Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (8-09-2014, 23:22)
"Mixaylo"nun oxşarı Qarabağ müharibəsindən danışır - MÜSAHİBƏ

 

Xaliq Baxışov: "Hər səhərimiz güllə-boranla, qanla açılırdı"

Həyatda oxşar insanlar heç də az deyil.Vaxtilə məşhur şəxsiyyətlər, dövlət xadimləri, padşahlar öz oxşarlarını ətrafına toplayaraq müəyyən məqamlarda onlardan istifadə ediblər. Bütün dövrlərdə bu cür oxşarlar olub və var. Hətta Azərbaycanda da Fidel Kastro, Stalin, Barak Obama və başqalarının oxşarına rast gəlinir. "Həftə içi"nin əməkdaşı Bakıda "Uzaq sahillərdə" filmində "Mixaylo" obrazını canlandıran Nador Şaşıqoğlunun oxşarını tapıb.

Hər gün əynində əsgər köynəyi və çiyninədə də çantası Bakı küçələrində paytaxt sakinlərinin qarşısına çıxan bu gənc həqiqətən də son döyüşə gedən partizan "Mixaylo"nu xatırladır. Qarabağ müharibəsi veteranı Xaliq Baxışov elə "Mixaylo" kimi ağır və şərəfli döyüş yolu keçib. 1971-ci ildə Dədə Şəmşirin yurdu olan Kəlbəcərdə doğulan Xalid bu rayonda çox yaşamayıb. Hələ 1 yaşı tamam olmamış onların ailəsi Bakı şəhərinə, Binə qəsəbəsinə köçür. Xaliq Binə qəsəbəsində böyüyür və həmin qəsəbədə də orta təhsilini başa vurur.

Beləliklə, "Həftə içi" qəzeti məşhur partizan "Mixaylo"nun oxşarı olan Xaliq Baxışovu oxucularına tanıtdırır:

- Mən də "Mixaylo" kimi, çox keçməkeşli və odlu-alovlu yollardan keçmişəm. Həyatda hər hansı görkəmli şəxsiyyətin oxşarı olmaq bir tərəfdən adama xoşbəxtlik, şərəf gətirirsə, digər tərəfdən bu məsuliyyətin altına girmək və onun yükünü çiyinlərində daşımaq o qədər də asan deyil. Həyatda qəhrəmana oxşamaq olar, amma qəhrəman ömrünü, onun taleyini yaşamaq çox çətindir. Hələ kiçik yaşlarımda müharibə ilə bağlı filmləri çox sevərdim. Xüsusilə də "Uzaq sahillərdə" filminə nə qədər baxsaydım, doymazdım. Hər dəfə bu film məndə vətənə məhəbbət, sevgi ruhu aşılayırdı, sanki içimdən bir qüvvə baş qaldırırdı. Hələ yeniyetmə yaşlarımda tanıyanlar məni Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə bənzədirdilər. Onda elə bilirdim mən də böyüyəndə "Mixaylo" kimi cəsur, qəhrəman olacağam, vətənimə şərəflə xidmət edəcəyəm. İki qardaş olmuşuq, böyük qardaşım Rəşid qorxmaz, vətənpərvər, cəngavər bir oğul idi. Hələ orta məktəbdə oxuyanda məktəblərarası "Üfüqdə parıltı" hərbi idman oyunlarında hər ikimiz yaxından iştirak edərək məktəbimizə uğur gətirirdik. Rəşidlə mənim hərbiyə böyük həvəsimiz vardı. Çünki həyatda Rəşid özünü Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova, mən isə Mehdi Hüseynzadəyə bənzədirdim. Qardaşım həqiqətən də enlikürək, dağ cüssəli bir oğul olmaqla zahiri görkəminə görə Həzi Aslanovdan seçilmirdi. Deməli, tarixi qəhrəmanlar, demək olar ki, ölmürlər, bəzən vətənin ağır günlərində, müəyyən dövrlərdə onlar həm şəxsiyyətcə, həm də zahiri görkəmlərinə görə bir-birlərini əvəzləyirlər. Elə Həzi Aslanovla qardaşım Rəşid Baxışov kimi. Hər ikisi eyni, oxşar taleli ömür sürdülər. Həzi Böyük Vətən Müharibəsində tank komandiri kimi alman faşistlərinə divan tutdu və qəhrəmanlıqla həlak oldu. Qardaşım Rəşid isə Qarabağ müharibəsi başlayanda əlinə silah götürüb könüllü şəkildə Laçın rayonunda yaranan özünümüdafiə ordusuna qoşularaq düşmən savaşına çıxdı. O da 1992-ci il avqust ayının 4-də Laçının Pircahan kəndinin müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. Onun məzarı paytaxtdakı Şəhidlər Xiyabanındadır, giriş tərəfdən 4-cü qəbirdə qardaşım Rəşid uyuyur. Binə qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən təzə tikilmiş 218 saylı tam orta məktəb və məktəbin yerləşdiyi küçə Rəşidin adını daşıyır.

