Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (9-02-2014, 15:25)
“Məni, müharibə jurnalist etdi”- Yaşayan qəhrəman jurnalist

 

 

Bu qədər xidməti qarşılığında hələ də kirayədə yaşayır 

 

Bu gün bizimlə həyatda yaşayan elə qəhrəmanlar var ki, onların nə adının çox çəkildiyini, nə də qiymətləndirildiyini görə bilmirik. Yalançı “qəhrəmanlar” həqiqi qəhrəmanların üzərinə qara bulud kimi elə çöküb ki, yaxşını tanımırıq. Göstərdiyi xidmətlərə görə bu günə qədər qiymət görməyən ağbirçək jurnalist Firuzə Əsədullayeva bütün hallarda “Vətənim sağ olsun” deyir. Onun üçün ətrafı tərəfindən sevilmək, şəhid ailələrindən təşəkkür almaq bəs edir. Bəs Vətən insanı? Vaxtiylə düşmən gülləsinə sinə gərmiş bu xanımın əməyinə, layiqli xidmətinə niyə dəyər vermirik?

“Qafqazinfo.az” adının qarşısında sadəcə “fədakar” titulu olan Firuzə xanımla müsahibəni təqdim edir. Hazırda Firuzə xanım “ Jurnalistlər Ekstremal Şəraətdə” İctimai Birliyinin qurucusu və rəhbəridir.

“Məni müharibə jurnalist etdi”

Firuzə xanım ixtisasca filoloqdur. 20 illik müəlliməlik stajı olan qəhrəmanım sənətini dəyişməsi barədə bunları deyir. “ SSRİ dağılandan az sonra Qarabağ müharibəsi başladı. Elan olunmamış deyilsə də, müharibəyə hazır olmasaq da, başladı. O vaxtlar mən Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində mətbuat katibi işləyirdim. Cəmiyyətin xətti ilə qaçqınlara yardım edir, əlimizdən gələni etməyə çalışırdıq. 1992-ci il idi. Hərbi Hosbitalda yaralıların sayı getdikcə artırdı, şəhidlər verməyə başlamışdıq. O zaman Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına kömək üçün rəfiqəm Məlahət Nəsibovayla birlikdə( Məlahət xanım həmin il Ağdərədə şəhid olub) qərar verdik. Cəmiyyətin xətti ilə Daxili Qoşunların sosial şöbəsində işləməyə başladıq. Biz Hərbi Hosbitala gedir, yaralılarla görüşür, onlara mənəvi dəstək verir, yaralıları siyahıya alırdıq. Müxtəlif bölgələrə səfər edir, özümüzü şəhid olmuş oğul və qızlardan kimisinin üçünə, kimisinin də qırxına çatdırırdıq. Ailələrin dərdinə şərik olmağa çalışırdıq. Hər şəhid ailəsinə baş çəkəndə dayana bilmirdim, onlar haqqında yazmaq istəyirdim. Elə o vaxt işləyə-işləyə məqalələr yazmaq, şəhidlər haqqında araşdırmalar aparmağa başladım. Komandirlərlə görüşür, cəbhə xəttində olmaqdan qürur duyurdum. Şəhidlər barədə yazdığım məqalələr “ Əsgər”, “Ordu”, “Aydınlıq” və başqa qəzetlərdə çap olunurdu. Bu gün də şəhidlərin həyatı ilə bağlı xatirə və araşdırmalarımı davam etdirirəm.

Qoy onu da vurgulayım ki, məni jurnalist edən müharibə oldu. Müharibədə şəhid olan oğlanlar, öz gəlinliyini hərbi paltara dəyişən ismətli qızlar oldu. Bu gün də müharibə zərurəti meydana gəlsə, ora getməyə hazıram.”

“Jurnalistin ağbirçəyi, yaşlısı olmur. Bu vəzifəni şərəfləndirmək gərəkdir”

Nə səbəbdənsə, bu gün müasir jurnalistikamızda belə bir tendensiya var. Jurnalist müəyyən zamandan sonra(yaşı artdıqca) reportyorluq edə bilməz, daha çox oturaq işlə məşğul olması məqsədəuyğundur. Başqa sözlə, yaşlı jurnalistlərin meydanı gənclərə verməsi asanlaşıb. Amma Firuzə xanım illərdir, heç nəyə baxmayaraq, ayaqdadır, tədbirlərdən xəbər tutmaq yox, onun iştirakçısı olmaqdan zövq alır. Elə onun özü də bu barədə fikrini paylaşır: “ Doğrudur, bu gün daha çox gənclər fəallıq göstərirlər. Biz təcrübəli, peşəkar jurnalistlər kimi onlara yol göstərsək də, onlarla eyni sırada addımlamalıyıq. Dünya təcrübəsində jurnalistin yaşı yox, onun peşəkarlığı öndə gəlir. Bu gün məşhur dünya jurnalistləri arasında yaşlı juralistlər hələ də vəzifələrini eyni həyəcanla davam etdirirlər. Mənim sənətim mənim yaşımı gənc edir. Bu sonadək də belə davam edəcək. Əsas cəsarət, təmənna gözləməməkdir”

“Hər jurnalist ekstrimal vəziyyətə hazır olmalıdır”

