Kriminal (6-02-2015, 21:59)
Bir qətlin açılmayan sirri
İki il əvvəl qətlə yetirilən doktor Cavid Həmişəyevin atası nələr danışdı
Dünyada nə qədər insan varsa, o qədər də tale var. Bir-birinə bənzəməyən, bəzən ağrı-açılarla, bəzən isə şirin naz-nemətlərlə yoğrulmuş insan talelələri. Bəzən insanlar bu talelələrə baxıb özünün həyatını dəyişməyə cəhd edir, ancaq qismət, alın yazısı onu özündən də xəbərsiz yazılmış qismət payına qədər gətirib çıxarır. Kimisi bu qismət payına çatmaq üçün yıxılır, durub yenidən yoluna davam edir, bəzən qırılır, hər şeyə elə qırıldığı yerdəcə nöqtə qoyulur. Kimisi isə çox rahatca və asanlıqla özünün öz qismət payına çata bilir. Talelər də insanların özü kimidir – bir-birinə çox oxşayan, amma tamamilə fərqli, bir-birinin təkrarı olmayan talelər.
“Həftə içi” qəzeti “Alın yazısı” adlı yeni rubrikaya start verir. Bu rubrikada bir-birindən maraqlı insan taleyindən danışacağıq. Bir-birinə çox oxşayan, amma tamamilə fərqli talelərdən. Rubrikamızın ilk mövzusu kimi, tanınmış neftçi- şair Zaməddin Ziyadoğlunun gənc yaşlarından dünyasını dəyişən övladından, daha doğrusu, doktor Cavidin taleyindən bəhs edəcəyik.
Bəeri başdan deyək ki, Zaməddin müəllim müxtəlif məsul vəzifələrdə çalışıb. Həmişə xeyirlığı ilə tanınan, insanlara məhəbbət bəsləyən, şux gəzən Zaməddin müəllim daim nurani, gülərüz görünürdü. Hərdən öz yaxın dostlarının əhatəsində olanda ürəyinin bir parçası, yeganə oğlu Caviddən söz açaraq onun yaxşı əməllərindən fəxarətlə danışırdı...
Vədələşdiyimiz kimi, “Sevinc” kinoteatrının qarşısındakı kiçik parkda görüşdük. Sanki qarşımdakı iki il öncə gördüyüm Zaməddin müəllim deyildi. Bu qısa zaman kəsiyində çox qocalmışdı, sanki boyu kiçilmiş, qəddi əyilmişdi, saçlarında və qırışmış sifətində bir dənə də olsun, qara tük görünmür. Sən demə, yeganə oğlunu, alimlik dərəcəsi almış gənc övladını itiribmiş. Övlad dərdi onun belini əymişdi, alacalanmış gözləri sanki fəryad qoparır. Qəlbindən qara qanlar axdıqca sifətinin rəngi bulud kimi qaralır. Amma baxışlarından hiss etdim ki, dərdini bölüşməyə bir simsar dost, adam axtarır. Az qalırdı ağlasın, amma ağlaya bilmirdi. Ağlamaqdan artıq gözləri çüxura düşüb. Əlindəki qovluğu açaraq dünyanın müxtəlif ölkələrindən gələn dəvətnamələri göstərir. Amerikanın Kalforniya Ştatından, Böyük Birtaniyadan, Fransadan, Almaniyadan oğlu doktor Cavidə beynəlxalq seminarlarda, konfranslarda iştirakn üçün göndərilən dəvətnamələri. Bu ölkələrdə hələ də bilmirlər doktor Cavid artıq həyatda yoxdur.