- Sizi döyüşə aparan yol haradan başladı? Axı, o zamanları bir ailədən iki oğlandan birini ön cəbhəyə aparardılar...
- Doğru deyirsiniz, amma biz kişiyik, başımıza papaq qoymuşuq. Necə ola bilər ki, doğulduğum Kəlbəcər işğal olunsun, yüzlərlə günahsız insan qətlə yetirilsin, soyqırıma məruz qalsın, mən isə başıma yaylıq örtüb qadınların arasında arvad kimi gizlənim? Bəs, mənim kişi qeyrətim? Özünü Həzi Aslanova bənzədən qardaşım uşaqlıq arzularını həyata keçirdi və verdiyi vədə kişi kimi əməl etdi, kişi kimi döyüşdü, qəhrəmancasına həlak oldu. Mən isə digərləri kimi fərarilik edib qaçıb gizlənməliydim və yaxud da evdə oturmalıydım? Axı, məni tanıyanlar hələ uşaqlıqdan "Mixaylo" deyə, çağırırdılar! Əgər Mehdi Hüseynzadə sağ qalsaydı və doğulduğu kənd, vətən hücumlara məruz qalsaydı görəsən, o yerində sakit otura bilərdimi? Vallah, elədiyi şücayətdən daha çox qəhrəmanlıq göstərərdi. Çünki torpağı, vətəni həmişə Mehdi Hüseynzadə, Həzi Aslanov kimi oğullar qoruyub və qoruyacaq da. Mən də vədimə xilaf çıxmadım. Hələ 1988-ci illərdə Azərbaycanda ermənilər azğınlaşmışdılar, silahlı dəstələr torpaqlarımızı işğal edir, günahsız insanları qətlə yetirir, kəndlərimizə od vurub yandırırdılar, sakinlərin mal-qara, qoyun sürülərini qarət edib aparırdılar. O illərdə mənim 17 yaşım vardı və hələ orta məktəbdə təhsil alırdım. Həmin ildən Azərbaycanda "Azadlıq" hərəkatı başlandı. Elə həmin hərəkata ilk qoşulanlardan və indiki "Hökümət evi"nin qarşısında keçirilən ilk mitinqlərin iştirakçılarından biri də mən olmuşam. 1998-1991-ci illərdə Krımda SSRİ ordu sıralarında xidmət etmişəm. Hərbi xidmətdən qayıdan kimi Bakıda dövlət idarələrini mühafizə edən Polis Alayına yazıldım və baş çavuş rütbəsi ilə xidmətə başladım. Amma Bakıda qala bilməzdim. Çünki döyüş bölgəsinə getməli və düşməndən qisas almalıydım. Belə də oldu. Könüllü ərizə əsasında bir çox gənclər kimi, məni də cəbhə bölgəsinə ezam etdilər. Cəbrayıl, Beyləqan, Füzuli və Ağdam bölgələrində gedən qanlı döyüşlərdə iştirak etdim. Mənimlə çiyin-çiyinə döyüşən polis əməkdaşlarının hər biri qorxmaz və cəngavər olmaqla döyüşlərdə igidlik göstərirdilər. Hər səhərimiz güllə-boranla, qanla açılardı. İtkilər versək də, geri çəkilmirdik. Qardaşımın ölüm xəbərini eşidəndə çox sarsıldım, yeganə qardaşım Rəşidi həyatda itirdim. Amma mənfur düşmənə qarşı nifrətim daha da artdı, sanki qollarıma güc-qüvvət gəldi, hər bir qanlı döyüşə inamla, qələbə əzmiylə atıldım. Qardaşımla keçirdiyim uşaqlıq xatırələri gözlərimin önündən kino lenti kimi gəlib-keçdikcə sanki vəhşiləşirdim, gözlərim qızardıqca yerimdə rahat dayana bilmirdim. İstəyirdim ki, hər an, hər dəqiqə döyüşlər olsun, arxalı köpəkləri öldürüm, onların qanını içim.

