Kriminal (25-10-2017, 18:30)
"Lotu Quli"nin qohumunun məhkəməsində polis əməkdaşı ifadə verdi
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qohumuMəhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Vüqar Əzimov ifadə verib.
Bildirib ki, M. Namazovun maşınına hal şahidlərinin iştirakı ilə baxış keçirilib və narkotik vasitə aşkar edilib. Şahid deyib ki, M. Namazov buna heç bir münasibət bildirməyb: "Bizə məlumat daxil olmuşdu ki, onda narkotik ola bilər. Biz onu saxlayanda bir xanım yaxınlaşıb vəkil və qonşusu olduğunu dedi. Xahiş etdi ki, Məhəbbəti buraxaq. Biz də dedik idarəyə getmək lazımdır. Məhəbbət protokola imza etdi ki, narkotik onun üzərindən çıxıb, lakin ona məxsus deyil".
M. Namazov isə şahidə deyib ki, işin necə olduğunu hər ikisi bilir: "Bizim tanışlığımızdan utanırsan heç? Sən dedin ki, Lotu Qulinin qohumusan getməlisən".
Şahid isə bunu təkzib edib.
Proses noyabrın 1-də davam edəcək.
Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
O, ittihamları qəbul etmir.