Kriminal (13-01-2017, 17:11)
“Qovşağa ayrılan pulların 90 faizi “Aztelekom”a qaytarılıb” – “RABİTƏ İŞİ”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az: APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fərzəli Fərzəliyev ifadə verib. Sabirabad rayon telekommunikasiya qovşağında şöbə rəisi olmuş F. Fərzəliyev ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. F. Fərzəliyev bildirib ki, materialların alınması zamanı sənədlərə qol çəkib, lakin onların alınmasında iştirak etməyib.
Vəkillər onun istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını istəyiblər. Bu zaman F. Fərzəliyev özünü pis hiss edib və huşunu itirib. İclasda fasilə elan edilib.
Fasilədən sonra şahid qismində Əkbər Əsgərov dindirilib. Şirvan telekommunikasiya qovşağında baş mühasib olan şahid bildirib ki, ayrılan pulların 90 faizi yenidən “Aztelekom”a qaytarılıb: “Bizim qovşağa 5 ildə 12 milyon 350 min manat pul köçürülüb. Həmin pulun 10 faizi bizə qalırdı. Qalan hissəsini Oqtay Rüstəmova vermişəm”.
Təqsirləndirilən şəxs Oqtay Rüstəmov isə Əkbər Əsgərovdan heç zaman pul götürmədiyini və dediklərini doğru olmadığını deyib.
Vidadi Zeynalov da şahidin ifadəsinə münasibət bildirib: “Şahid deyir ki, pullar geri qaytarılıb. O zaman orada işlər necə görülüb?”
Hakim bildirib ki, şahid ifadəsində qeyd edib ki, pulun 10 faizi ilə bu işlər görülüb.
İclasda təqsirləndirilən Namazalı Məmmədovun vəkili vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin qardaşının vəfat etdiyini bildirib. Vəkil Namazalı Məmmədovun dəfn mərasimində iştirakının təmin olunmasını istəyib. Hakim bildirib ki, onların bununla bağlı qərar vermək ixtiyarları yoxdur.
Şirvan telekommunikasiya qovşağında xəzinədar olmuş Əsəd Əsədullayev ifadəsində “Aztelekom” tərəfindən göndərilən pulların 90 faizinin geri qaytarıldığını deyib.
Sabirabad rayon telekommunikasiya qovşağında baş mühasib olmuş şahid Yaşar Babayev istintaqa verdiyi ifadəni təsdiqləyib. Məhkəmədə bildirib ki, “Aztelekom” gələn pulların bir hissəsi yenidən qaytarılıb: “Pulun niyə qaytarıldığını bilmirəm. Rəis nə deyirdi, onu eləyirdim. Sadəcə biz sənədləşdirirdik. Rəis maaşımdan əlavə bayramda, toya gedəndə 50-100 manat mənə pul verirdi”.
Onun istintaqa ifadəsi elan edilib. İstintaq ifadəsində ona rəis tərəfindən 1000 manat pul verildiyini bildirilib.
Şahid isə bu təkzib edib: “Hər ay o boyda pul alsaydım, 3 banka borcum qalmazdı. Ola bilər ki, mexaniki səhv ola bilər. Rəis yalnız bayramda, toyda 100 manat pul verib”.
“Aztelekom”un maliyyə şöbəsinin rəisi olmuş Faiq Cəfərov bildirib ki, şöbənin işi maliyyə hesabatların proqnozlaşdırılması və statistikasına hazırlanması olub. Prokurorun suallını cavablandıran Faiq Cəfərov qeyd edib ki, Namazalı Məmmədovun gördüyü işlərdə problem olmayıb: “Yalnız Namazalı müəllim Gəncədə çalışan zaman problem yarandı. Biz statistik hesabatlar hazırladıq. Gördük alınan materiallar bazar qiymətindən baha olub. Bununla bağlı hesabat hazırlandı və rəhbərliyə məruzə elədik. Ümumiyyətlə, görülən işlərin qiymətləndirilməsi ilə bağlı Məhəmməd Məmmədova məruzə eləmişəm”.
Şahidin istintaqa verdiyi ifadə elan olub. İstintaq ifadəsində bildirilib ki, Namazalı Məmmədovun işlərində nöqsanlar çox olub: “Nöqsanlara görə Namazalı Məmmədovla bağlanan müqavilə dayandırıldı. Yalnız Rabitə Nazirliyinin rəhbəri tərəfindən tapşırıq verib, ona himayədarlıq edilərək müqavilə yenidən imzalanıb. Buna görə “Aztelekom”a külli miqdarda ziyan dəyib”.
Şahid isə i deyib ki, onun ifadəsi düz başa düşülmədiyindən başqa istiqamətə yönəldilib.
Faiq Cəfərov vəkillərin sualına cavab olaraq bildirib ki, 200 min manatlıq işi 4 yerə bölərək, 50 min manatlıq tenderlər keçirilib. Bununsa səbəbini izah edə bilməyib.
Sahibkar Yaşar Əliyev isə bildirib ki, razılaşma yolu ilə “Aztelekom”dan iş götürüb. Şahid köçürülən pulun 35 faizini baş mühasib Oqtay Rüstəmova verdiyini deyib.
Oqtay Rüstəmov isə şahidin dediklərinin yalan olduğunu və ondan heç zaman pul almadığını deyib.
Prosesdə şahid qismində “Aztelekom” sabiq sədri Məhəmməd Məmmədovun bacısı oğlu Sahib Əliyev da dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.
Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.