Cəmiyyət / Slayd (27-08-2014, 20:29)
“Körpü Bina Tikinti”MMC-nin adı qaranlıq maliyyə əməliyyatlarında
Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün iş adamlarına hər cür şərait yaradılıb. Amma təəssüf ki, bir sıra şəxslər, o cümlədən onların rəhbərlik etdikləri məhdud məsuliyyətli cəmiyyətlər bu imkanlardan sui-istifadə edirlər. Düzdür, son vaxtlar müxtəlif tikinti şirkətlərinin rəhbərləri dələduzluqda və korrupsiyada ittiham olunaraq həbs edilirlər. Amma təəssüf ki, belə hallar hələ də mövcuddur. Belə çıxır ki, bir sıra məhdud məsuliyyətli cəmiyyətlərdə gözlənilən korrupsiya yoxlamalarının növbəsi Xəlil Göyüşovun şirkətinə də çata bilər. Çünki belə məhdud məsuliyyətli cəmiyyətlərdən biri olan “Körpü Bina Tikinti” MMC-nin Adı qaranlıq maliyyə əməliyyatlarında hallandırılır. Qeyd edək ki, sözügedən MMC 2001-ci ildə təsis edilib və nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir. Müxtəlif yollarla varlanan Xəlil Göyüşovun rəhbəri olduğu MMC artıq ölkənin ən varlıları sırasındadır. Hər il milyonlarla manat vəsait xərclədiyi deyilsə də, görülən işlərə görə rəqəmlərin şişirdilməsi də istisna deyil. Belə ki, Bakıda inşa edilən tunel və ya körpülərin xərc hissəsinə diqqət yetirdikdə bu MMC-nin rəqəmləri hansı səviyyədə şişirdiyi açıq şəkildə görülür. Məsələn, ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq bir smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması yetərli qədər şübhə üçün əsaslar verir. İri tenderlərin əsas “qənimi” kimi ad çıxarmış Xəlil Göyüşovun bu işləri necə həyata keçirdiyi də kifayət qədər təəccüblüdür. Qeyd edək ki, “KBT” MMC-nin rəhbəri yuxarılarla bağlı olan biri kimi tanınmaqla yanaşı, həm də konkret nazirlərdən biri ilə şərikli şəkildə işləyən şəxs kimi ad çıxarıb. Elə bu səbəbdəndir ki, onun bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi mümkünləşib. Xəlil Göyüşovla bağlı xoşagəlməz faktların ortaya çıxdığı bir vaxtda “Körpü-Bina-Tikinti” (KBT) Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) mənfi halların bitib-tükənmək bilmədiyi barədə informasiyalar cəmiyyətə ötürülür. Şəhərin əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini həyata keçirən bu şirkətin adı bir sıra xoşagəlməz məsələlərdə hallanır. Hətta dəfələrlə mətbuatda “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı yol verdiyi ciddi nöqsanlarla bağlı silsilə yazılar dərc edilib. Bildirilir ki, dövlət büdcəsi hesabına sifariş edilən layihələrin tikintisi zamanı MMC-nin rəhbərliyində təmsil olunan şəxslər, xüsusilə də şirkətin sahibi Xəlil Göyüşov külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə edir. Belə ki, tikinti işlərində ən ucuz materiallardan istifadə olunduğu halda, MMC sədri kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərinin axırına çıxır. Həmçinin o yerli sexlərdə istehsal olunan tikinti məhsullarını xarici mal adı altında qanunsuz maliyyə maxinasiyalarına yol verib. Belə maxinasiyalardan biri Ziya Bünyadov prospektində keçmiş Karl Marksdan “Yeganə” şadlıq sarayına gedən ərazidə həyata keçirilib. Belə ki, Xəlil Göyüşovun rəhbəri olduğu “Körpü-Bina-Tikinti” MMC həmin ərazidə yeni körpünün inşasını sifariş alıb. Hətta körpünün istifadəyə verilməsi üçün konkret vaxt da müəyyənləşdirilib: – 2014-cü ilin mayı. Amma ayrılan vəsaitin böyük hissəsi naməlum məqsədlər üçün xərcləndiyindən yeni körpünün istifadəyə verilməsi reallaşmayıb. Bildirilir ki, bu, əsasən mənimsəmə halları ilə bağlıdır. Və “Körpü-Bina-Tikinti” MMC ilə bağlı bu fakt Xəlil Göyüşovun karyerasının sonunu gətirə bilər.