Kriminal (14-03-2017, 14:16)
Polkovnikə 8 il cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Mediatv.az: Virtualaz.org saytının xəbərinə görə, məhkəmə iclasına hakim Rahib Salmanov sədrlik edib. Məhkəmənin hökmü ilə Ə. Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Əlövsət Məhərrəmov müxtəlif şəxslərdən külli miqdarda pul alaraq onları FHN-də işə düzəldəcəyini vəd edib. Vədinə xilaf çıxan Ə.Məhərrəmov tərəfindən aldanıldığını başa düşən qurbanlar sonda hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıblar. Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub.
Cinayət işi üzrə zərərçəkmişlərin sayı 50 nəfərdən çoxdur. Zərərçəkmişlər FHN-ə işə düzəlmək üçün 4-10 min manat arasında nağd pulu Ə.Məhərrəmova verdiklərini deyiblər.
Şikayətlər nəticəsində Ə.Məhərrəmov 2015-ci ilin fevralında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.