Kriminal (30-08-2017, 16:36)
Ögey atasından hamilə qalan 12 yaşlı qız Bakıya gətirilir
Balakəndə anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalan qız bu gün Bakıya gətiriləcək.
Mediatv.az xəbər verir ki, bu barədə Publika.az-a Balakən rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva məlumat verib.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları ilə birlikdə ailədə olduq. Uşaqla, anası ilə və qohumları ilə söhbət aparıldı. Birinci növbədə qarşıda duran məsələ hamiləliyin sonlandırılmasıdır. Uşağın yaşı az olduğundan hamiləlik həyatı üçün risklidir. Ona görə də proses Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda aparılacaq. Daha sonra ehtiyac olduğu halda qıza xüsusi psixoloq təyin ediləcək. Qız hazırda ailəsinin yanındadır”.
G.Əfəndiyeva bildirib ki, qız başına gələnləri tam dərk etmir, o, sadəcə, suallara cavab verir: “Qızın özündən iki yaş böyük bir bacısı var. Onlar uşaq olanda atası bunları atıb gedib. Daha sonra anası həmin qıza təcavüz edən şəxslə qeyri-rəsmi münasibətdə yaşayıb. Bu münasibətdən onun bir oğlu var. Qızla söhbət apardıq, o, sadəcə, sualları cavablandırır, başına gələnləri tam anlamır. Hadisəni təfərrüatı ilə danışdı. Qızın anası kafe işlədir, ögey atası isə işi olanda gedir, olmayanda uşaqların yanında qalırmış. Bir gün qız ögey atası ilə evdə tək qalanda hadisə baş verib. Həmin vaxt bacı-qardaşı anasının yanında olub. Sonra da həmin şəxs qızı bu barədə başqalarına dediyi halda, onu öldürəcəyi ilə təhdid edib.
Qız da qorxub, heç kimə deməyib. Bir neçə gün əvvəl uşaq xəstə olub, ailəsi başqa problem olduğunu düşünüb. Həkimə müraciət edəndə, müayinədən sonra uşağın hamilə olduğu müəyyən edilib. İndi də uşaqda qorxu hissi qalıb. Anası isə bu müddət ərzində qızının ögey atasından qorxması, ya da həmin şəxsin qızına münasibətində dəyişiklik hiss etmədiyini deyib. O, hadisəni eşidəndən şokdadır”.
Artıq qıza təcavüz edən ögey ata Şindiyev Elçin Qədir oğlu ilə bağlı cinayət işi açılıb.