Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-12-2021, 18:12)
BDU rektorunun adı keçən elmi saxtakarlıq


 



Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilovun qanunsuz əməlləri ilə bağlı “Hürriyyət”in redaksiyasına ciddi faktlar daxil olub. Məlumata əsasən, N.Cəlilov doktorluq dissertasiyası iddiaçısı Canməmməd Rüstəmovu qeyri-qanuni yollarla astronomiya üzrə elmlər doktoru etdirmək istəyir. Bu səbəbdən də, onun müdafiəsi üçün bir sıra biabırçı əməllərə imza atıb. Biz, “Hürriyyət” olaraq, bu sahənin mütəxəssisləri ilə söhbətimizdə sözügedən məsələyə daha geniş aydınlıq gətirməyə çalışdıq. İlk olaraq mənbəmizin təqdim etdiyi faktları oxucularımızın diqqətinə çatdıraq:

Birincisi, astronom olmayan qeyri-ixtisasçıları BED 3.05 Dissertasiya Şurasına daxil etdirib. Hətta AMEA-nın astronom olmayan müxbir və həqiqi üzvlərini də. Bu isə, birbaşa Ali Attestasiya Komissiyasının (AAK) Nizamnaməsinə, Müvafiq Əsasnaməyə və Dissertasiya Şuralarının Yaradılması və Fəaliyyətinin təşkili barədə təlimatın 2.10, 2.11, 2.12, 2.15, 2.16-cı bəndlərinə ziddir.

İkincisi, BDU rektoru Elçin Babayevi, Ədalət Ətayini və Larisan Qolubevanı professor olmadıqları halda, həmin Müdafiə Şurasına daxil etdirib. Özü də onlardan birinci ikisini (Elçin Babayevi, Ədalət Ətayini) 2108.01 - "astrofizika və ulduz astronomiyası" üzrə ixtisasçılar kimi. Bu şəxslər uyğun olaraq 2106.01 (Günəş fizikası), 2104.01 (Planetologiya) və (Günəş, Günəş və Yer Əlaqələri) ixtisaslarına aiddirlər. Onların heç biri astrofizika və ulduz astronomiyası üzrə ixtisasçı mütəxəssis deyillər. Hələ başqalarını demirik.

Üçüncüsü isə, daha da biabırçıdır. Söhbət doktorluq dissertasiyası iddiaçısı Canməmməd Rüstəmovun avtoreferatından gedir. Hansı ki, ona baxış keçirən mütəxəssislər artıq rəy də hazırlayıblar və onu ayrıca olaraq tezliklə AAK-a göndərəcəklər. İddia olunur ki, Canməmməd Rüstəmovun doktorluq adı ilə təqdim etdiyi "avtoreferat" və ona uyğun "dissertasiya işi" heç adi kurs işi səviyyəsində də deyil. Bu fikrin elmi əsaslandırması belədir ki, həmin "işdə" heç bir elmi yenilik, heç bir yeni elmi nəticə yoxdur - bunlar hamısı indiyədək hamımıza məlum faktlardır. Belə ki, müdafiəyə çıxarılan "müddəalar", "elmi yeniliklər", "əsas nəticələr" kimi yazılanların hamısı elmi əsası olmayan boş fərziyyələrdən, məlum adi müşahidə faktlarından, çoxlu sayda plagiat və köçürmələrdən ibarətdir. Olduqca çoxlu sayda təkrarlanmalar, yersiz sözlər və söz birləşmələrinin hətta bir səhifədə həddindən artıq çox işlənməsi, qeyri-elmi ifadələrin çoxluq təşkil etməsi, hətta lağ-lağı kimi görünən ifadələrdən ("... proqnozlaşdırılması", "özünə bənzərlik", "qənaətbəxş nəzəriyyə", "astronomlar başa düşmürdülər" və sayr.) ibarətdir. Orfoqrafik səhvlər isə ifrat dərəcədə çoxdur. Hətta o səviyyədə ki, dərslərinə yaxşı hazırlaşan 3-cü sinif şagirdi həmin əlyazmanı yazsa, bu qədər səhvlər etməz. Bu işin tez-tələsik, “müdafiə edəcəyinə” əminliklə yazıldığı açıq-aşkar görünür.

Bütün bunlardan əlavə, başqaları tərəfindən elmə daxil edilmiş formulları, düsturları, elmi fikirləri və təkamül parametrlərinin bu avtoreferata və dissertasiyaya daxil edilməsi iddiaçı Canməmməd Rüstəmovun plagiat və köçürmələrə çox yol verdiyini aşkar göstərir. C.Rüstəmov iş üzrə seçdiyi ulduzların təkamül parametrlərindən (ulduzun kütləsi, işıqlılığı, effektiv temperaturu, mütləq ulduz ölçüsü, səthində ağırlıq qüvvəsinin təcili, radiusu və sayr) heç birisini təyin etməyib, amma bütün iş boyu təkamüldən boş-boş “nağıllar danışmağa” başlayıb.

