Kriminal (27-10-2017, 12:30)
Sevgilisini qətlə yetirən şəxs: Davamız qızların bir-birini qucaqlamasına görə oldu
Sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə davam edib.
Mediatv.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Viktor Çikonov dindirilib.
Məlum olub ki, şahid hazırda inzibati həbsdədir. Ona 20 sutka həbs verilib.
Viktor Çikonov bildirib ki, sevgilisi olmuş Yulya ilə qətlə yetirilən Arzugilə qonaq gedib: "Həmin gün Yulya ilə görüşdük. Anası evdə oldu. Yeyib-içmək istədik. Lakin yer tapmırdıq. Mənə dedi ki, Arzugilə gedək. Getdik, çox kasıb yaşayırdılar. Evdə yeməyə heç nə yox idi. Yulya Arzuya 20 manat verdi. Gedib yemək, araq aldılar. Biz oturub yeyib-içdik. Gecə saat 2 olardı. Yulyaya dedim, gəl səni evə aparım. O da mənimlə çıxdı. Biz getdik".
Şahid onu qeyd edib ki, Vorobyovun bundan əvvəl yaşadığı qadın da ölüb: "Söhbət zamanı bildim ki, Arzudan əvvəl də Sergeyin yaşadığı qadın ölüb. Daha sonra o, Arzu ilə barda tanış olub və evə gətirərək birlikdə yaşamağa başlayıblar. İndi birinci qadın da öldü, Arzu da öldü, yenə birini tapsa, o da öləcək".
Hakimlərin suallarına cavab verən şahid bildirib ki, yeyib-içdikləri gün qadınların arasında heç bir lesbiyanlıq halı olmayıb: "Elə şey olmayıb. Kim deyirsə, səhv deyir. Allah haqqı, balamın canı, belə şey olmayıb".
Təqsirləndirilən şəxs şahidin ifadəsinə etirazını bildirib: "Ay şərəfsiz, sən Arzunu öldürmüsən, məni də bıçaqlamısan. Bax (qarnını açaraq bıçaq yarasını göstərir). Bizim davamız məhz elə qızların bir-birini qucaqlamasına görə oldu. Bu, mənə xoş gəlmədi. Ona görə mübahisə yarandı. Sonrasını xatırlamıram. Gözümü açanda bıçaqlanmışdım. Arzu isə öldürülmüşdü".
Məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə noyabrın 2-də davam edəcək. Qeyd edək ki, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, mayın 31-də həmin qadın S.Vorobyova bıçaqla yüngül xəsarət yetirib, S.Vorobyov isə onu öldürüb. Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.
Araşdırmalar zamanı həmin qadının adının Arzu olduğu bildirilsə də, onun şəxsiyyətini tam müəyyənləşdirmək mümkün olmayıb.
Bildirilib ki, S.Vorobyov həmin qadınla mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olublar. Həmin vaxtdan sonra onlar S.Vorobyovla NZS-dəki evində yaşamağa başlayıblar. S.Vorobyov deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistanda doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib. Subay olan və tək yaşayan S.Vorobyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb.
Hadisənin necə baş verdiyinə gəlincə, tək və sərbəst həyat tərzi sürən S.Vorobyovla bir aya yaxın eyni evdə yaşayan həmin qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın S.Vorobyova bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı S.Vorobyov bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. S.Vorobyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan yalan danışdığı üzə çıxıb.
Onu da qeyd edik ki, ölən şəxsin əsl adı İlahə Şahbazovadır, lakin hamı onu Arzu adı ilə tanıyıb.