Təhsildən başlayan uğur
Doktor Cavid Həmşəyev Bakıdakı 12 saylı orta məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirərək təhsilini Kimya-Biologiya təmayülü liseyində davam etdirib. 1993-cü ildə liseyi əla qiymətlərlə bitirən Cavid mərhum əmisi, məşhur kardioloq, respublikanın baş kardioloqu Üzeyir Həmişəyevin yolunu davam etdirmək arzusu ilə Azərbaycan Tibb Unverstitetinə daxil olub. 1999-cu ildə “Müalicə işi” fakültəsini əla qiymətlərlə bitirərək akademik Topçubaşov adına Elmi-Tədqiqat Klinik Təbabət İnstitutuna təyinat alıb və həmin tibb ocağında “Cərrahlıq” ixtisası üzrə 6 ay intern işləyib. Sonra dünya şöhrətli alim- həkim Doktor Cavad Heyətin təkidi ilə Tehranda İmam Xomeyni adına Tibb Elmləri Unverstitetinin Xəstəxana Kompleksində həkim-resident vəzifəsində işə qəbul olunub. Cavid doktor dünyada məşhur olan bu elm mərkəzində “Ürək və kardiotorakal cərrahiyə” üzrə tam rezedentura kursu keçərək, 2000-ci ildə kardiologiya sahəsində ixtisasını davam etdirmək üçün Türkiyənin Samsun şəhərində fəaliyət göstərən On doqquz Mayıs Unverstitetinin tibb fakultəsinə, ixtisaslaşma kursuna daxil olub. 2007-ci ildə “Uzmanlıq belgesi” diplomunu alıb və həmin ilin sonunadək orada kardioloq-həkim işləyib. 2008-ci ildə doktor Cavid Həmşəyev Bakıya dəvət alaraq Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Tibb Xidmətinin Mərkəzi Klinik Xəstəxanasında həkim-kardioloq kimi fəaliyətə başlayıb. O, 2011-ci ilin mart ayına qədər tanınmış bir kardioloq-alim kimi ABŞ, Rusiya, Türkiyə. Yunanıstan, Ukrayna, Fransa, Qazaxıstanda kardiologiya üzrə beynəlxalq konqreslərdə çıxışlar edib, həmin ölkələrin Kardioloqlar Cəmiyyətinin fəxri üzv seçilib. Həm də Azərbaycan Kardioloqlar Cəmiyətinin üzvü olan doktor Cavidin bir sıra elmi məqalələri ölkəmizdə və xaric elmi dərgilərdə dərc olunub, kardioloqiyaya dair bir neçə elmi ixtiraların müəllifidir. O dünyaşöhrətli alim, kardioloq- həkim kimi ATU-nun Tədris Terapevik Klinikasının “Ahjioqrafiya” (kardiologiya) şöbəsinin müdiri vəzifəsin təyin edilib və ömrünün sonunadək bu vəzifədə çalışıb.
2012-ci ildə Prezident yanında Ali Atestasiya Komissiyasının qərarı ilə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən Cavid Həmşəyevə təqdim olunan ”Uzmanlıq belgesi”, yəni tibb üzrə fəlsəfə doktoru elmi dərcəsi təsdiq edilib. O, bir mütəxəsis, peşəkar ixtiraçı kardioloq-həkim kimi yüzlərlə ürək çatımamazlığından əziyyət çəkən insanlarda cərrahiyə əməliyatları apararaq onlara şəfa verib. Eləcə də xalq şairləri Nəriman Həsənzadə və Zəlimxan Yaqubun ürəyində ağır cərrahiyyə əməliyatı aparıb.
Bağ evində baş tutmayan qonaqlıq
Yaşasaydı fevralın 9-da doktor Cavidin 38 yaşı tamam olacaqdı. Hər il ad gününü təmtaraqlı şəkildə dostları, doğmaları ilə birgə keçirərdi. Bu dəfə Cavid doktorun ad günü səssiz-səmirsiz keçiriləcək, xırda bir otaqda. Onun ad günündə ancaq valideyinləri, bir də ondan qalan və günbəgün xəzan yarpağı kimi saralan xatirə şəkilləri olacaq. Atası Zaməddin Ziyadoğlu dərdini içinə sıxa-sıxa danışır: “Bu gün Cavid həyatda yoxdur, iki ildir anası evimizdə yas saxlayır. İki ildir ki, “Cavid” deməkdən dilimiz yara olub. Oğul dərdi , bala itkisi yaman ağır olurmuş. Soyuq məzar da yaralarımızı söndürə bilməz. Elə bil o ucalıq başıma uçub, gecələr onun xatirələri ilə danışıram, gündüzlər şəhərə çıxanda qeyri-ixtiyari olaraq gözlərim gəlib-keçən adamları, onun tay-tuşlarını axtarır, “birdən Cavidim olar” deyirəm. Həyat-bacada Cavidin oturduğu, gəzdiyi yerlərdə qalmış ayaq izlərinə baxıram, sonra bir küncə çəkilib, heç kəs görməsin deyə, kirmişcə ağlayıb ürəyimi boşaldıram. İsti göz yaşları da bala dərdini ovutmur, ürəyim tab gətimir”.
