Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-12-2014, 23:36)
Roma Papasının nəsihətinin ƏSL MƏZMUNU

 

Roma katolik kilsəsinin başçısı, Papa I Fransiskin Türkiyəyə üçgünlük səfərini heç bir şişirtməyə yol vermədən tarixi səfər adlandırmaq olar. Çünki səfər rəsmi şəkildə elan olunmuş məqsədinə - dinlərarası dialoqun qurulmasına - tam uyğun şəkildə baş tutdu. Səfər zamanı baş verənləri istər pravoslav-katolik yaxınlaşması, istər xristianlarla islam dünyası arasında dinlərarası həmrəyliyə nail olunması baxımından tarixi adlandırmaq olar.
 
I Fransisk islam dünyasının ən nəhəng dövlətlərindən olan, lakin Avro-Atlantik məkanda hələ də bərabərhüquqlu iştiraka can atan Türkiyəyə səfər etmiş sayca 4-cü Roma Papasıdır. 1967-ci ildə Türkiyəyə VI Pavel baş çəkmişdi. 12 il sonra, 1979-cu ildə II İohann Pavel, 2006-cı ildə isə XVI Benedikt Türkiyədə səfərdə olublar.
 
Roma Papalarının Türkiyəyə xüsusi diqqət göstərmələri tamamilə başadüşüləndir: o, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dövlət olsa da, mədəni-tarixi irsində istər islama, istərsə də xristian sivilizasiyasına dair böyük layları birləşdirir. Qərb, Roma-katolik xristianlığı ilə yolları az qala min il əvvəl ayrılmış pravoslav xristianlığının əsas mərkəzi məhz Türkiyənin İstanbul şəhərində (1453-cü ilədək Konstantinopol) yerləşir. Roma Papasının Türkiyəyə son səfəri zamanı Konstantinopol patriarxı, Ümumdünya patriarxı I Varfolomey ilə apardığı danışıqların səfərin əsas hadisəsi olması da təsadüf deyil.
 
Bu ilin mayında Fransisklə Varfolomey İsraildə görüşərək katoliklərlə pravoslavlar arasındakı parçalanmanın aradan qaldırılması üçün səylərin birləşdirilməsi haqda razılıq əldə etmişdilər. İstanbulda bu istiqamətdə növbəti addım atılıb - Roma Papası və Konstantinopol patriarxı birgə ekumenik bəyannamə imzalayıblar. Sənəd katoliklərlə pravoslavların yaxınlaşmasını nəzərdə tutur. İmzalanma mərasimi Roma Papasının İstanbuldakı Müqəddəs Georgi kilsəsində liturgiya ibadətindən sonra baş tutub. Maraqlıdır ki, liturgiya bazar günü - noyabrın 30-da olub. Bu, patriarx Varfolomeyin himayəçisi sayılan Andrey Pervozvannı bayramıdır. Həmin gün pravoslav dindarlara müraciət edən katolik pontifik deyib: "Katolik kilsəsinin yeganə arzusu və onun rəhbəri olaraq, mənim istəyim pravoslav kilsəsilə birlikdir". Fransisk Yaxın Şərqdə yaşanan və xristianların əziyyət çəkmələrinə səbəb olan münaqişə ilə əlaqədar, katoliklərlə pravoslavların birliyinin daha da aktuallaşdığını söyləyib.
 
Fransisk ilə Varfolomey tərəfindən imzalanan birgə bəyannamədə də əsas yerlərdən birini Yaxın Şərqdəki vəziyyət, xüsusilə müharibənin bürüdüyü İraq və Suriya tutur. Onlar "İslam dövləti"nin yaraqlıları tərəfindən İraq və Suriyada xristianlara, həmçinin digər dinlərdən olan insanlara qarşı həyata keçirilən hücumları pisləyiblər. Roma Papası Türkiyə səfəri zamanı bu mövzuya xüsusi diqqət ayırıb. "Fanatizm və fundamentalizm də anlaşılmazlıq və ayrı-seçkiliyə yol açan digər irrasional qorxular kimi, bütün inanclıların həmrəyliyilə aradan qaldırılmalıdır", - deyə Papa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahındakı çıxışı zamanı bildirib. O, Türkiyənin 1,5 milyondan artıq suriyalı qaçqına qucaq açmasını yüksək qiymətləndirib.
 
Türkiyə prezidenti Ərdoğan isə öz növbəsində, diqqəti Qərb dünyasında islamofobiyanın güclənməsinə çəkib. İslamın terrorçuluqla, ekstremizmlə eyniləşdirilməsini pisləyən Ərdoğan hər kəsi "bunun həlli yollarının birgə tapılmasına" çağırıb. Prezident "İslam dövləti" və Nigeriyanın "Boko Haram" kimi terror təşkilatlarını islama xələl gətirməkdə ittiham edib, eyni zamanda Suriyadakı "dövlət terrorunu" da pisləyib. Rəcəb Tayyib Ərdoğan çıxışında Qərbin yürütdüyü siyasətdəki ikili standartlara da toxunub. O, xüsusilə kürd terrorçularının fəaliyyətinə diqqət çəkib: "Uzun illər Türkiyədə Kürd Fəhlə Partiyası ilə qarşıdurma nəticəsində qan axıdılıb. Amma bunu nədənsə heç kim görmürdü. Məscidlərə hücumlar olunur, yenə səs yoxdur. Belə ikili standartlar insanların ədalətə inamını yox edir".
 
