Kriminal (12-05-2017, 19:49)
İttiham aktı: Kod adı BET olan Elçin Behbudov hər ay MTN-dən pul mükafatı alıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun hər ay MTN-dən pul mükafatı aldığı açıqlanıb.
Mediatv.az-ın Report-a istinadən verdiyi məlumata görə, MTN-də mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, əlaqəsində olan etibarlı şəxslər kod adı - BET-ə, TT-yə, Antiterror mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqəsində olan İƏ-yə raportlarda qeyd edilən məbləğlərdə vəsait ödənilib.
İttiham aktına əsasən, etibarlı şəxs BET - Behbudov Elçin Tofıq oğluna 25 noyabr 2013-cü il tarixli 6/1/6543 saylı raport ilə hər ay 2 min manat pul mükafatı təyin olunub. 31 may 2014-cü ildə isə onun Strasburqa səfər xərclərinə 2500 manat ödənilib. BET-in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.
Bundan başqa, BET 2015-ci ildən FOEZ kimi Hərbi Əks-Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.
E.Behbudov 2015-ci ilin noyabrın 14-də vəfat edib.
E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.