Kriminal (5-07-2017, 13:20)
Məmurun qətlini sifariş verən Güneldən XƏBƏR
Bakı Apellyasiya Məhkəməsində sabiq məmurun güllələnməsini sifariş verən Günel Süleymanova, onunla birlikdə sifarişi yerinə yetirən Ramil Hüseynlinin və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.
Bu iş üzrə həbs edilənlərdən biri Günelin atası Rasim Süleymanov, digər şəxslər isə Ramin Həsənov və Əlikübar Kübarovdur.
Zərərçəkmiş, güllələnən şəxs Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımovdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Süleymanova 16 il, Rasim Süleymanov 8 il, Ramin Həsənov 7 il, Əlikübar Kübarov 1 il 6 ay, Ramil Hüseynli isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib. 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə Hüseyn Qasımovu 40 min manat müqabilində öldürməsi barədə razılığa gəlib. Ramil Hüseynli “Kalaşnikov”la Hüseyn Qasımova evinin qarşısında bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib.
Sabiq məmura qarşı sui-qəsdlə yanaşı, dələduzluq da edilib. Günel Süleymanova atası ilə əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə ediblər. Sabiq məmurun həbsdə olan oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına kömək edəcəklərini vəd edərək onun külli miqdarda pulunu ələ keçiriblər.
Günel Süleymanova sabiq məmur tərəfindən zorlandığını və gizli şəkildə lentə alındığını deyib. O, həmin görüntülərin geri alınması üçün Ramil Hüseynliyə müraciət etdiyini söyləyib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunublar.