Kriminal (25-01-2017, 14:39)
Yol polisinin maşınını əzənə 9 il cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidmətinin (YPX) avtomobilini yarasız hala salmaqda təqsirləndirilən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az: Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirlənditilən şəxsə hökm oxunub. Məhkəməin hökmü ilə Ş.Bəylərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ötən il Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Ş.Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.