Siyasət / Slayd (2-10-2014, 23:51)
“Hafka” neft yataqlarındakı payını satır
“Bahar Energy Ltd.” şirkəti “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovdan alınıb. Hafiz Məmmədovun şirkətə prezident təyin etdiyi Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Amir Mahmoudzadeh də vəzifəsindən kənarlaşdırılıb. Şirkətə ABŞ vətəndaşı olan Norman Benson prezident təyin edilib.
Mediatv.az ın xəbərinə görə, bu barədə virtualaz.org-a şirkətdən məlumat veriblər.
Xəbərdə deyilir ki, şirkətin əsas payçılardan olan “Baghlan Group”la bütün əlaqələr kəsilib: “Norman Benson əvvəllər şirkətin vitse-prezidenti vəzifəsində çalışıb. Lakin Amir Mahmoudzadehdən fərqli olaraq o, Hafiz Məmmədovla “isti” münasibətdə olmayıb”.
Xəbərdə o da deyilir ki, şirkət əməkdaşları ilə bağlanmış əmək müqavilələrinin müddəti gələn il yanvarın 1-dən bitir: “Şirkətdə ciddi ixtisarların olacağı proqnozlaşdırılır. Bu il 140-dan çox əməkdaş işdən çıxarıldı. Yeni ildən isə işçilərin sayının yarıyadək azaldılacağı gözlənilir. Budəfəki ixtisarlar Hafiz Məmmədovun yaxınlarından da yan keçməyəcək. Hafiz Məmmədovun qohumları, yaxın ətrafı hələ də şirkətin ofisində çalışır. Fəhlə və texniki heyətdən fərqli olaraq onlar 3-6 min manat əməkhaqqı alırlar”.
“Bahar Energy Ltd.” şirkətinin Dövlət Neft Şirkətinin nəzarətinə veriləcəyi də gələn xəbərlər arasındadır.
Qeyd edək ki, “Bahar Energy Ltd.” Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası və işlənməsini həyata keçirir. Şirkət nəqliyyat naziri Ziya Məmmədov və onun biznes ortağı Dubayın Cəbəl Əli azad ticarət zonasında qeydiyyatdan keçmiş “Baghlan Group Limited”, “Bakı” futbol klubunun prezidenti olan iş adamı Hafiz Məmmədova, “Greenfield İnternational”, “RAFI Oil” və ARDNŞ-ə məxsus olub.
“Bahar” və “Qum-dəniz” dəniz yataqlarının işlənməsi üzrə bağlanmış hasilatın pay bölgüsü (HPB) tipli müqavilə 2009-cu ilin dekabr ayında ARDNŞ (20%) və “Bahar Energy Ltd.” (80%) arasında bağlanıb. Belə ki, “Bahar Energy Ltd.” şirkətinin təsisçiləri “Baghlan Group”, “Greenfield İnternational” və “RAFI Oil” ofşor kompaniyalardır. Şirkət Dubay-Cebel Əli azad iqtisadi zonasında qeydə alınıb.
“Bahar Energy Ltd.” şirkətindən virtualaz.org saytına şirkət rəhbərliyinin dəyişdiyini təsdiqləsələr də əlavə açıqlama vermək istəməyiblər.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə xəbəri təsdiqləyib.
M.Qəhrəmanlı dedi ki, “Bahar Energy Ltd.” şirkətinin təsisçiləri “Baghlan Group”, “Greenfield İnternational” və “RAFI Oil” şirkətləridir: “Şirkətlərin ilkin təsis payları bərabər olub - 33,3 faiz. Ancaq “Greenfields Petroleum” şirkəti 2012-ci ildə bəyan etdi ki, “Baglan Group” “RAFI Oil” şirkətinin 33,33 fazilik payını da alıb. Bu barədə razılaşma 2012-ci ilin 17 yanvarında imzalanıb”.
Beləliklə, “Bahar Energy” şirkətinin səhmlərinin 66 faizinə iş adamı Hafiz Məmmədovun rəhbəri olduğu “Baghlan Group” nəzarət edib. Səhmlərin qalan hissəsi ABŞ-ın “Greenfields Petrolium” adlı şirkətinə məxsusdur. Ofisin prezidenti Amir Mahmoudzadeh və təmsilçi ofisin birinci vitse-prezidenti Norman Benson olub. Amir Mahmudzadeh şirkətdən uzaqlaşıb. Hazırkı prezident Norman Bensondur.
Hüquq müdafiəçisi qeyd etdi ki, rəhbərlik etdiyi təşkilata “Baglan Group”un öz payını- “Global Energy”nin “Absheron Operating Company” şirkətinə (Zığ və Hövsan yataqlarını) satdığına dair məlumat daxil olub.
ARDNŞ-dən isə məsələyə münasibət bildirməyiblər.