Karusel (20-09-2014, 22:04)
Ziya Məmmədovun mübhəm yol biznesi - Asfaltdan çıxan pullar...
Paytaxtda, eləcə də Bakıətrafı ərazilərdə çəkilən yolların qısa zamanda sıradan çıxmasının kökündə prosesə nəzarətin zəif olması, məsuliyyətsizlik və işə laqeyd yanaşma dayanır. Əksər yolların az müddət sonra sıradan çıxması ora yatırılan pulun tam şəkildə sözügedən məqsəd üçün istifadə olunmaması ilə əlaqələndirilir. Budur, Bakı-Sumqayıt yolunun bəzi hissələrində asfalt-beton örtüyü sıradan çıxıb. Bir neçə il əvvəl tikilən yol istismar müddətini yavaş-yavaş başa vurur. Magistral yolun beton hissələrinə asfalt yamaqların vurulması isə buna əyani sübutdur. Dövlət büdcəsindən bu yolların tikintisi üçün milyonlarla pul xərclənsə də, nədənsə salınan yolların keyfiyyəti aşağıdır. Təkcə son on ildə Azərbaycanda yollara 10 milyard manatdan çox vəsaitin xərclənməsinə baxmayaraq, Azərbaycanda yol problemi hələ də öz həllini tapmayıb. Bəs, görəsən, bu qədər pulların xərcləndiyi yollar niyə keyfiyyətsiz olur?
Yolların keyfiyyəti ilə bağlı yaranan suallara cavab axtardıqda bir sıra xoşagəlməz faktlar üzə çıxır. Apardığımız kiçik araşdırmadan məlum oldu ki, ölkədə tikilən yollar lazımi standartlara cavab vermir. Mütəxəssislərin fikrincə, xüsusilə Bakıda şəhərdaxili yollar çəkilərkən şirkətlər ucuz asfalta qaçırlar və belə asfaltda parafinin səviyyəsi yüksək olur. Şirkətlər asfaltın tərkibindəki parafini təmizləmirlər, çünki bu ayrıca prosesdir və asfaltın qiymətini artırır. Məhz bu səbəbdən şirkətlər ucuz asfaltdan istifadə etməyə üstünlük verirlər. Nəticədə az xərc çəkməklə daha çox qazanc edirlər. Əslində isə, yol çəkilişi nəzəriyyəsinə görə, yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır. Adətən bitumun tərkibində parafin çox olduqda asfaltın keyfiyyəti aşağı düşür. Aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş vermiş yollarda çatlar yaranır, bu isə daha sonra dərinləşərək bəzi yerlərdən asfalt laylarının qopmasına və çalalar yaranmasına səbəb olur. Mütəxəssislər qeyd edir ki, sadalananlarla yanaşı, yol tikintisi ilə məşğul olan podratçı şirkətlər asfaltın keyfiyyətinə də zəmanət verməlidir. Avropa ölkələrində bu təcrübə geniş yayılıb. Məsələn, Almaniyada Hitlerin vaxtından salınan yollar hələ də istifadə olunur və heç bir təmirə ehtiyac yoxdur. Bəzi ölkələrdə isə yol tikinti şirkətləri asfalt-beton örtüyünə 50 illik zəmanət verirlər. Şirkət yolun örtüyündə baş verən hər hansı qüsura birbaşa məsuliyyət daşıyır və ehtiyac olduğu təqdirdə bütün təmir işlərini öz öhdəsinə götürür. Amma təəssüf ki, bizdə bu təcrübədən elə də geniş istifadə edilmir. Nəqliyyat üzrə ekspertlərin fikrincə, yolların keyfiyyəti şirkətlərin yol çəkilişi texnologiyasına düzgün riayət etməməsi ilə bağlıdır. Bizdə yolların çoxunu büdcə vəsaitlərini tələm-tələsik işlətmək naminə qış vaxtı - noyabr, dekabr aylarında çəkirlər. Yəni yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir. Həmçinin qruntu yaxşı presləmirlər, məsələn, hər hansı kommunikasiya xəttini çəkmək üçün xəndək çəkilir və ya çala qazılır, sonra onun üstü torpaqlanır, malalanır və yaş-yaş üstü asfaltlanır. Belə asfalt nə şaxtaya, nə də istiyə duruş gətirə bilər. Ekspertlər bildirirlər ki, yağışlı-qarlı başqa ölkələrdə yollar əsasən şaxtalı havalarda yola səpilən duzlar və ya başqa kimyəvi qatışıqlar üzündən dağılır. Amma bizdə qışda duz, qum səpilməyən yollar buz bağlayır və buz açılandan sonra darmadağın olur. Mütəxəssislərin fikrincə, bu onu deməyə əsas verir ki, Azərbaycanda yol çəkilişi zamanı istifadə edilən komponentlər keyfiyyətsizdir. Komponentlər dedikdə isə əsasən asfalt üçün işlədilən bitum nəzərdə tutulur.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev mətbuata açıqlamasında məsələyə aydınlıq gətirib. Qurum rəsmisi Bakı-Sumqayıt yolunun beton hissəsində yaranan problemi özünə xas üslubda izah edib: "Bakı-Sumqayıt yolunun beton olan hissəsində fikir versəniz görərsiniz ki, Sumqayıta gedən istiqamətdə yol yaxşıdır. Amma Sumqayıtdan Bakıya gələn istiqamətdə yol örtüyü dağılıb. Buna səbəb ağır tonnajlı yük maşınlarının bu yoldan istifadə etməsi olub. Bu yolun bərpası ilə bağlı işlər görülür. Mərhələ-mərhələ işlər aparılır".
