Kriminal (4-10-2017, 20:00)
"Lotu Quli"nin kirvəsi: Bunlar 20 manata üzə duranlardır
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Mediatv.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rafiq Bayramov ifadə verib.
O, Məhəbbət Namazovun qohumu olduğunu bildirib və qeyd edib ki, Məhəbbət Namazovun evində axtarış aparılarkən orada olub. Şahid polis əməkdaşlarının evdən silah və patron götürdüklərini deyib: "Biz evin zalında idik. Polislər əlində silah və bıçaq gətirdi. Bir də avtomobil nömrələri. Amma haradan gətirdiklərini, evdən götürdüklərini görməmişəm".
Sualları cavablandıran şahid söyləyib ki, polislər evi axtaran zaman onlarla birlikdə otaqlara getməyiblər: "Biz zalda gözlədik. Onlar özləri gətirdilər".
R.Bayramov qohumu M.Namazovun hərdən avtomobil alveri ilə məşğul olduğunu, heç vaxt narkotikdən istifadə etmədiyini deyib. Bələdiyyə üzvü olan şahid M.Namazovu uşaqlıqdan tanıdığını, onun nə zamansa narkotik istifadəçisi olması haqda eşitmədiyini bildirib.
Daha bir şahid Elman İsayev də məhkəmədə dindirilib. O, Məhəbbət Namazovun avtomobilinə baxış keçirilən zaman hal şahidi kimi iştirak etdiyini deyib. Bildirib ki, avtomobildən patron götürüldüyünü görüb. Məhəbbət Namazov isə hal şahidlərinə sual vermək istəmədiyini deyib. Bildirib ki, bu şahidlər 20 manat alaraq, üzə duran şəxslərdir. Məhkəmədə fasilə elan olunub.
Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.