Kriminal (14-09-2017, 16:30)
Nazirin qardaşına qarşı dələduzluq edən şəxsin cəzası bəlli oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Nəbiyev barəsində iki il sınaq müddəti təyin olunmaqla şərti cəza seçilib.
Qeyd edək ki, prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, 2015-ci ildə S. Nəbiyev Əlikram Camalova birgə biznes qurmağı təklif edərək ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən "Brend Elektrik" mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə. Camalov razılaşıb və 2015-ci il noyabrın 3-də Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S. Nəbiyev vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S. Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Əlikram Camalov kəndli-fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır