Kriminal (18-05-2017, 16:14)
Vidadi Zeynalov tutulanda seyfindən çıxan məktubdan danışdı: “Burada gizlin nə var?”
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov sərbəst ifadə verib.
V.Zeynalov sonuncu prosesdə səhhətinə görə yarıda saxladığı ifadəsini tamamlayıb.
Sabiq aparat rəhbəri ittihamda yazılanlarla raz olmadığını ifadəsinin davamında bir daha qeyd edərək deyib: “ittiham aktı ilə tanış olanda düzü axtarmağa çalışdım. Çünki akt ancaq reallıqdankənar və mövcud olmayan “faktlar və sübutlar” əsasında tərtib olunub. İstintaq orqanı tərəfindən 37,9 milyon manatın necə hesablanaraq yazılması bu günədək mənə məlum deyil. Eyni rəqəmləri həm “Azintelekom”dan, həm “Aztelekom”dan köçürülən məbləğlərə şamil edirlər. Bu materiallar gələcəkdə arxiv materialları olmaqla yanaşı, eyni zamanda baş vermiş hadisəyə istintaq orqanının yanaşmasını da əks etdirir. Rəqəm istintaqda verdiyimiz ifadədəki kimi olub. Mən olanı deyirəm. Əslində verilənlər dollarla hesablanırdı və məbləğ mənim ilkin ifadəmdə dediyim kimi 30 milyon dollar və ya 23milyon 500 min manat olub”.
V.Zeynalov istintaq zamanı bütün hadisələrdə günahkar kimi özünün göstərilməsindən narazılığını bildirib və bu işdə müstəntiqi günahlandırıb.
“İcra başçıları, hətta başqa insanlar da nazirdən rəsmi və qeyri-rəsmi xahiş edib ki, rayonlarda quruculuq-abadlıq işləri gedir, sizin bina bərbad gündədir, təmir edin. Biz də vəsait ayrılması üçün “Aztelekom”a tapşırıq vermişik. Müstəntiq telefon qovşaqlarından birinin rəisinə deyəndə ki, “dəymiş zərəri ödəmək istəmirsinizsə, biz deyənə, yəni V.Zeynalova qarşı yazılana imza atın”. Bu fakt dəqiqdir. Bu qədər də saxtakarlıq olmaz. Cənab Zakir Qaralova məktubla müraciət etdim. İşin içində çoxlu ziddiyyətlər var. İstintaq insan taleyinə niyə biganə yanaşır? Axı mən rəhbərliyin tapşırıqlarını sədaqətlə icra etmişəm. Tapşırığın digər icraçıları heç də vəzifədə məndən kiçik şəxslər deyillər. Mən heç kimə, heç bir məbləğ təyin etməmişəm. İlkin ifadəmdə göstərmişəm. Belə çıxır ki, həmin vəzifədə başqa bir şəxs olsaydı, ona bu tapşırıqlar verilməyəcəkdi? Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə İltimas Məmmədov məsul edilib, Vidadi Zeynalov yox. Bu dövr ərzində “Aztelekom” MMC tərəfindən Nazirliyin xəzinəsinə 19,2 milyon manat vəsait verilib. İstintaq “Aztelekom” MMC-yə münasibətdə bu rəqəmi 37,9 milyon manat və 29,7 milyon manat yazmaqla, 47,7 milyon manat şişirtmə, “Optik Tikinti Montaj” MMC-yə 12,1 mln.manat yazmaqla 19,8 mln.manat şişirtmə, “Azərpoçt” MMC-yə 12,4 mln.manat yazmaqla, 20,0 mln.manat şişirtmə qeyd edib”- deyə V.Zeynalov qeyd edib.
Üzərinə həbs qoyulan əmlakları barədə danışan V.Zeynalov bunları deyib:“Nə vaxtsa həyatdan köçərəmsə, maldan-mülkdən ötrü övladlarımın arasında narazılıq yaranmaması məqsədilə onlar üçün öz əmlaklarımla, eləcə də anam və yaxın qohumlarımın rəsmi qaydada bağışladıqları əmlaklarla bağlı siyahını tərtib edərək vəsiyyət yazıb seyfə qoymuşam. Fikirləşirdim ki, artıq övladlarım müstəqil ailə sahibidirlər və ölümdən heç kəs, o cümlədən mən də sığortalanmamışam. Tutulan gecə saat 21-22 arası həmin məktub seyfdən götürüldü, mənə göstərildi. Mən də dedim ki, burada gizlin nə var? Hər şey öz adıma və ya ailəmin adınadır. Lakin çoxu 1990-2004-cü ilə qədər olan dövrə aiddir. Həmin gecə bütün saytlarda bu siyahı getdi. Bunlar kimə lazım idi? Sonra da ata yurdumuz, bacılarımın, qardaşımın, qaynımın, bacanağımın, qızımın, qonşularımın yaşayan evləri, dövlət tərəfindən onlara kənddə verilən pay torpaqları, hətta dövlətdən, bələdiyyədən müqavilə ilə icarəyə götürdüyüm torpaqları da siyahıya əlavə edib mətbuata ötürüblər”.
Vidadi Zeynalov həbs edidiyi gün aldadıldığını da söyləyib, qeyd edib ki, istintaqa çağırılan günü onu tutublar: “Mən inanmazdım ki, mənə tələ quracaqlar. Prokuror burada qeyd etdi ki, ifadələr verib, imzalamışıq. Düz deyir, vəkilsiz, şok vəziyyətində, həyəcanlı olduğum və müstəntiqi tanıdığım üçün inanıb, əvəzimdən tərtib etdikləri ifadəyə imza atmışam. Şokdan 2 ay sonra çıxa bildim, ayılanda vəsatətlər verdim. Xahiş etdim ki, rəqəmlərlə, konkret olaraq manat-dollarla bağlı Namazalı Məmmədovla, Cəlil Cəfərovla, Məhəmməd Məmmədovla, Qənbər Bəybalayevlə və Oqtay Rüstəmovla məni üzləşdirin. Bir ildən sonra müstəntiqlər gəlib bizi Kürdəxanıda tapdılar və bu ittihamı həvəslə yazıb, tanış edilməm üçün gətirdilər, mən də qəbul etmədim və protokola söyüşdən başqa hər şey yazdım. Daha nə etməli idik? Yalnız bir dəfə məni şəhərə gətirib Əli Abbasovla təqsirləndirilən şəxs kimi yox, şahid kimi üzləşdirdilər. Orada da hər ikimiz öz ilkin ifadələrimizi təsdiq etdik. Həmin üzləşdirmə protokolu 3 nəfər vəkilin, müstəntiqin, Əli Quliyevin, Əli Abbasovun və mənim iştirakımla tərtib olunaraq imzalanıb. Lakin mən həmin protokola nə məhkəməyə göndərilən istintaq materiallarında, nə də ittiham aktında rast gəlmədim”.
İfadəsindən sonra Vidadi Zeynalov deyib ki, vəkili Elxan Süleymanlı onun əmlakını müştəri tapıb. Amma əmlakının üzərində həbs olduğu üçün sata bilmir.
“Həmin adamı bankda gözləyir. Siz yoldaşımın adına olan əmlakın üzərindən həbsi götürün, dövlətə dəymiş ziyanı, boynuma qoyulan ziyanı ödəyim”- deyə V.Zeynalov qeyd edib.
Hakim Əfqan Hacıyev əmlaklarla bağlı məsələyə sonda qiymət veriləcəyini söyləyib.
Növbəti məhkəmə prosesi mayın 19-da davam edəcək.
Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan
11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.