Tümen şəhər Kalinin rayon məhkəməsinin hökmü ilə silahlı basqında ittiham olunan azərbaycanlılardan ibarət dəstə üzvlərinə hökm oxunub.
Mediatv.az: Virtualaz.org saytı Tümen vilayət Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Röyal Abdullayev, Nəsimi Kişiyev, Elşən Yusifov və dəstənin 22 yaşlı, milliyyətcə rus olan digər üzvü – Andrey Vikulov soyğunçuluq və qanunsuz odlu silah saxlama maddələri ilə təqsirli biliniblər.
İstintaq materiallarına görə, 23 yaşlı Röyal Abdullayev dostlarından biri ilə söhbət zamanı onun Tümendə bizneslə məşğul olan, əslən azərbaycanlı, imkanlı qohumunun yaşadığını öyrənir. Sahibkarın yaşadığı evi qarət etməyi planlaşdıran gənc bu barədə dostları Elşən və Nəsimi ilə məsləhətləşir. Onsuz da maddi sıxıntı içərisində çabalayan Elşən və Nəsimi dərhal həmyerlilərinin təklif ilə razılaşırlar. Dəstə üzvləri basqın planını reallaşdırmaq üçün qəsəbə sakini Andrey Vikulovu da bu işə cəlb edirlər.
Ötən ilin sentyabr ayında biznesmenin yaşadığı ünvanı dəqiqləşdirmək məqsədilə onun yaxın qohumunu özləri ilə Tümenə aparırlar. Həmin şəxsin içkili olmasından istifadə edərək sahibkarın ünvanını soruşurlar. Yol yoldaşlarının niyyətindən xəbərsiz olduğundan, qohumunun şəhərin mərkəzində yerləşən evini onlara göstərir.
Nəhayət, oktyabrın 9-da saat 23:00 radələrində dəstə üzvləri taksi ilə Tümenə gəlirlər. Hasardan keçib evin giriş qapısının qarşısında dayanaraq mənzildəkilərindən kiminsə çölə çıxmasını gözləyirlər. Lakin nə qədər gözləsələr də, mənzilin qapısını açıb küçəyə çıxan olmur. Gecə saatlarında basqın planını həyata keçirə bilməyən dəstə üzvləri anbara gedib səhərin açılmasını gözləyirlər.
Ertəsi gün səhər tezdən eyni məkana üz tuturlar. Ev sahibinin qızının giriş qapısını açması ilə quldurların mənzilə zorla soxulmaları bir olur. Üzlərində maska olan soyğunçular əllərindəki silah və pnevmatik tapança ilə mənzildəkilərə hədə-qorxu gəlirlər, qızılların və pullaırn yerini deməyi tələb edirlər. Dəstə üzvləri mənzildən ümumilikdə 1 milyon 100 min rublla yanaşı, biznesmenin qızının pasportunu və mənzildəki patronları da aparıblar.
Qarətdən sonra basqınçılar cinayətdə istifadə etdikləri maskaları, əlcəkləri, geyimləri, sahibkarın qızının adına olan pasportu və oğurladıqları patronları tullayıblar.
Keçən ilin noyabr ayında azərbaycanlı sahibkarln evini qarət edən “kriminal kvartet” saxlanılıb.
Məhkəmənin hökmü ilə Röyal Abdullayev və Andrey Vikulov hər biri 10 il, Elşən Yusifov və Nəsimi Kişiyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.