Burada maraqlı bir sual ortaya çıxır. Görəsən,bu yol tikilərkən yük maşınlarının yoldan istifadə edəcəyi nəzərə alınmayıbmı? Əgər nəzərə alınıbsa, o zaman niyə yol örtüyü sıradan çıxır? Bu cür sualların cavabını ekspertlər konkret təkliflərlə izah edirlər. Mütəxəssislərin fikrincə, yola tikinti şirkət tərəfindən zəmanət verilməsi bu kimi problemlərin qarşısını birdəfəlik alacaq. "Azəryolservis" ASC-nin rəsmisi isə bu zəmanət məsələsi ilə bağlı şirkətlərin öhdəliyi olduğunu deyib. O bildirib ki, podratçı şirkətlər yola bir-iki il müddətinə təminat verir. Pünhan Mürsəliyevin sözlərinə görə, bağlanılan müqaviləyə əsasən yolda baş verən hər bir qüsur yolu tikən şirkət tərəfindən aradan qaldırılır.
Mütəxəssislər isə dünya və Avropa təcrübəsindən istifadə etməyin vacib olduğunu deyirlər. Söhbət bir-iki illik zəmanətdən deyil, uzunmüddətli zəmanətdən gedir. Minimum 5 il yola zəmanət verilməsi dövlət büdcəsindən yollara daha az pul xərclənməsinə səbəb olar. Ekspertlər belə addımların həmçinin, Azərbaycanda fəaliyyət göstərən yol tikinti şirkətlərinin məsuliyyət hissini artıracağına ümid edirlər. Bununla da həm dövlət büdcəsinə qənaət etmək, həm də ölkədə yeni keyfiyyətli yollara qovuşmaq mümkün olar.
Mərkəzi küçələri ölkəmizlə müqayisədə yaxşı olan bəzi ölkələrin müqayisəsini apardıqda məlum olur ki, yollara ayrılan 10 milyard manat kifayət qədər yüksək məbləğdir və bu pulla ölkədə infrastrukturu xeyli dərəcədə yeniləşdirmək, Qərb standartlarına uyğunlaşdırmaq olar. Amma təəssüf ki, yol layihəsi ilə bağlı ayrılan vəsaitlərdə israfçılığa, mənimsəmələrə yol verilir. Nəqliyyat layihələri ilə bağlı elan edilən tenderlər bəzən şəffaf aparılmır, ictimaiyyətin də bundan xəbəri olmur.
Paytaxtın bəzi yollarının bərbad olması ilə bağlı vətəndaşların da haqlı şikayətləri, insanlarımızın narazılığı bitib-tükənmək bilmir. Bütün bunlar isə təbiidir. Azərbaycan Respublikasının vətəndaşları büdcədən ən çox pulun ayrıldığı Nəqliyyat Nazirliyinin işinin yaxşı olmasını arzulayırlar. Axı niyə də belə olmasın, ötən ilin dövlət büdcəsində ən çox vəsait məhz yol infrastrukturunun yaxşılaşdırılmasına yönəlib. Amma nəticə də göz qabağındadır. Milyonlarla dövlət vəsaitinin ayrıldığı yollar sanki can verir.
Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişaf proqramında başlıca məsələlərdən biri şəhər və ətraf qəsəbələri birləşdirən yolların təmiri və yenidən qurulmasıdır. Büdcədən ayrılmalarla həmçinin qəsəbədaxili yolların da yenilənməsi nəzərdə tutulub. Bu məqsədlə, ötən il və ondan əvvəlki illərdə müvafiq işlər görülsə də, nəticələr heç də yaxşı olmadı. Məsələ burasındadır ki, şəhər mərkəzi ilə yanaşı, ətraf qəsəbələrə gedən yollarda da demək olar ki, yamaqlama işləri həyata keçirildi. Biz hələ onu demirik ki, asfaltlanaraq istifadəyə verilən yeni yollar bir müddətdən sonra sıradan çıxır. Vəziyyət yenə də olduğu kimi qalmaqdadır. Mütəxəssislər hesab edirlər ki, avtomobil yollarına ayrılan vəsaitlər düzgün istiqamətdə xərclənmir. Nəticədə yollar keyfiyyətsiz təmir olunur. Bunlara baxmayaraq, ötən il dövlət büdcəsindən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yolların bərpasına 5 milyon manat vəsait ayrıldı. Ölkə başçısının imzaladığı sərəncama əsasən, iki yüz min nəfərə yaxın əhalinin yaşadığı bir sıra qəsəbələri Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat - Maştağa - Buzovna və Zabrat - Kürdəxanı - Pirşağı avtomobil yollarının I texniki dərəcəli standartlara uyğun yenidən qurulması üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrıldı. Göründüyü kimi, dövlət büdcəsindən ən çox vəsait elə nəqliyyat sahəsinə ayrılır. Əməkdaşımız bu fotoları paytaxtın Suraxanı, Nəsimi və Xətai rayonlarında çəkib. Baxın, bu fotolardakı yollar bir müddət əvvəl asfaltlanmışdı. Nəticələr göz qabağındadır: - çatlar göz çıxarır. Səməd Vurğun bağının yaxınlığındakı yol isə ümumiyyətlə, dağılaraq sıradan çıxıb. Təəccüblüdür, ölkə vətəndaşları, xüsusən paytaxt sakinləri yolsuzluq problemindən nə vaxt xilas olacaqlar?
P.S. Deyilənə görə Söyün Sadiqovla Dagıstanda tikinti aparan şəxs arasında hansısa anlaşma olub?