Kriminal (11-04-2016, 11:41)
MTN generalının evində işləyən ustaların məhkəməsi başlayıb
Nərimanov rayon Məhkəməsində bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mediatv.az xəbər verir ki, APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 13-nə təyin edilib.
Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.