Kriminal (27-02-2017, 17:47)
Vüsal Ələkbərovun məhkəməsinin növbəti iclası keçirilib - “MTN işi”
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Mediatv.az: “Report”un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, “Texnikabank” ASC-nin “Sumqayıt” filialının müdiri vəzifəsində işləmiş Müsənnif Salahovun epizodu üzrə şahidlər dindirilib.
Şahid qismində ifadə verən Əlizamin Abbasov qeyd edib ki, 2012-ci ilin mart ayının sonlarında Bakıda yaşayan qohumları ilə əlaqə saxlayıb. O, həmin zaman qohumu M.Salahovun həbs edildiyini eşitdiyini söyləyib: “Sonra məlum oldu ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyev də həbs olunub. Müsənnifin də həbs edildiyini bildim”.
Ə.Abbasovun sözlərinə görə, MTN əməkdaşları tərəfindən əvvəlcə M.Salahovun həbsdən azad edilməsi üçün 3 milyon manat pul tələb olunub: “Müsənnif danışıq apardıqdan sonra məbləği 600 min manata endirmişdi. Bu pulun tələb edilməsi ilə bağlı Müsənnif iki nəfərin adını çəkirdi: biri Vüsal Ələkbərov, digəri MTN-nin istintaq baş idarəsinin rəis müavini vəzifəsində çalışmış Təhsin Ağayevdir. Onların heç birini görməmişəm, nə də tanıyıram”.
Daha sonra prosesdə iş adamı, zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə dinləmə olub.
Şahid qismində Teymur Qurbanov ifadə verib. O, A.Qurbanovun kiçik oğlu olduğunu bildirib. Şahidin sözlərinə görə, 2013-cü ilin yanvar ayında MTN-dən V.Ələkbərov ona zəng edib və nazirliyin inzibati binasına gəlməsini deyib: “Vüsal Ələkbərov mənə dedi ki, “atanla bağlı cinayət işi var, ölkədən gedib, onun təcili geri qayıtması üçün danışıq aparın, bizə 1 milyon manat verməlidir”. Soruşdum ki, “atam hansı cinayəti törədib, ondan 1 milyon manat tələb edirsiz?” Vüsala evimi satıb 50 min manat verə biləcəyimi söylədim. O, razı olmadı, mənə təzyiq göstərməyə başladı”.
Şahidin ifadəsi ilə bağlı V.Ələkbərov arayış verib. O bildirib ki, yaxın dostlarından biri T.Qurbanovu qəbul etməyini xahiş edib: “Mən də onu qəbul etmişəm. Lakin ona mən şəxsən zəng vurmamışam. Ümumiyyətlə bu şahidlə bağlı dindirilmənin qapalı prosesdə aparılmasını tələb edirəm. Çünki bu şahidlə bağlı mənim deyəcək sözlərim var. Həmin ifadələrin ictimaiyyətə açıqlanmasını istəmirəm. Bu şəxs dövlətin məanfeyinə zidd hərəkətlər edib. Bununla bağlı Baş Prokurorluğa müraciət olunmalıdır”.
Daha sonra prosesdə MTN-in 2-ci istintaq şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərov ifadə verib. O bildirib ki, MTN-də 2014-cü ilədək işləyib, istintaq baş idarəsinin 2-ci istintaq şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.