- "Mixaylo" kimi kəşfiyyata getmisənmi?
- Hərdən kəşfiyyata getməli olurduq və hər dəfə kəşfiyyat dəstəsinə mən rəhbərlik edirdim. Ermənilərin döyüş mövqeyini, hərbi texnikalarının sayını dəqiq öyrənib dəstəyə gələndə komandir zarafatla üzünü mənə tutub deyərdi: " Xaliq, elə sən əsl "Mixaylo"san!.

- Sizin üçün müharibə nədir?
- Müharibə fəlakət və dünyanın məhvi deməkdir. Müharibənin sərt qanunları var, gərək ona düzgün əməl etməyi bacarasan. Hər şeydən əvvəl döyüşlərdən, ölümdən qorxmamalısan. Döyüşlərə inamla, düşməni öldürmək ümidlə getməlisən. Çünki vətən uğrunda döyüşürsən. Həyatda bundan da şərəfli nə ola bilər axı?! Bu gün Kəlbəcərsiz köçkün-qaçqın həyatı sürməkdənsə, qalib bir ordunun əsgəri kimi vətən yolunda ölmək mənim üçün daha şərəflidir.

- Qarabağda savaş başlasa, döyüşə yenidən gedərsinizmi?
- Vətən mənim üçün hər vaxt əzizdir, xüsusilə də doğulduğum ata yurdu Kəlbəcər. Mən 1992-2000-ci ilərdə daim döyüş bölgəsində olmuşam. Müharibə veteranı kimi Daxili İşlər Nazirliyindən mənə "Veteran" Vəsiqəsi verilib. Lakin 1996-cı ildə köhnə veteran vəsiqələri dəyişdiriləndə səhlənkarlıq edib yenisini almadım. Sonra vəsiqələrin dəyişdirilməsi 10-12 ildir dayandırılıb. İndi isə yenidən vəsiqələr verilir, amma mən vəsiqəmi ala bilmirəm. Hətta nazirliyin arxivindən mənim cəbhə bölgəsinə ezam edildiyimi təsdiq edən sənədlər və köhnədən verilən arayışlar da var. Amma nazirlikdə deyirlər ki, nəyə ezam olunmağım o sənəddə göstərilməyib. Mən də cavab verdim ki, polisin əlinə silah verib cəbhəyə, döyüş bölgəsinə pambıq yığmağa göndərmidilər. Mən pambıq yığmağa yox, döyüşə getmişdim və kişi kimi də döyüşdüm. Bunu döyüşçü yoldaşlarım təsdiq edə bilər.

- İndi nə işlə məşğulsunuz?
- Elektrik mühəndisi işləyirəm, geyindiyim bu köynək və bu asma çanta da mənə Qarabağ döyüşlərindən əmanət qalıb. 21 ildir ki, bu köynək əynimdən çıxmır, çantanı isə çiynimdən yerə qoymuram. Ona görə ki, bu köynəyi geyinib, çantanı çiynimdən asanda partizan "Mixaylo"nu öz həyatımda və düşüncələrimdə, davranışlarımda hiss edirəm. Bununla həm "Mixaylo"nu, həm də müharibənin qanlı-qadalı illərini yaşayıram.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024