MTN “çetesi”nin qurbanlarının sırasında daha bir sahibkar, uzun illər zərgərlik fəaliyyəti ilə məşğul olan Elman Məlikov cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.
Mediatv.az: Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə bağlı istintaq materiallarından görünür ki, sahibkarlara, iş adamlarına müxtəlif yollarla hədə-qorxu gəlinib, şantaj olunub, talanıblar.
Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, 15 ildən artıq Mərkəzi Univermaqda qızıl-zinət əşyaları, brilyant alqı-satqısı ilə məşğul olan Elman Məlikov da digər həmkarları kimi MTN-nin caynağından yaxa qurtara bilməyib. “MTN çetesi”nin diqqətini adıçəkilən iş adamının mütəmadi olaraq xarici ölkələrdən qızılı xammal şəklində gətirməsi, istehsalını həyata keçirməsi çəkib. Nəhayət, 2011-ci ilin yay aylarında işdə olarkən iki nəfər şəxs ona yaxınlaşaraq MTN əməkdaşları olduqlarını, onlarla birlikdə getməyi təklif ediblər. İş adamı nə səbəbə görə çağırıldığını öyrənməyə cəhd etsə də, ona heç nə deməyiblər, MTN-nin Səbail rayon şöbəsinə aparıblar.
Çox keçməyib ki, adını sonradan öyrəndiyi Füzuli Əliyev otağa gəlib, sahibkarı terrorçularla əlaqədə ittiham edib, həbs olunacağı ilə hədələyib: ”Mənə dedi ki, mal satdığın adamların çeçen mücahidləri ilə əlaqələri var. Guya buna görə mənimlə Rusiya Federasiyasının xüsusi xidmət orqanları maraqlanır. Başa düşürdüm ki, söylədikləri hamısı bəhanədir. Çünki zərgərlik fəaliyyəti ilə rəsmi məşğul olduğuma görə, istənilən şəxsə mala sata bilərdim. Fizulu Əliyevin dediklərindən belə başa düşdüm ki, məndən bəhanə ilə pul almaq istəyir. Mənim çeçen mücahidləri ilə heç bir əlaqəm yox idi və ola da bilməzdi. Fizuli isə bu mövzu çərçivəsində mənim guya terrorçulara yardım etdiyimi bəhanə edərək həbs etməklə hədələdi. Daha sonra isə açıq bazara keçdi, 150 min dollar tələb etdi”.
Zərərçəkmişin ifadəsinə görə, məbləğin çoxluğuna etiraz etsə də, həbs ediləcəyindən ehtiyatlanıb: ”Ona məbləğin çox olduğunu dedim. Verməyəcəyim təqdirdə həbs edəcəyi ilə hədələdi. Nəhayət, 100 min dollara razılaşdı. İşə gəlib əlimdə qalan qızıllarımı satdım, bu barədə heç kimə bir söz demədim. Elə həmin gün axşam saatlarında pulu hazırlayıb Fizuliyə zəng vurdum. 100 min manatı əl çantasında “Azərbaycan” kinoteatrının yaxınlığında MTN-nin Səbail rayon şöbəsində ona verdim. Pulu saymadı “telefon nömrən var, sənə inanıram, düz olar” dedi. Həmçinin mənə bu gündən etibarən rahat şəkildə işləyə biləcəyimi söylədi”.
İş adamı həmin gündən etibarən doğurdan da bir neçə il rahat şəkildə işləyib, onu heç kim MTN-ə çağırmayıb. Amma 2013-cü ilin yay aylarında növbəti dəfə sahibkarın telefonuna zəng gəlib. Zəng vuran şəxs ona MTN əməkdaşı olduğunu deyib və adıçəkilən quruma gəlməyi tapşırıb: “Ertəsi gün MTN-ə getdim. Zəng vuran şəxs məni komendaturanın qarşısında qarşılayıb ikinci mərtəbəyə qaldırdı. Dəvət edən şəxsin 30-35 yaşları olardı. Mənimlə ayrıca otaqda çox qısa söhbət etdi. Dedi ki, qızıl-zinət əşyası satdığın Rusiya Federasiyası vətəndaşı mücahidlərlə əlaqədədir. Ona dedim ki, burda mənlik heç bir iş yoxdur. Həm də başa düşdüm ki, yenə köhnə bəhanə ilə məndən pul qoparmaq istəyirlər. Mənimlə pul danışığına keçdi. Həbs olunmamağım üçün 50 min dollar tələb etdi. Pulun çox olduğunu dedim, 20 min dollara razılaşdıq. Həbs olunacağımdan qorxduğum üçün məcbur olub məbləği düzəldib iki dəfəyə MTN-in qarşısındakı dayanacaqda ona verdim. Sahibkarlıq fəaliyyətində məni incidəcəklərini bildiyim üçün heç bir orqana şikayət etmədim. Mənə demişdilər ki, bu barədə heç kimə danışmayım. Çox qorxmuşdum” .
Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Həmin iş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 19-da başlayacaq. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Yasamal rayon Məhkəməsində baxılacaq.