Bununla yanaşı, Roma Papasının Türkiyəyə səfəri zamanı səsləndirilən önəmli bəyanatlar heç də Yaxın Şərqdəki mənfi hallarla məhdudlaşmayıb. Onlar islam dünyası ilə xristianlar arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan konstruktiv dialoqun vacibliyini də vurğulayıblar. Bu mənada Papanın İstanbuldakı Mavi məscidi (Sultan Əhməd) və müqəddəs Sofiya kilsəsini (keçmişdə pravoslav kilsəsi olub, sonradan məscidə çevrilib, hazırda isə muzey kompleksi kimi fəaliyyət göstərir) ziyarət etməsi önəmli hadisə sayıla bilər.
 
Fransisk Mavi məsciddə İstanbul müftisi Rəhmi Yaranla inanclıların birliyi üçün dua edib. Birgə ibadət Yaranın Qurandan İsa Məsihin anası Məryəm ananın həyatı ilə bağlı ayələr oxumasından sonra başlayıb. Aydındır ki, ənənəvi təkallahlığa inanan dinlər hazırkı dövrün ən təhlükəli problemlərilə mübarizədə müttəfiqdirlər. Sosial problemlər, ekoloji fəlakətlər, mənəvi tənəzzül, müharibələr, eləcə də münaqişələr və s. problemlərə islam dünyası və xristianlığın əsasən ümumi cavabı var. Eyni dərəcədə, xristianlığın əsas qanadları olan Qərb (katoliklər) və Şərq (pravoslavlar) də siyasi, sosial və mədəni tendensiyalara münasibətdə vahid mövqedədirlər. Bu mənada Roma Papasının Türkiyə səfəri ərəfəsində Avropa Parlamentində və Avropa Şurası Parlament Assambleyasındakı çıxışlarını əlamətdar saymaq olar. Fransisk çıxışlarında Köhnə Qitəyə kifayət qədər pis diaqnoz qoyub: bu günün Avropası sönməkdə olan sivilizasiyadır. Onun yeni dəyərləri isə Avropanı heç yerə aparan deyil. Papa bildirib ki, əldən düşmüş, yorulmuş qoca Avropa artıq köklərini itirib, sülh və əməkdaşlıq prinsiplərindən uzaqlaşıb. "Avropanı ruhlandırmış böyük ideallar, deyəsən, qüvvəsini itirib. Vətəndaşlarda Avropa İttifaqının institutlarına inamsızlıq artır. Onların qəbul etdikləri qanunlar bəzi xalqlar üçün sadəcə faydasız, hətta, bəlkə də, zərərlidir", - deyə Roma Papası qeyd edib.
 
Pontifikin bu fikirlərinin arxasında onun Avropadakı liberal hakimiyyəti qəbul etməməsi dayanır. Bu, əsrlərdən gələn mədəni ənənələrin qəbul olunmaması, inamsızlıq, ailə dəyərlərindən imtina, bütün mənəvi dəyərlər və hətta günahlardan azad olmağı əks etdirən yalançı-azadlıq və sairdir. Belə halların qiymətləndirilməsi zamanı xristianlığın katolik və pravoslav qolları ilə yanaşı, xristianlarla islam dünyasının mövqeləri də üst-üstə düşür. Roma Papası ilə danışıqların sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəflər arasında heç bir fikir ayrılığının olmadığına dair açıqlaması təsadüf deyildi. "Çox hörmətli Papa Fransisk ilə söhbətdən sonra məlum oldu ki, bütün problemlərə yanaşmamız eynidir. Bu, terrorla mübarizəyə, dünyada pulun hökmranlığı probleminə də aiddir", - deyə Ərdoğan qeyd edib.
 
Prezidentin Papanın Türkiyəyə səfərilə bağlı daha bir önəmli fikri: "Bu səfər regionumuz üçün son dərəcə vacib səfərdir. O, sülhə böyük töhfə olacaq. Əminəm ki, Papa Fransiskin nəsihətləri yalnız müsəlmanlara deyil, xristianlara da çatacaq".
Bu etiraf, şübhəsiz ki, sivilizasiyalararası və dinlərarası dialoqun tarixi uğur qazanmaq şansının olduğunu təsdiqləyir. Çünki ən böyük monoteist dinlərin ümumi məqsədləri və istəklərinin kökündə bu dayanır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024