təşkil edir. Onu da deyiblər ki, bu, son qiymətdir. Heç bir güzəştli paket yoxdur.
Bu vaxta qədər orada toy mərasiminin təşkil edilib-edilmədiyinə gəlincə, bildiriblər ki, bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacaq.
Bakı Olimpiya Stadionunun tikintisinə 2013-cü ildən başlanıb. Stadionun tikintisinə 500 milyon manata yaxın vəsait xərclənib