Region (30-01-2014, 11:06)
Xəzər Dəniz Gəmiçiliyinin strukturu təsdiqləndi
Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ( “AXDG” QSC)
Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar verib.
Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, “AXDG” QSC üzərində Azərbaycanın dövlət gerbi təsvir edilmiş və cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, bayraq, emblem, loqotip və digər fərqləndirici nişanlara, habelə xüsusi geyim formasına malikdir.
Dövlət “AXDG” QSC-nin öhdəlikləri üçün cavabdeh deyil və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. “AXDG” QSC də dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyil. Cəmiyyətin əsas məqsədləri yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılmasından, dənizdə həyata keçirilən neft-qaz və digər layihələrdə daşıyıcı, eləcə də ticarət gəmiçiliyinin fəaliyyət növləri üzrə xidmətlərin davamlı surətdə göstərilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin və elmi-texniki innovasiyaların tətbiqindən, yerli və xarici fiziki və hüquqi şəxslərə yüksəkkeyfiyyətli və rəqabətə davamlı xidmətlərin təqdim olunmasından və gəlir əldə edilməsindən ibarətdir. “AXDG” QSC-nin fəaliyyət istiqamətlərindən biri də dövlət sirrinin və qanunla məxfi hesab olunan informasiyanın qorunmasının təmin edilməsi və ona riayət edilməsinə nəzarət olunmasıdır. Cəmiyyətin nizamnamə kapitalı 383 420 621 manat olub onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 383 420 621 ədəd adi səhmlərdən ibarətdir.
“AXDG” QSC-nin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin sədri, Cəmiyyət sədrinin birinci müavini və 5 sədrin müavinindən ibarətdir. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir. Cəmiyyətin sədrini və onun müavinlərini (İdarə Heyəti) Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Cəmiyyətin sədrinin (Cəmiyyətin sədri olmadıqda, onun birinci müavininin) səsi həlledicidir.
“AXDG” QSC-nin strukturu da müəyyənləşib. “AXDG” QSC-nin strukturuna Cəmiyyətin aparatı, törəmə müəssisələri, Azərbaycan Dövlət Dəniz Akademiyası, “Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu, “AXDG” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr), Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, “Bibiheybət” Gəmi Təmiri Zavodu. “Zığ” Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi, Sosial İnkişaf İdarəsi, “AXDG” QSC-nin ayrıca bölmələri (filial və nümayəndəlikləri), “AXDG” QSC-nin Türkiyə, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəlikləri daxildir.