Kriminal (23-02-2017, 20:16)
Məhkəmə Əli İnsanovu ev dustaqlığına buraxmayıb
Fevralın 23-də Qaradağ rayon Məhkəməsi hakim Fuad Hüseynovun sədrliyi ilə keçirilən iclasında keçmiş səhiyyə naziri Əli İnsanov barəsində həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etməyib.
Mediatv.az: Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.
2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona qarşı Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
2016-cı il oktyabrın 11-də Bakının Qaradağ rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.
İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb. “Bu, açıq-aşkar 11 illik həbs müddətinin başa çatmasına 9 gün qalmış mənim azadlığa çıxmağıma mane olmaq üçün atılmış böhtandır”, İnsanov qeyd edib.
Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovun hüquqlarının pozulduğunu tanıyıb və Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Məhkəmə prosesləri zamanı İnsanov Azərbaycan hakimiyyətini və şəxsən prezident İlham Əliyevi kəskin şəkildə tənqid edib.
Hüquq müdafiə təşkilatları İnsanovu “siyasi məhbus” kimi tanıyır.
Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməkdə ittiham olunan şəxslər barədə həbs qətimkan tədbiri seçilməməsi nəzərdə tutulub.
“Əli İnsanovun törətmədiyi, lakin əsassız və qanunsuz olaraq təqsirləndirildiyi əməllər də həmin kateqoriyaya aiddir. Bunu əsas tutaraq müdafiə tərəfi Əli İnsanov barəsində həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Qaradağ rayon Məhkəməsinə müraciıt etdi. Lakin, Qaradağ rayon Məhkəməsi 23 fevral qərarı ilə qanunsuz və əsassız olaraq vəsatəti təmin etmədi. Bununla da məhkəmə Cinayət Prossesual Məcəllənin və prezidentin sərəncamının tələblərini pozub”, vəkil qeyd edib.