Karusel / Slayd (16-08-2017, 12:03)
Nazirin qardaşının mülki iddiası təmin edildi
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi yenidən başlayıb.
Mediatv.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə məhkəmə istintaqı yenilənməklə cinayət işi üzrə ilk proses baş tutub.
Məhkəmədə Yavər Camalovun qardaşı, zərərçəkmiş Əlikram Camalov iştirak edib.
Nazir qardaşı məhkəməyə mülki iddia ərizə təqdim edib. Vəkil Ceyhun Yusifov mülki iddianın təmin edilməməsini istəyib.
Vəkil bildirib ki, mülki iddia məhkəmə baxışı ərəfəsində təqdim edilməlidir. Məhkəmə Əlikram Camalovun mülki iddiasını təmin edib.
Əlikram Camalovun vəkili məhkəmədən söz istəyərək mətbuata narazılığını bildirib. Vəkil deyib ki, mətbuatda Yavər Camalovun adının hallandırılmasın doğru deyil. Vəkil mətbuat nümayəndələrinə xəbərdarlıq edilməsini istəyib.
Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək işə yenidən baxılması ilə bağlı qərar qəbul olunub.
Rəsmi ittihama görə S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmağı təklifi edib. S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına sərmayə qoymağı təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.
Nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.
Vəkil Ceyhun Yusifov isə son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib.
S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.