Zaməddin müəllim oğlu Cavidin çox mehriban və zarafatçıl olduğunu xatırlayaraq deyir ki, hər il mayın 22-də Nəriman Həsənzadənin ona zəng edərək “Sizi nəvəsinin ad gününə dəvət edirəm, Cavid balanı da gətirərsiniz” söyləyirdi. Deyir Nəriman müəllim Cavidi çox istəyirdi, onu heç oğlundan da seçmirdi: ”Sonuncu dəfə Nəriman müəllimin nəvəsinin ad günündən qayıdanda, 2013-cü il mayın 22-də Cavid gülə-gülə mənə dedi ki, ata, sizə bir süprüzüm var, bağ evi tikdirmişəm. Sizi mayın 26-da bağ evinə yemək-içməyə aparacağam. Nədənsə, oğlumun həyat yoldaşı həmin tarixi bir gün qabağa çəkdi, biz bağ evinə gedə bilmədik. Çünki mayın 25-də Cavid balam amansızcasına qətlə yetirildi”...
Cinayətkar cəzasız gəzir?
Neçə-neçə insana həyat vermiş dünya səviyyəli kardioloq-həkimi həyatından məhrum etdilər. Bu gün bir həkimin canına qıymaq yüzlərlə insanın həyatını məhv etmək qədər üzücü cinayətdir. İstintaq orqanları cinayətin qarət məqsədiilə törədildiyi fərziyəsini irəli sürür. Lakin həkimin öz peşəsində qazandığı uğurlar, vəzifədə irəli çəkilməsi ehtimalı, digər tərəfdən doktor Cavid Həmişəyevin ölkəmizdə və xarici ölkələrdə qazandığı nüfuzu bu qətlin yalnız qarət məqsədilə törədildiyi fikrinə şübhə yaradır. Atası da deyir ki, oğlumun öz peşəsində nüfuzunun sürətlə artmasını, ardıcıl qazandığı uğurları bu qətlin xüsusi sifarişlə həyata keçirildiyini düşünməyə əsaslar verir: “Cinayətin təxribat xarakterli olması əsl cinayətkarların, cinayətin mənbəyində dayanan mənfur qüvvəllərin gizlənməsinə zəmin yaradır. Hadisə yerində ətrafda heç bir qan izi və ləkələrinin olmaması onun çarəsiz vəziyyətdə qətlə yetirilməsini göstərir. Həkimi huşsuz hala gətirməklə onu çarəsiz vəziyyətdə saxlayaraq asta-asta xüsusi əzalardan bıçaq vurmaqla qətlə yetirmişdilər. Oğlum mənim fərəhverici qürurum, ümid yerim, qolum-qanadım idi. Hər dəfə məni gördükdə tanınmış ictimai xadimlər oğlumun uğurlu tibbi-cərrahi əməliyyatlarına, müalicələrinə görə mənə öz təşəkkürlərini bildirəndə qanad açıb uçurdum. Lakin oğlumun amansızcasına qətlə yetirilməsi mənim qanadlarımı sındırdı”.
Zaməddin Ziyadoğlu dünya şöhrətli alim oğlunun bir qrup adamlar tərəfindən vəhçicəsinə qətlə yetirilənlərin hələ də layiqli cəzalarını almamasını da təəssüflə qeyd edir. İki azyaşlı nəvəsinin ata üzünə həsrət qaldığını deyən Zaməddin müəllim bu itkinin ailəyə daha bir faciə yaşada biləcəyindən ehtiyatlanır: “Anası Cavidin faciəli şəkildə ölümünə dözə bilmir. Deyir ki, əgər oğlunun qatilləri tapılmazsa, həqiqət üzə çıxmazsa intihar edəcək. Ad günü ərəfəsinədək onun haqqında bir məqalə yazıb dərc edin ki, anası bu yazıdan bəlkə təssəli tapa bildi. Onun haqqında yazdığınız bu ürəkağrıdıcı kəlmələr bəlkə ana yarasına az da olsa məlhəm ola bildi”.
Xatırladaq ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında meyiti aşkarlanıb. Meyitin üzərində 19 bıçaq xəsarəti aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi açılıb. Sonradan iş Bakı Ağır Cinayətlər Məhkəməsində davam etsə də mərhumun ailəsi qətlin tam şəkildə araşdırılmadığı, cinayətkarların indiyədək layiqli cəzasını almadığı qənaətindədir.
