Kriminal (17-02-2016, 13:50)
“ÇUDO PEÇKA” SABİQ NAZİRDƏN ALINDI- DİREKTOR HƏBS EDİLDİ
“Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin keçmiş sahiblərinə qaytarılıb.
Mediatv.az-ın məlumatına görə, bu haqda əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov xəbər yayıb: “Son beş ildə “Bakery Operating Company” MMC-nin idarəçiliyinə verilmiş “Çudo-Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarıldı.
“Çudo-Peçka” mağazalar şəbəkəsində “Bakery Operating Company” MMC-nin və direktor Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa artıq başlanıb. Nəticələr barədə məlumat veriləcəkdir”.
A.Cəlilov bundan sonra sözügedən mağazalar şəbəkəsinə yenidən atası Çingiz Cəlilovun rəhbərlik edəcəyini vurğulayıb.
Xatırladaq ki, “Standart” Banka olan borca görə “Çudo Peçka” Çingiz Cəlilovdan bankın iddiası əsasında alınmışdı. Bu bankın səhmlərinin böyük hissəsi isə keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur.
Qeyd edək ki, “Çudo Peçka” şirkətinin icraçı direktorunun həbs edildiyinə dair məlumat da yayılıb. Saytların yazdığına görə, dünən şirkətin 7-ci mikrorayon ərazisində yerləşən baş ofisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib və şirkətin direktoru Azad Abdullayev həbs olunub. Lakin A.Abdullayevin adından “AzPolitika.info”nun elektron poçtuna daxil olan məktubda bu iddia təkzib olunur: “Bildiririk ki, nəinki 15 fevral 2016-ci il tarixdə, umumiyyətlə “Çudo Peçka” MMC-nin rəhbəri Azad Abdullayevin fəaliyyəti dövründə, 8-ci mkr. yerləşən “Çudo Peçka” MMC-nin Baş ofisinə heç bir maskalı əməkdaş daxil olmayıb, şirkətin idarəçisi Azad Abdullayev də həbs edilməyib”.
Qeyd edək ki, məktuba A.Abdullayevin telefon nömrəsi də qeyd olunub. Lakin həmin nömrəyə açdığımız zəng cavablandırılmadı.