“Təşkilat yaratmaq fikrim hələ münaqişə ocağıda, cəbhədə olan vaxtlarda meydana gəlmişdi. Təkcə jurnalist yox, hər bir insan ekstremal vəziyyətdə davranışı barədə bilməlidir. Təbii fəlakətlər-zəlzələ, yanğın, sel, bunlar göslənilməz situasiyalardır. Yaxud, müharibə ocağı, etiraz aksiyalarında iştirak etmək özü də jurnalist üçün ekstremal vəziyyət yaradır. Terror aktları da bu qəbildən vəziyyət sayılır. Jurnalistin belə məqamlarda sıravi insandan daha qıvraq davranması, panikaya düşməməsi, həm ətrafdakı insanlara yardım etmək, həm də öz peşə borcunu yerinə yetirməsi gərəkdir. Nəzərə alsaq ki, mən həmin ekstremal vəziyyətlərin iştirakçısı olmuşam, cəbhə xəttində işləmişəm, bunun nə dərəcədə çətin olduğunu da bilirəm. Bu səbəbdən də 2006-ci ildə birliyi qurdum. Bu gün jurnalistlərin çoxu gənclərdir. Müharibə zərurəti yaransa, yenə gənclərin üzərinə iş düşür. Onların təhlükəsiz işləməsi, ucuz ölümdən qurtulması üçün xüsusi qaydaları bilməsi vacibdir. Bizdə bu sahədə dərin araşdırmalar yoxdur. Amma təcrübələrimizi toplamışıq. Yaxın gələcəkdə xüsusi kursların keçirilməsini planlaşdırırıq. Bundan başqa aktual problemin həllinin tapılması üçün iri layihələrin hazırlanması vaxtı çoxdan yetişib.”

“Kitablarımla şəhidləri öz ailələrinə “qaytarıram”

Bu günə qədər iştirakçısı olduğum müharibəylə bağlı beş kitabım çıxıb. Onlardan üçü sırf şəhid bacı və qardaşlarımızla bağlıdır. Hərdən deyirlər ki, sənə qiymət də vermirlər, niyə əziyyət çəkirsən. Amma çox səhv edirlər. Mən bu kitabdakıları ürəyimin “qanı” ilə yazmışam. Sankı yazmaqla təsəlli tapmışam. Hər şəhid ailəsinə bağışladığım kitabla elə bil, onların övladına ikinci həyatı “verirəm”. Həmin sevinci görmək, onların məni bağrına basması, təşəkkürü hər şeyə dəyər. Bundan böyük mükafatım yoxdur.”

“Jurnalistlərimiz çox xarici dil bilsəydi, Qarabağı daha yaxşı təbliğ edərdik”

“Bu gün dünyanın Qarabağın bizimki olduğunu təsdiqləməməsi üçün bir çox səbəblər var. Böyük dövlətlərin çirkin maraqları əsas rol oynayır. Müsəlman –xristian dinlərarası dialoqun işləməməsi də var. Bu qəbildən çox münaqişələrə şahidlik edirik. Özümüzün təbliğat işimizdə çətinliklər çoxdur. İndi bir neçə ilə baxanda diaspora təşkilatlarımız güclənib. Jurnalistlərin bu sahədə də fəaliyyəti zəifdir. Dünyaya açılmaq üçün əcnəbi dil bilmək lazımdır. Bizim jurnalistlərimiz bu cəhətdən tənbəldirlər. Yaxşı olardı ki, heç olmazsa bir xarici dili mükəmməl öyrənmək vərdişi yaranardı.

Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. İndi bir çox tədbirlərin keçirilməsi barədə planlar var. Yenə jurnalistlərin üzərinə yük düşür. İllərdir, bu boyda qətliama səs çıxaran yoxdur. Ən əsası isə odur ki, öz dövlətimiz bu soyqırıma hüquqi status verməyib, rəsmən tanımayıb. Biz bunu bir tarix kimi hər il yaşayırıq.”

“Yaşamağa öz evim belə yoxdur”

Firuzə xanımla söhbətimizin sonunda məni dilxor edən bir məlumat oldu. Bu vətənpərvər qadının bu yaşda hələ də öz evi yoxdur, kirayədə qalır. Çox təəssüfləndim. Hələ onun davranışı məni heyrətə gətirdi. “Bu vaxta qədər heç kəsdən heç nə gözləməmişəm. Kirayədə qalmaq utandırıcı vəziyyət deyil, Vətəni sevməmək, onun sərvətini talamaq, soymaq utana bilən üçün rüsvayçılıqdır. Etdiklərimi, xidmətimi özümü göstərmək üçün etməmişəm, bunun bir səbəbi var. Mən Vətənimi sevirəm və ona xidmətlə rahatlıq tapıram.”

P.S. Kirayədə yaşadığını qeyd etməməyimi istəyən Firuzə xanım belə dedi: “Sonra deyəcəklər ki, bayaqdan ev almaq üçün danışıb”. Məgər bunadamı haqqı çatmır?

Hər halda bundan sonra özünü işgüzar kimi aparan sözükeçən jurnalist təşkilatlarının rəhbərləri belə vətənpərvər həmkarının qiymətini verər.

P.S. Bu arada nədənsə bu fikirlər yadıma düşdü. “Müharibə adamı iki çür olur, bir tankın üstündə şəkil çəkdirənlər, bir də döyüşə tələsənlər”. İnanıram ki, bu yerdə hər kəs öz payını götürəcək.

Raminə Eyvazqızı

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024