Mütəxəssislərə görə, işdən Qalaktikalara aid bölməni ümumiyyətlə çıxarıb atmaq lazımdır, çünki bu mövzunun adına uyğun gəlmir.

Yeri gəlmişkən, mövzunun adında da çatışmazlıq var. Belə ki, "Təkamülün müxtəlif mərhələləri" yox, "Müxtəlif təkamül mərhələləri" olmalıdır. Avtoreferatda qeyri-müəyyən fikirlər, bədii sözlər, şablon ifadələr, həlledici yerlərdə olmayan nida ("!") durğu işarəsindən istifadə, şüa sürəti və spektral parametrlərin ölçülməsi kimi adi ölçmə nəticələrinin ifrat şişirdilərək qeyri-adi elmi yenilik kimi təqdim edilməsi, fərziyyənin işin əsas nəticəsi adlandırılması və elmi yenilik kimi təqdim edilib müdafiəyə çıxarılan müddəa siyahısında yazılması kimi biabırçılıqlar və digər çoxsaylı məlum faktların mənimsənilərək yeni elmi nəticə kimi dinləyicilərə sırınması ikrah hissi doğurur.

Onu da bildirək ki, C.Rüstəmovun 05 noyabr 2021-ci il tarixində Namiq Cəlilov, Ədalət Ətayi və Nəriman İsmayılov tərəfindən imzalanmış və möhürlənərək aidiyyəti ünvanlara göndərilmiş avtoreferatının bütün səhifələrində mütəxəssislər lazımi qeydlər və düzəlişlər edib. İddiaçının "dissertasiyası” isə hələlik bundan qat-qat biabırçı vəziyyətdədir.

Əlbəttə, biz hazırda Nəriman İsmayılovun vəziyyətini başa düşürük. Aydındır ki, bir neçə nəfər istisna olmaqla, əksəriyyət iddiaçının dissertasiya işini oxumur, sadəcə onun danışdıqlarını dinləyir. Amma avtoreferat yığcam olduğundan, əsasən hamı tərəfindən oxunur və baxılır. Hər yerə göndərilən də məhz avtoreferatdır, dissertasiyanın özü deyil. Odur ki, Şamaxı Astrofizika Rəsədxanasında belə avtoreferata "Ümumrəsədxana Seminarında", "Elmi Seminarda" “hə” deyib müdafiəyə çıxarılmasını istəyən bütün elmi işçilər məsuliyyət daşıyır. Əlbəttə, buna hər hansı irad tutanlar olubsa, bu dediklərimiz ona aid deyil. Amma hər halda müvafiq seminarların, iclasların protokollarında əksəriyyətin lehinə olması yəqin ki, yazılıb. Bu avtoreferatı oxuduqca, insan özü-özündən utanır ki, görün, elmlər doktoru olmaq istəyən kimdir, onun qabiliyyəti, savadı nə səviyyədədir?

Bəli, Volf-Raye ulduzlarının spektrlərində spektral parametrlərin və şüa sürətinin dəyişkənlikləri onlar üçün xarakterik haldır. Nə olsun ki? Bu elmi yenilikdirmi, yeni elmi nəticədirmi? O cümlədən Volf-Rayelərdə ulduz ölçüsündə parametrin 0.1 dəyişməsi də həmin ulduzlar üçün adi haldır. Lap həmin fotometrik dəyişkənlik 0.1 yox, 0.2 olsaydı, nə olacaqdı ki? Bu sensasiyadırmı? Bu zaman "müdafiəyə çıxarılan müddəa"da, "elmi yenilik"də və "Əsas nəticələr"də cümlələrin sonuna nida ("!") işarəsi qoyurlar? İddiaçı nida durğu işarəsinin mənasını və onun harada işlədilməli olmasını bilirmi, heç olmazsa? Çətin, bilsəydi, belə etməzdi...

Avtoreferatda “Əsas nəticələr”in Azərbaycan variantında 2-ci nəticədən birbaşa 4-cü nəticəyə keçilməsinin yazılması (2-dən sonra 4 gəlir?) kimi analoqu olmayan səhvlər iddiaçının daha bir ciddi qüsurudur. Halbuki, birbaşa diqqəti cəlb edən həlledici bölmələrdə belə qüsurları dərhal görməlisən axı! Belə "avtoreferat"ı yazılmış "dissertasiya"nı "hə, layiqdir" deyib, onu astronomiya üzrə elmlər doktorluğuna layiq bilib və işi bu həddə qədər gətirən, buna müsbət rəy yazan şəxslərin hamısı, bir daha xatırladaq ki, ciddi məsuliyyət daşıyır.

Beləliklə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, Namiq Cəlilovun təşkil etdiyi, Canməmməd Rüstəmovun isə təqdim etdiyi "avtoreferat" və "dissertasiya işi" ilə bağlı araşdırmamız davam edir. Bu adamların göz qabağında olan "elmi fəaliyyəti" ilə bağlı növbəti sayımızda oxucularımıza daha ciddi faktlar təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024