Kriminal (3-11-2016, 16:34)
“LOTU QULİ” KRİMİNAL DÜNYANIN YENİ XAÇ ATASINA ÇEVRİLİR – Qanlı qarşıdurmalar gözlənilir
Rusiyanın hüquq mühafizə və xüsusi xidmət orqanları paytaxt Moskva və ətraf rayonlarda Azərbaycan mütəşəkkil cinayət şəbəkəsinin görünməmiş aktivliyindən narahatdırlar.
Mediatv.az xəbər verir ki, bu haqda “Rosbalt” agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbə bildirib.
Mənbənin bildirdiyinə görə, Moskva şəhəri və Moskva vilayətinin şəhər və rayonlarında azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplar görünməmiş dərəcədə aktivləşiblər. Bu, məşhur azərbaycanlı kriminal avtoritet “Lotu Quli” (Nadir Səlifov) və “Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanovun qruplaşmalarının birləşməsindən yaranan yeni cinayətkar sindikatdır.
Xüsusi xidmət orqanlarındakı mənbənin məlumatına görə yeni kriminal konqlomerat bu ilin yayında formalaşıb. Daha sonra ona “Rəşad Gəncinski” kimi tanınan digər kriminal avtoritet Rəşad İsmayılov da qoşulub.“Lotu Quli” yeni kriminal konqlomeratın lideridir və mənbə bildirir ki, hazırda o, ən güclü yaraqlılar “ordusuna” malik olan “vor zakon”dur. Öz növbəsində “Vaqif Bakinski” və “Rəşad Gəncinski” Moskvada iri ticarət mərkəzlərinə və topdansatış bazalarına malik olan iri azərbaycanlı biznesmenlərlə yaxın əlaqələrə malikdir.
Bildirilir ki, yeni klan bir-birinin ardınca Moskva və Moskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır. “Lotu Quli”nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla böyük şəhərlərdən sıxışdırıb çıxarmaqdadır. Mənbə bildirib ki, “Lotu Quli”nin başçılıq etdiyi klan öz qüvvələrini Moskvaya toplayır. Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər. “Rusiya xüsusi xidmət orqanları yaxınlarda ölkənin bir çox şəhərlərində qanlı kriminal qarşıdurmaların olacağından narahatdır”, – deyə mənbə bildirib.
Xatırladaq ki, bu günlərdə “Rosbalt” Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “Rövşən Lənkəranski”nin qətlinin motivlərini açıqlayıb. Məlum olub ki, onu “Vaqif Bakinski”nin klanına daxil olan “göyərti kralı” Canbulat Şamiloğlunun qətlinə görə öldürüblər.
“Rövşən Lənkəranski”nin qətlinin “Lotu Quli”nin dəstəyi sayəsində baş verdiyi bildirilir. Mənbə bildirirdi ki, “Rövşən Lənkəranski”nin qətlindən sonra onun aktivləri uğrunda müharibə başlayır. Rəqib qruplaşma onun “krışası” altında olan obyektləri ələ keçirməyə başlayıb.