Kriminal (13-05-2017, 14:33)
MTN-in Antiterror Mərkəzinin agentura şəbəkəsinə xərclədiyi pulun məbləği açıqlandı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində bəzi detallar məlum olub.
Mediatv.az Report-a istinadən xəbər verir ki, MTN-in Antiterror Mərkəzi tərəfindən agentura şəbəkəsinə xərclənən pul vəsaitinin məbləği açıqlanıb.
İttiham aktına əsasən, Antiterror Mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitlərin xərclənməsinə dair arayışdan görünür ki, həmin keçmiş nazirliyin Maliyyə İdarəsindən daxil olmuş məlumatlara görə, 2011-2015-ci ilin hər 10 ayı ərzində əməliyyat xərcləri üzrə nəzərdə tutulmuş “9-cu maddə” üzrə Antiterror Mərkəzinə 8 milyon 319 min 533 AZN, 2 milyon 33 min 467 ABŞ dolları və 450 min 570 avro məbləğində pul vəsaiti verilib.
İttiham aktında qeyd edilib ki, Əks-Kəşfıyyat Əməliyyatları İşi üzrə cəmi 5 milyon 148 min 735 AZN və 1 milyon 358 min 500 ABŞ dolları pul vəsaitinin mənimsənildiyi qənaətinə gəlinib.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.