Kriminal (3-08-2017, 17:18)
Pul mənimsəməkdə təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən Emil Nəbiyev, Əli Rüstəmov və Teymur Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mediatv.az Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovunsədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakim bildirib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib. Hökmə əsasən, hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onlara şərti cəza verilib. E.Nəbiyevlə Ə.Rüstəmov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər üç şəxs “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazada elektrik mallarının satışı ilə məşğul olub. Onlar 4 vətəndaşın ümumilikdə 70 min manat məbləğində pulunu dələduzluq yolu ilə mənimsəyib.
E.Nəbiyev, Ə.Rüstəmov və T.Hüseynov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, istintaq dövründə T.Hüseynovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.