Kriminal (3-11-2015, 16:38)
Sabiq nazirinin qohumunun qətli ilə bağlı iş yenidən istintaqa qaytarıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Mediatv.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ötən iclasda müdafiə tərəfinin qaldırdığı vəsatətə baxılıb.
Dövlət ittihamçısı çıxış edərək vəsatətin əsassız olduğunu bildirib.
Hakimlər kollegiyası müdafiə tərəfinin vəsatətini təmin edib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qət-imkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub.
O, həmdə sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.